İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ və Türkiyə-Azərbaycan universitetlərində tibb ixtisası açılması təklifi

Ekspertlər bunu zəruri sayır; gecikmədən addım atmağı tövsiyə edirlər

Ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan Böyük Qayıdış prosesinə start verib. Qarabağda məskunlaşma sıxlaşdıqca burada spesifik sahə uzmanlarına da ehtiyac yaranır, bu isə ümumilikdə ölkədə kadr bazasının möhkəmləndirilməsini tələb edir. Hazırda ölkədə, xüsusilə bölgələrdə kadr çatışmazlığı olan sahələrdən biri də tibb sektorudur. Xeyli sayda həkim vakansiyası boşdur. Eyni zamanda ölkəmizdən çoxlu sayda həkim müxtəlif səbəblərdən xaricə gedir. 

Hazırda Azərbaycanda həkim olmaq üçün cəmi bir neçə ali tibb müəssisəsi mövcuddur: Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi.  Bu isə həkim olmaq istəyənlər üçün dar bir çərçivədir. 

Bu il ölkəmizdə iki yeni nüfuzlu universitet açılır: Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti. Bu beynəlxalq dərəcəli sayılan ali təhsil ocaqlarında tibb ixtisası yaradılması gözlənilsə də, hələlik reallaşmayıb. Məsələn, Qarabağ Universitetində tibb ixtisası açılarsa, xeyli tələbə həmin təhsil ocağında məmnuniyyətlə təhsil alar, xeyli sayda tələbə bu universitetə cəlb olunar.  Bu addım atılmalıdırmı? 

5dae04ed-26ec-4377-bebc-274eccaf8c4e.jpg (109 KB)

Rəşad Mahmudov 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkədə iki yeni nüfuzlu universitetin açılması çox sevindirici hadisədir: “Cənab Prezident tərəfindən verilmiş qərarla ölkəmizdə iki yeni nüfuzlu universitetin açılması çox sevindirici hadisədir. Hər iki universitetin planlamasında tibb fakültələrinin olması bilinən həqiqətlərdir. Ölkəmizdə son illər səhiyyə sahəsində aparılan islahatlar həm də tibb təhsilinə öz müsbət təsirini göstərir. İstər Azərbaycan Tibb Universitetində, istərsə də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında tədrisin həm məzmunu, həm səviyyəsinin son illərdə getdikcə artmasının şahidiyik. Amma bütün bunlara baxmayaraq, dünyada tibb sahəsində müşahidə olunan inkişafı nəzərə alsaq, Avropa ölkələrində, eləcə də qardaş Türkiyədə olduğu kimi, bir çox universitetlərin tərkibində tibb fakültələrinin olması gələcəkdə bu sahədə təhsilin daha da inkişafına gətirib çıxaracaq. Rəqabətlilik şəraitində keyfiyyət daha da artacaq ki, bu da hər bir vətəndaşa veriləcək tibb xidmətinin səviyyəsinin artmasına kömək edəcək. Bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində aparılan islahatlara ən böyük dəstək səhiyyənin təməli olan tibb təhsilinin, həm həkimlər, həm də orta tibb personalı üçün olan təhsil sisteminin ən yüksək səviyyəyə gətirilməsinə nail olmaqdan keçəcək. Düşünürəm ki, yaxın gələcəkdə həm Qarabağ Universitetində, həm də Türkiyə-Azərbaycan Universitetində tibb fakültəsinin ən yüksək səviyyədə tələbələrini qəbul etməsinin şahidi olacağıq. Əminəm ki, Qarabağ Universiteti Cənab Prezident tərəfindən qarşıya qoyulan hədəfə uyğun şəkildə, sadəcə, ölkəmizi deyil, regionumuzu dünyada tanıda biləcək ən yüksək səviyyəli təhsil ocağı olacaq”. 

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb” – Kamran  Əsədov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Azərbaycanda 51 ali təhsil müəssisəsi var. Bu müəssisələrdə 187 min tələbə təhsil alır. Etiraf edək ki, Qarabağ Universitetinin açılması, həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ali təhsil müəssisələri arasında ciddi rəqabət yaradacaq. Çünki hər iki ali təhsil müəssisəsində işçi heyəti kifayət qədər təcrübəlidir. Bir çox amili nəzərə aldıqda Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetindən gözləntilər çoxdur. İlk növbədə nəzərə çarpan cəhət Türkiyə-Azərbaycan Universitetinin əməkdaşlıq etdiyi universitetlərin kifayət qədər nüfuzlu olmasıdır. 30 ildən sonra Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə bu ərazidə təkcə, orta təhsil yox, həm də ali təhsil bərpa olunacaq. Siyasi diqqətlər də bu ali təhsil müəssisələrinin üzərində olacaq. 2024-cü ildə Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır, amma hesab edirəm ki, bu ali təhsil müəssisəsində tibb ixtisası da olmalıdır. Çünki işğaldan azad edilmiş ərazilərdə tibbi kadrlara ehtiyacın ödənməsi üçün Qarabağ Universiteti müstəsna rola malikdir. Nəzərə almaq lazımdır ki, kifayət qədər böyük ərazidir və orada yeni infrastruktur qurulur. Bu da o deməkdir ki, ilkin tibbi yardım, hüquq, iqtisadiyyat, kənd təsərrüfatı və digər ixtisaslardan məzun olanlara ehtiyac var. Tələbələrin pulsuz təhsil alması, işçilərə yüksək əməkhaqqının verilməsi universitetlər arasında yeni rəqabət mühiti formalaşdıracaq. Odur ki, bir neçə ildən sonra Qarabağ Universitetinin dünya reytinqində olduğunu görə biləcəyik. Fikrimcə, Qarabağ Universitetində tibb fakültəsindən başqa, işğaldan azad edilmiş ərazilərdə həm də tibb kolleci olmalıdır. Türkiyə-Azərbaycan Universitetində isə Türkiyədən gələn mütəxəssislər kadr hazırlığına təkan verə bilərlər. Bu gün IV ixtisas qrupunda kifayət qədər yüksək bal toplayanlar tibb ixtisasını seçmək istəyirlər, amma plan yerləri olmur. Digər tərəfdən, ölkədə yarana biləcək kadr çatışmazlığının qarşısının alınması üçün də tibb ixtisasının daha çox universitetdə tədris olunması məqsədəuyğun olar”.

Təhsil eksperti Elçin Əfəndi də Qarabağ Universitetində tibbyönümlü ixtisasların açılmasının zəruri olduğunu bildirib. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR