İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara kürü bazarı- kilosu 2000 manat

 

Ekspert: “Süni kürünü sexlərdə yumurta zülallarından düzəldirlər və...”

Xəzər dənizinin qara kürüsünün satışına icazə verilməsə də, bəzi restoranlarda qara kürüyə rast gəlinir və qiyməti də çox ucuzdur. Bəzi restoran işçiləri bildirir ki, ölkəyə kürü Rusiyadan gətirilir və yüz qramı 340 manatdan başlayan kürüyə tələbat ölkədə az olduğundan, bir çox satış məntəqələrində tapmaq olmur. Bu barədə Bizimyol.info bildirib. 

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkəyə xaricdən də qara kürü gətirilir. Eyni zamanda Həştərxanda süni qara kürü istehsalı da mövcuddur. Bu, Azərbaycanda da var. Onlar çox ucuz qiymətə satılır. “Süni kürünün qablaşdırılmasının arxa tərəfində onun süni kürü olduğu qeyd olunur. AQTA isə onun təhlükəsizliyinə təminat verir və necə deyərlər, o yazını görüb, "okey" deyir. Beləliklə, kürü Azərbaycan bazarına buraxılır. Şübhəsiz ki, qara kürünün qeyri-qanuni istehsalı müəyyən əllərdədir. Çünki biz buna hər yerdə, hətta açıq şəkildə satışına da rast gəlirik. Ancaq “Caspian fish”in bazarlara verdiyi kürülər qablaşdırılmış formada olur. Düşünürəm ki, açıq şəkildə istehsal olunan kürülər qeyri-qanuni şəkildə istehsal olunmuş kürülərdir. 

Bu sahəyə nəzarət çox zəifdir. Azərbaycanı kürü ölkəsi bilib, qara kürü adı altında süni kürü alan turistlər də az deyil. Çox təəssüf ki, məsələ beləcə açıq qalıb. Ona görə də istehlakçılara tövsiyə edirəm ki, kürü aldığınız zaman onun üzərindəki yazıları diqqətlə oxuyun və nərə balığının şəklinə inanmayın. Üzərində süni kürü yazılan məhsulların həqiqətən də süni olduğunu bilin, bəzən qeyri-peşəkar adam bunları ayırd edə bilmir" - deyə, qida eksperti qeyd edib. 

Oxu.az - Kürünün bir kiloqramı 2500 manata satılır - VİDEO

Yeri gəlmişkən, Azərbaycan qanunvericiliyi nərə balıqlarının ovlanmasını qadağan edir. Bu qadağa nərə balıqlarının populyasiyasını qorumaq və bərpa etmək üçün tətbiq edilib. Hazırda Xəzər dənizində nərə cinsli balıqların sayı kəskin şəkildə azaldığından təbiətdən əldə olunan kürü yüksək qiymətləndirilir və çox baha təklif olunur, lakin cinayət məsuliyyəti yaratdığından açıq satılmır. Buna görə də dənizdən əldə olunmuş bir neçə kiloqram kürü almaq təklifi dərhal şübhə doğurmalıdır. Cinayətə ortaq olmamaq və Xəzər dənizinin unikal ekosisteminə bərpası mümkün olmayan ziyan vurmamaq üçün belə təklifdən qəti imtina etmək tövsiyə görülür.

Qeyd etmək yerinə düşər ki, kürünün tərkibində insan sağlamlığı üçün kritik əhəmiyyət kəsb edən qidalı maddələr, o cümlədən asan mənimsənilən zülallar, yağlar, vitaminlər, fermentlər, minerallar və digər bioloji aktiv maddələrin kompleksi cəmləşir. Növündən asılı olaraq kürünün tərkibində zülallar 21-30 % təşkil etməklə, tamdəyərli sadə komponentlərdən (qlobulinlər - 11-13 %, albuminlər - 2-4 %) və az miqdarda kollagenlərdən (qılaf proteinləri) ibarətdir. Mürəkkəb zülallara aid olan və spesifikliyi ilə seçilən ixtulinin (fosfoproteid) kürünün tərkibində çox olmasına baxmayaraq, digər proteidlərə, o cümlədən qliko və lipoproteidlərə də rast gəlinir. Spektrinə görə kürü zülalları aminturşuları ilə zəngindir. Əvəzolunmaz aminturşuları da (lizin, triptofan, metionin, leysin, izoleysin, valin və s.) daxil olmaqla, demək olar ki, digər bütün aminturşuları balanslı şəkildə kürünün tərkibində mövcuddur.

Nərəkimilər dəstəsinə mənsub olan balıqlardan əldə olunan kürünün tərkibində yağların miqdarı 13-18 % təşkil edir. Bundan başqa, nərəkimilərdən əldə olunan kürüdə yağ kürünün mərkəzi hissəsində, qızılbalıqkimilərin kürüsündə isə qabığın altında toplanır. Odur ki, lipidlərin oksidləşməyə məruz qalması səbəbindən qızılbalıqkimilərin kürüsü bəzən acı dadır. Kürünün fosfolipidlərlə, xüsusilə lesitinlə zəngin olması onun özəl xüsusiyyətlərindəndir. Qeyd edək ki, tərkibində 1-2 %-ə qədər lesitin olan nərə balığının kürüsü qida əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Lipidlərin tərkibində mövcud olan doymuş yağ turşuları ilə müqayisədə Omega - 3, Omega - 6 və Omega - 9 şəklində təmsil olunan mono və polidoymamış ali yağ turşuları (olein, qadolein, nervon, linol, linolen, eykozadien, eykozatrien, araxidon və s.) üstünlük təşkil edir.

Kürü həm də vitamin kompleksi mənbəyidir. Belə ki, bu məhsulun tərkibində yağda həll olan vitaminlərlə yanaşı (A, D, E, K), suda həll olan B qrupu vitaminləri (B1, B2, B3, B4, B5, B6, B9 və B12 ) də vardır. Niasin (B3), xolin (B4), pantoten (B5) və fol turşusu (B9) kimi tanınan və digər qida məhsullarında az tapılan vitaminlərin də kürünün tərkibində çox olması onun qida dəyərini daha da artırır.

Bəs sağlamlıq üçün kürülərin real, yoxsa saxta olmasını necə ayırd etmək olar? 

Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizində ekspedisiyada olub

Süleyman Süleymanov

Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının müdiri, dosent Süleyman Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində saxta kürü ilə əsl kürünü tanımaq çətin deyil: “Saxta kürü boş olur, müəyyən müddət qalandan sonra kütlə kimi bir-birinə qarışır. Ümumiyyətlə, Xəzərdə nərə balığının kürüsünün ovlanması, əldə olunmasına icazə yoxdur. Amma o qədər qapalı sistemlər var ki, artıq orada kürü əldə olunur və onu restoranlara, digər xarici ölkələrə ixrac edirlər. Adi "8-ci kilometr bazarı"nda farel balıqları satırlar. Həmin balıqların kürülərini yuyur, təmizləyir, satırlar. Yəni o, əsl kürüdür. Amma bizim ölkədə saxta kürülər də çox satılır. Adi toylarda masalara düzülür, deyirlər əsl kürüdür. Yalandır, əsl kürülər tanınır. Turşməzə olur, onların möhkəmliyi olur. Balıqların kürüləri də müxtəlifdir, misal üçün nərənin kürüsü başqadır, dadı da fərqlidir. Kürünün keyfiyyəti necə bilinir? Birinci, ikinci, üçüncü mərhələyə görə qiymətləri  üstündə yazılır. Yalançı kürünü ancaq mütəxəssis tanıya bilir. Yəni bundan başı çıxan adam yeyən kimi dadından bilir. Adi mağazada görürsən ki, qızıl balığın kürüsünü 3 manata satırlar. Amma “8 ci kilometr bazarı”dan alırsan, misal üçün, farel kürüsünün yüz qramı 15 manatadır. Qaldı ki, nərə cinsli balıqların kürüsü- bunlar qapalı sistemdə artırılır, bunlardan kürü alınır, ixrac olunur. Lazım olanda kimlərsə tanışlıqla onlardan alır, yəni bunlar orijinal kürüdür". 

Mütəxəssis əlavə edib ki, artıq Xəzərdə o cür kürülü balıqlar əldə etmək çətindir:  “Yəni azdır. Əvvəlki illərlə müqayisə edəndə 40-50 dəfə azalıb. Əsl kürülərin də qiyməti 1500-2000 manatadır. Süni kürünü sexlərdə yumurta zülallarından düzəldirlər. Amma bu cür süni kürülər bizim ölkədə istehsal olunmur, xaricdən gətirilir”.

Yeri gəlmişkən, 2023-cü ilin yanvar ayında Azərbaycana 156.72 min dollar dəyərində 520 kq nərə balığı kürüsü idxal edilib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici 2022-ci ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 3.7% və ya 20 kq, məbləğ baxımından isə 10.9% və ya 19.23 min dollar azalıb. Ötən ilin yanvar ayında ölkəyə 175.95 min dollar dəyərində 540 kq nərə balığı kürüsü gətirilib. Qeyd edək ki, cari ilin yanvar ayında nərə balığı kürüsünün bir kiloqramının orta idxal qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5% azalaraq 301.3 dollar ( 512.2 AZN) təşkil edib. Hesabat dövründə Azərbaycana gətirilən nərə balığı kürüsünün 100%-i Çindən idxal edilib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR