İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağa BMT qüvvələri yerləşdirilsin...” - İrəvandan yeni hiyləgər həmlə

İrəvanda təşkil edilmiş mitinqdə hökumətdən Laçın yoluna BMT missiyasının cəlb olunması üçün təşkilata müraciət etməsi, Ermənistanın “artsax”ın “müstəqilliyi”ni tanıması tələb edilir - bir NATO sülhməramlıları qalıb...

Xankəndi-Şuşa yolunun birləşən postunda vətəndaş cəmiyyəti üzvlərinin günlərdir davam edən aksiyasının haqlı tələblərinə heç bir reaksiya verməyən İrəvan yeni həmləyə keçib. “Yeni Müsavat”ın məlumatına görə, bu məkrli plan BMT missiyasını Qarabağa cəlb etməyə hesablanıb. Bu niyyətlə İrəvan Dövlət Universitetinin tələbələri Ermənistan hökumətinin binası qarşısında aksiya keçirərək yazılı tələblər irəli sürüblər.

“Biz Ermənistan hakimiyyətindən BMT Təhlükəsizlik Şurasına təşkilatın Qarabağda və Berdzor (Laçına verdikləri qondarma ad-red.) dəhlizində missiyasının yerləşdirilməsi ilə müraciət etməsini istəyirik”, - deyə bəyanatda bildirilir. Tələbələr qısa müddətdə BMT-nin baş katibinə bu məsələyə reaksiya verməsini istəyiblər. “Bundan əlavə, hakimiyyət "artsax"ın müstəqilliyi haqqında 1991-ci il dekabrın 10-da keçirilmiş referendum əsasında Dağlıq Qarabağ Respublikasının tanınması haqqında qanun layihəsi hazırlayıb Ermənistan Milli Assambleyasının gündəliyinə daxil etməlidir”, - deyə hökumət qarşısında tələb qoyulub.

Qarabağda guya 120 min sakinin “blokadada” olduğu yalanını təkrarlayanlar Paşinyan hökumətinə xatırladıblar ki, “Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tərəflərindən biridir, ondan kənarda qalmaq hüququ yoxdur”. Tələbələr deyib ki, bundan sonrakı addımları hakimiyyətin reaksiyasından asılı olacaq. Yayılan mətndə Rusiya sülhməramlı qüvvələri haqda söz açılmasa da, aydındır ki, bu qondarma tələblər İrəvan hakimiyyətinin başının məhsuludur və həm də Moskvaya qarşı yönəlib. Bu, Rusiyanın şantaj edilməsi, bölgəyə BMT qüvvələrinin yerləşdirilməsinin yeganə çıxış yolu olduğunu deməklə, sülhməramlılara güvənmədiklərinin bəyanıdır. Tələbələrin 1991-ci il dekabrın 10-da keçirilmiş qondarma və heç kimin tanımadığı “referendum”a  əsasən Ermənistan parlamentinin “Dağlıq Qarabağ Respublikasının tanınması” tələbinin səslənməsi də diqqət çəkir.

Məlumdur ki, Ermənistan qondarma qurumu rəsmi olaraq tanımayıb. İndi bu məsələni tələb kimi gündəmə gətirmək də onsuz da az qala gündəmdən çıxmış sülh prosesinin üzərindən xətt çəkmək çağırışı deməkdir. Bu, sülh prosesini dəstəkləyən beynəlxalq qüvvələrə də şantaj və hədədir. Qarabağda sülhməramlıların yerləşdirilməsi üçün Azərbaycanın razılığı lazımdır. Azərbaycan digər təşkilatlara olduğu kimi, BMT-yə də "Dağlıq Qarabağ" əraziləri ilə birgə daxil olub. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyünün ayrılmaz tərkib hissəsi kimi tanıyır. İndilikdə İrəvan, məsələn, Fransa kimi havadarı sayəsində BMT Təhlükəsizlik Şurasında bu avantüranın qəbuluna çalışarsa, aydındır ki, Rusiya buna veto qoyacaq. Maraqlıdır ki, Xankəndidəki qondarma rejimin daha fərqli “təklifi” var.

Bugünlərdə qondarma “xin” rəhbəri David Babayan deyib ki, BMT Təhlükəsizlik Şurası Rusiya sülhməramlı missiyasına beynəlxalq mandat verməlidir. “Onda mümkündür ki, Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu və yerləşdirilməsi 2025-ci ildən sonra da, həm də qeyri-müəyyən müddətə qədər davam etsin. Bu, münaqişənin hərtərəfli həllinə nail olana qədər sülhməramlılar Qarabağda qalmalıdır”, - deyə Babayan sarsaqlayıb. Göründüyü kimi, İrəvan da, Xankəndi separatçıları da müxtəlif manevrlər edirlər, yalvarmadıqları, üz tutmadıqları yer qalmayıb: Aİ missiyası, KTMT-yə müdaxilə çağırışı, Qərb və Rusiya platformalarında daban-dabana zidd bəyanatlar, indi də BMT sülhməramlılarını gündəmə gətirmək göz qabağındadır. Ermənilər bundan sonra NATO sülhməramlı kontingentini də Qarabağa dəvət etsə, təəccüb doğurmaz. Bəs BMT-yə müraciətin arxasında hansı qüvvələr və niyyət dayanır?

ALDP sədri Fuad Əliyevin sözlərinə görə, rus hərbçiləri Qarabağa BMT bayrağı altında yerləşməyiblər, onların heç bir beynəlxalq mandatı yoxdur: “Əslində beynəlxalq mandata ehtiyac yoxdur. Ortada müqavilə var, vaxt göstərilib, hətta tezliklə getməlidirlər. Bununla belə, sülhməramlıların səlahiyyətləri və missiyaları üçtərəfli birgə sənəddə göstərilib. Azərbaycan bir müddət açıqlamışdı ki, rus sülhməramlı qüvvələrinin hüquqi mexanizmi müəyyən edilə bilər. Lavrov da əvvəllər mandatdan danışırdı. Son aylarda isə nə Bakının, nə Moskvanın gündəliyində belə bir məsələ var. Əksinə, onların vaxtından tez getməsi istənilir. Çünki sülhməramlıların fəaliyyəti bizi qane etmir. Amma onları BMT sülhməramlılarının, yaxud missiyasının əvəz etməsi də arzuolunan hal deyil. Rusiya da buna müsbət yanaşmayacaq. Üstəlik, bizim ərazimizdir, Qarabağ Əfqanıstan deyil, burada yaşayan 20-25 min erməniyə görə belə qlobal prosesə zərurət yoxdur”.

Partiya sədri Ermənistanın “artsax”ın müstəqilliyini 32 ildə tanımadığını xatırladıb əlavə etdi ki, Paşinyan buna getməz: “İndi Ermənistan iqtidarı Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi haqda danışır. Artıq "status" da demirlər, o ki qala ikinci qondarma erməni dövlətinin yaradılıb müstəqilliyi tanınsın. Bu halda Paşinyan kobud siyasi səhvə yol vermiş, danışıqları sıfırlamış ola bilər. Bu da növbəti hərbi qarşıdurmalara gətirib çıxaracaq. Çünki Paşinyan Şuşada yallı gedib “Qarabağ Ermənistandır və nöqtə” deyəndə də oxşar səhvi etmişdi, nəticəsi 44 gündə bəlli oldu. Odur ki, istər Paşinyan BMT-yə, istər lap NATO-ya üz tutsun, lap masonlara ağız açsın, onun müraciəti əsasında Laçın yoluna heç bir missiya yerləşə bilməz. İkinci tələb də eynilə - Ermənistan “artsax”ı tanısa, özü prosesi pozacaq və Azərbaycan İrəvanla başqa tonda danışmalı olacaq. Üstəlik, Rusiyanın reaksiyasını nəzərə almaq lazımdır. Bütün bu mitinqlər, çırpıntılar, özlərini daşa-divara vurub həşir qoparmaq ermənilərin çarəsizliyinin göstəricisidir. Ermənilər şivən qoparmaqla, məzlum obrazı düzəltməklə, guya Qarabağ erməniləri “humanitar fəlakət” yaşayır səs-küyü yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə biləcəklərini düşünürlər. Lakin kor-kor, gör-gör ki, Laçın yolunda keçirilən aksiya yolun bağlanmasına səbəb olmayıb. Ərazidə humanitar yüklər daşınır, təminat çatdırılır, heç kəs mane olmur, hətta Xankəndidən təcili tibbi yardımla 60 yaşlı ürək xəstəliyi olan erməni Ermənistana aparıldı, sülhməramlılardan birinin ailəsi postdan keçdi, yəni hər hansı əngəl yoxdur".

Bildirək ki, BMT-nin “Mavi dəbilqəlilər” adlandırılan sülhməramlılarından silahlı münaqişələrin qarşısının alınması və yaxud da tənzimlənməsi üçün Təhlükəsizlik Şurasının (TŞ) qərarı ilə istifadə olunur. BMT-nin Nizamnaməsinə əsasən bu qüvvələr quruma üzv ölkələrin silahlı bölmələri hesabına təşkil edilir. Bundan başqa, müxtəlif beynəlxalq təşkilatların da missiyaları “sülhməramlı missiya” adlandırıla bilər. Onlara misal kimi NATO, KTMT, QAÖİB (Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi), Afrika İttifaqı, ƏDL (Ərəb dövlətləri Liqası) və s. qurumları göstərmək olar. Müəyyənləşdirilmiş qaydalara görə, onlar BMT TŞ-nin mandatına əsasən fəaliyyət göstərə bilərlər. Habelə münaqişə tərəflərinin razılığı əsasında bir ölkənin sülhməramlı hərbi kontingenti də BMT-nin mandatı olmadan müvəqqəti şəkildə münaqişə zonasına yerləşdirilə bilər. Buna misal kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentini göstərmək olar.

Emil SALAMOĞLU  
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR