Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov deputat Eldar Quliyevi hədəf alan açıqlama verib.
Musavat.com Eldar İsmayılovun statusunu təqdim edir:
-Ağsaqqal öz müdrikliyi və ağlı ilə fərqlənməlidir. Yalan, paxıllıq və qeyri dürüstlüyü ilə seçilən insanlar var. Vətənini, Dövlətini, Millətini düşünmədən öz “Kreslosunu” düşünən insanlar da var. Belələri olub da cəmiyyət içərisində “biabırçılıq” nüfuzu yaratmaqdansa olmasaydılar kaş ki. Bu gün saytların birində Azərbaycan “Ağsaqqallar” şurasının sədri, Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, Azər İttifaqin sədri, 2022-ci ildə cənab Prezidentin göstərişi ilə Türkmənistana birlikdə səfər etdiyim Eldar Quliyevin müsahibəsini gördüm. Oxudum və mat-məəttəl qaldım. Adam deyir, məni tanımır, sadəcə orada səhnədə ani olaraq görüb məni. Halbuki, biz onunla səfərə çıxmamışdan qabaq Bakıda, Türkmənistana gedərkən bütün yol boyu və Türkmənistanda forum qurtaranadək birgə olmuşuq. Hələ mənə çıxışından qabaq “göstəriş” də verdi ki, Eldar müəllim, siz 4 dəqiqə danışarsınız, mənsə 18 dəqiqə danışacam. Sonda özü 18 dəqiqə yox, heç 4 dəqiqə güclə öz “mükəmməl” rus danışıq tərzi ilə danışa bildi.
Mən başa düşürəm ki, insan 4 vəzifə daşımaq üçün ya çox ziyalı və ağıllı olmadır ya bu Eldar Quliyev kimi … Bu insan görəsən düşünmür ki, mənə qara yaxmır, Dövləti nüfuzdan salmağa çalışır. Bu gün Azərbaycanda “Ağsaqqal” adı verilən bu adamın heç ağsaqqallıq statusundan, ağsaqqalın böyüklüyündən xəbəri belə yoxdur. Eyibdir Eldar Quliyev, dövlətin verdiyi statusa hörmətsizlik etmək olmaz. Ağsaqqal yalan danışmaz.
Eldar İsmayılovun qəzəbli açıqlaması deputat Eldar Quliyevin mətbuata açıqlamasından sonraya təsadüf edir.
Eldar Quliyev Pravda.az-a açıqlamasında az qala Eldar İsmayılovun varlığından xəbərsiz olduğunu iddia edib:
"Birinci dəfədir eşidirəm. Bizim “Dədə Qorqud”la nə işimiz var?!"
O, istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovla birgə 2022-ci ildə Türkmənistanın ozamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu saxta “Dədə Qorqud” ordeni ilə təltif etməsi barədə yayılan iddialara aydınlıq gətirib.
Eldar Quliyev bildirib ki, sözügedən tədbirə Türkmənistanın Azərbaycandakı o vaxtkı səfiri ilə birgə gedib. “Bizi Azərbaycan Ağsaqqallar Şurası olaraq dəvət etmişdilər. Türkmənistana mən, Eldar İbrahimov və Vahid Novruzov - üç nəfər professor nümayəndə heyəti türkmən səfirlə birgə uçmuşduq. Xeyli dövlətlərin nümayəndələri həmin tədbirə gəlmişdilər. Eldar İsmayılovu orada birinci dəfə gördük. Heç mən onu Azərbaycanda tanımıram. “Dədə Qorqud” ordeni də ona aiddir, bizə yox. Yayılan xəbərlərə heç baxmamışam. Birinci dəfədir, eşidirəm. Bizim “Dədə Qorqud”la nə işimiz var?!
Eldar İsmayılov özü ayrıca gəlmişdi. Dəvət olunub-olunmadığını da heç bilmirik. Tədbirdə tanış olduq. Dedi ki, mən azərbaycanlıyam. O özü Qurbanqulu Berdiməhəmmədovu təbrik etdi. Hətta Bakıya da ayrı qayıtmışıq. Sonra da onu görməmişəm. Eldar İsmayılov həmin görüşdə heç yanımızda da oturmamışdı. Qurbanqulu Berdiməhəmmədov şəxsən həmin tədbirdən sonra mənimlə də, Eldar İbrahimovla da ayrı-ayrı görüşüb. Qəbulunda olmuşuq. Yəni bizim “Dədə Qorqud”a heç bir aidiyyatımız yoxdur, olmayıb da. O adamı da tanımamışıq. Bilirsiniz ki, cənab Prezident İlham Əliyevin dəvəti ilə Qurbanqulu Berdiməhəmmədov bu yaxınlarda Azərbaycana gəlmişdi. Parlamentdə bizimlə görüşdü. Sahibə Qafarova və mənimlə birgə şəkli də var. Türkmənistanın Azərbaycandakı səfiri xahiş etmişdi ki, deyiblər, görüşdə mən də iştirak edim. Azərbaycanda Ağsaqqallar Şurasının sədri mənəm, Türkmənistanda isə Qurbanqulu Berdiməhəmmədov özüdür. Sonra da Şeyxülislam Allahşükür Paşazadə dəvət etmişdi, orada da görüşdük. Deməyim budur ki, görüşlərimiz dövlət səviyyəsində keçirilib. Kimsə bu barədə əks bir şey yazırsa, şərdir. Belə getsə, məcbur olacağıq, onları məhkəməyə verək. Hansı əsasla bu xəbəri yazırlar?!”
Xatırladaq ki, oktyabrın 1-də saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar. DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan - “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar. Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ