İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ üçün kritik nöqtə: Bakı SSRİ-nin səhvini təkrarlamayacaq! 

Rusiya və Qərb arasında sülh müqaviləsi ətrafında “yarış” qızışır; Azərbaycan hansı variantı seçəcək...

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı “kartlar” açılır. Xəbər verdiyi kimi, artıq Qərbin (ABŞ və Avropa Birliyi) və Rusiyanın hər birinin öz sülh sazişi variantlarına malik olması haqda məlumatlar yayılıb. Rusiya variantında Moskva Qarabağ ermənilərinə uzaq perspektiv üçün hansısa status təklif elədiyi bildirilir. “Qərb variantı”nda isə belə bir istək və ya Bakıya qarşı tələb yer almır, çünki hesab edilir ki, status illərlə vaxt aparan olduqca yorucu, vaxt aparan mövzuya çevrilə bilər. O səbəbə tərəflər arasında yeni müharibəni istisna eləmək üçün problemin bu mərhələsini qapatmaq xətti götürülüb. 

Üstəlik, erməni mənbələrinin iddiasına görə, kollektiv Qərb ilin sonunadək Ermənistanın baş naziri Nikol Paşinyandan Bakı ilə sülh müqaviləsini imzalamağı tələb edir. Rusiyadan isə belə bir tələb səslənməyib. Moskva Ukrayna konfliktini bəhanə edərək tələsmir. Hərçənd tərəflər arasında ədalətli sülhə nail olmaq üçün Kremlin əlində hələ də yetərli resurslar var. Yəni Rusiya səmimi şəkildə istəsə, Bakının 5 məlum prinsipi əsasında danışıqlarda Qərbi qabaqlaya, daha böyük nəticəyə nail ola bilər.

*****

Diqqətçəkicidir ki, artıq qardaş Türkiyə də danışıqların həlledici mərhələsinə qatılıb. Başqa sözlə, Ankara da “işin içindədir”. Demək, prosesin məhz Azərbaycanın təqdim elədiyi gündəm üzrə irəliləməsi ehtimalı artıb. Keçən həftə Praqada Rəcəb Tayyib Ərdoğanla Paşinyan arasında ilk dəfə baş tutan görüş bu yöndə qənaəti gücləndirir.

“Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılığa gəlib, qalır indi bunu həyata keçirmək”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sülh prosesini və son danışıqları dəyərləndirərkən deyib.

“Biz jestlər edirik. Rəsmi İrəvan bu jestləri qiymətləndirməlidir”, - Çavuşoğlu vurğulayıb.

Türkiyənin baş diplomatı həmçinin regionda stabilliyin son dərəcə vacib olduğuna diqqət çəkərək deyib: “Lakin əlbəttə, Ermənistanın yaşadığı travmaları var. Biz 30 il ərazində işğal etdiyi torpaqları öz torpaqları hesab edən ölkə və millətdən danışırıq. Bu savaş artıq bitib. Ermənistan baş naziri Nikol Paşinyana Ermənistan xalqının dəstək verməsi onların sülh istəməsi deməkdir, amma sülhü istəməyənlərin səsi daha çox çıxır. Ermənistan anlamalıdır ki, burada qalıcı sülh üçün addımlar atmaq lazımdır”.

Mövlud Çavuşoğlu: "Ermənistan dərhal təxribatlara son qoymalıdır" -  Anmedia.az

 Mövlud Çavuşoğlu

Türkiyə XİN rəhbərinə görə, Bakı və İrəvan arasında son danışıqlar əvvəlkilərdən daha uğurlu keçib: “Azərbaycan və Ermənistan qalıcı sülh sazişi imzalamalıdır. 5 əsas prinsip ətrafında anlaşma var. Onları reallaşdırmaq lazımdır”.

*****

“Bakının məqsədi hərbi əməliyyatlarla deyil, diplomatiya və sülh sazişinin imzalanması yolu ilə Qarabağa tam nəzarəti ələ keçirməkdir. Bundan ötrü o bütün imkanlardan istifadə edir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu isə Minval.az-a rusiyalı tanınmış politoloq Sergey Markov söyləyib.

Sergey Markov: Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan inkişaf  etmək imkanı qazandı - AZƏRTAC

Sergey Markov

Danışıqlar prosesinin gedişinə toxunan ekspert bildirib: “Hazırda bütün dialoqlar gizli saxlanılır. Ona görə də təfərrüat məlum deyil. Lakin bəllidir ki, Ermənistan sülh sazişi bəndinə Azərbaycan tərəfi üçün öhdəlik əlavə etməyə çalışır. Söhbət Qarabağın erməni icmasına Azərbaycan daxilində muxtariyyət verilməsindən gedir. Bu muxtariyyət Paşinyanın ideyasına görə, demək olar ki, müstəqilliyə yaxın olmalıdır. Azərbaycan isə bildiyimiz kimi, israr edir ki, muxtariyyət olmayacaq və Qarabağın statusu Azərbaycanın digər rayonlarının statusundan fərqlənməyəcək”.

Politoloqun sözlərinə görə, Bakı Azərbaycan SSR-in tərkibində Qarabağdakı ermənilərin əvvəlki muxtariyyəti ilə bağlı çox kədərli və neqativ təcrübəyə malikdir. “Elə həmin muxtariyyət də konfliktin səbəblərindən biri idi. Ona görə də sovet rəhbərliyinin bu səhvini xatırlayan Azərbaycan onu təkrarlamayacaq”, - deyə Markov əlavə edib.

*****

Lakin erməni tərəfinin danışıqların hazırkı mərhələsində də oyun oynadığını düşünən təhlilçilər var.

“Ermənistan yenə köhnə taktikadan istifadə edir. Bu taktikanın məqsədi şərti sərhəddə təxribatlar yolu ilə gərginlik məsələsini gündəmə gətirmək və beynəlxalq aləmin diqqətini buna yönəltməklə xarici qüvvələri bölgəyə cəlb etməkdir”.

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib .

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Onun fikrincə, rəsmi İrəvan Moskvanın regionu tərk etmə ehtimalından ehtiyat edir: “Çünki Ermənistan Rusiya Qafqazı tərk etdikdən sonra ilhaq siyasətinin iflasından qorxur. İndi də İrəvan böyük dövlətlərin arxasında gizlənməyə və öz siyasətini davam etdirməyə ümid edir. Qərbin Rusiyaya qarşı regionumuzda "ikinci cəbhə" açmaq planı da sərhəddə baş verənlərin əsas səbəblərindən biridir. Rusiya və onun rəqibi Qərb münaqişəni nəzarətdə saxlamaqla regionu idarə etmək istəyir".

*****

Sonda qeyd edək ki, sabah - oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının sammiti keçiriləcək. Toplantıya Azərbaycan və Ermənistan liderləri də qatılacaq. Bəzi bilgilərə əsasən, Astanada Putin-Əliyev-Paşinyan formatında görüş reallaşa bilər.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Politoloq Asif Nərimanlı istisna eləmir ki, Moskva Qərbin vasitəçiliyi ilə qurulan təmaslardan tutmuş, Praqa anlaşmasına qədər, bütün məsələləri arxa plana keçirməyə çalışacaq.

“ABŞ Qərb masasındakı anlaşmaları qorumağa və tərəflərin buna sadiqliyini saxlamağa çalışır. Burada diqqətçəkən məqamlardan biri rolların dəyişməsidir: adətən Rusiya Qərb masasındakı görüşlərdən öncə tərəflərlə "saatları yoxlayırdı", indi bunu ABŞ edir və bu, Cənubi Qafqazda Vaşinqtonun önə çıxdığına işarədir. Hərçənd Putinin prosesi pozmaq imkanı hələ də tükənməyib", - deyə o ehtimal edib.

Şübhə yox ki, rəsmi Bakı sülh müqaviləsi ətrafında mümkün fors-major vəziyyətlərin hamısını göz önünə alır və yüzdə-yüz buna uyğun, real və adekvat addımlar atacaq. Hədəfimiz isə yerindədir: Ermənistanla sülh müqaviləsinin bacardıqca tez imzalanması və sənəddə Qarabağ ermənilərinə hər hansı statusun nəzərdə tutulmaması.

Bu variantı tərəflərə Qərb Rusiyadan daha tez təqdim edəcəksə, o zaman onun variantı qəbul ediləcək. Odur ki, Moskva prosesə süni əngəl yaratmaqdansa, tələssə yaxşıdır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR