İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalib komandan, tarix yazan lider, azad Qarabağın memarı

Azərbaycanı qlobal siyasətin uğurlu oyunçusuna çevirən Prezident İlham Əliyevin doğum günüdür

Bu gün, dekabrın 24-ü Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil alıb.

1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 

Screenshot_2.png (454 KB)

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini əldə edən İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkisi isə de-fakto Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilib. Seçkilərdə seçici fəallığı 76,43 faiz olub. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, İlham Əliyev Azərbaycan dövlətinin Prezidenti seçildikdən sonra Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək, ölkə qarşısında duran bir çox məsələlərin həllinə nail oldu: “Azərbaycan özünün müstəqil daxili və xarici siyasətini ortaya qoydu, dövlətimizin dünya birliyində layiqli yer tutmasına nail oldu. Eyni zamanda Ermənistanın Azərbaycanın topraqlarının işğalından irəli gələn problemlərin həlli ilə bağlı çox ciddi surətdə məşğul olmağa başladı, silahlı qüvvələrimiz gücləndirildi, müasir silahlarla təchiz edildi və Azərbaycanın hərbi qüdrəti keçmiş Dağlıq Qarabağ probleminin həllində əhəmiyyətli rol oynadı. Həm ordu quruculuğunda, həm iqtisadi sahədəki müsbət nəticələr, eyni zamanda beynəlxalq birlikdə Qarabağ həqiqətlərinin əsasən qəbul edilməsi 44 günlük Vətən müharibəsində, sonra isə bir günlük antiterror əməliyyatında suverenliyimizin bərpa edilməsinə gətirib çıxardı. İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi dəfələrlə artdı”. 

99812.jpg (346 KB)

A.Mirzəzadə vurğuladı ki, İlham Əliyev uzaqgörən siyasəti sayəsində beynəlxalq birlikdə eşidilən və fəaliyyəti izlənilən siyasi lider kimi qəbul edilib: “Cənab İlham Əliyevin ən böyük uğurlarından biri isə Azərbaycanda milli birliyin möhkəmləndirilməsi, xalq-iqtidar birliyinə nail olmasıdır. İlham Əliyev xalqın içindən çıxmış dəyərli vətəndaşdır. O, cəmiyyətin problemlərini bilir. Eyni zamanda bu problemlərin həllinə dair çox aydın proqramlara malikdir. Bunun sayəsində problemlər həllini tapır. Bu gün Azərbaycan vətəndaşı təhlükəsiz mühitdə yaşayır. Azərbaycan vətəndaşı bütün demokratik hüquq və azadlıqlara malikdir. Müasir tələblərə cavab verən təhsil, səhiyyə sistemi formalaşıb. Azərbaycan infrastrukturu yenidən qurulub. Azərbaycan mədəniyyət və incəsənətinin inkişafına çox böyük diqqət ayrılır. Azərbaycan bu gün beynəlxalq aləmdə çox fəal, konstruktiv rol oynayan aktorlardan biridir. Cənab Prezidentin fəaliyyəti nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri seçildi. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına uğurla rəhbərlik etdi. Cənab Prezident Azərbaycanın D-8 kimi nüfuzlu beynəlxalq təşkilata üzv seçilməsinə nail oldu. Azərbaycan BRİCS-də gələcək üzv kimi çox hörmətlə qarşılanır. Və Azərbaycan vətəndaşı bu gün Cənab İlham Əliyevin timsalında özünün problemlərini həll edən, onu layiqincə təmsil edən, mənsub olduğu dövləti qüdrətləndirən lider görür. Ad günündə cənab İlham Əliyevi təbrik edir, böyük uğurlar arzu edirik, ona inandığımızı bildiririk. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq”.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a şərhində Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərinə diqqət çəkdi: “Liderlik, sadəcə, pərdəarxası oyunlar, manevrlər, bir çox halda isə təsadüflər nəticəsində siyasi proseslərin ön cərgəsinə çıxmaq bacarığı, yaxud imkanı deyil, daha çox öz xalqının maraqlarını sonuna qədər, qətiyyətlə, bir addım geriyə çəkilmədən, dəmir məntiqə, iti zəkaya əsaslanaraq müdafiə etməkdir. Eyni zamanda istibdadın, zülmün, neokolonializmin məngənəsində sıxılan xalqların hüquq və azadlıqlarını qorumaq, başqalarına münasibətdə də ədalətli olmaq məharətidir. Siyasi liderlərin cılızlaşdığı və bir çox halda, nəinki yönəltdikləri dövlətlərin, hətta təmsil etdikləri siyasi qrupların "sərhədlərini qorumaq" potensialına malik olmadığı, gücün ədalətə, istibdadın istiqbala meydan oxuduğu müasir dünyada belə şəxsiyyələrin sayı çox azdır. Hətta bir əlin barmaqlarının sayı qədər də deyil... 

prezident-xeberdarliq.jpg (270 KB)

Məhz bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə yanaşı, dünyanın ədalətsiz düzənindən əzab çəkən, bu və ya digər səbəblərdən hüquq və azadlıqlarını açıq, cəsarətli və qətiyyətli bir şəkildə müdafiə edə bilməyən xalqların yanında olması, hətta onların rəhbərlərinin deyə bilmədiklərini yüksək məntiq və prinsipiallıqla dilə gətirməsi XXI əsr üçün özündə klassik liderlik ənənələri ilə çağdaş düşüncəni birləşdirən fenomenal liderlik nümunəsi kimi dəyərləndirilə bilər. Bu xüsusda, əsərlərinə tez-tez müraciət etdiyim böyük rus filosofu Nikolay Berdyayevin insan azadlığı ilə bağlı məqaləsindən gətirəcəyim kiçik bir iqtibasla fikirlərimi əsaslandırmaq istəyirəm. Nikolay Berdyayev yazır: “Azadlıq, ən dərin qatlarda hüquq deyil, vəzifədir, insanın tələb etdiyi yox, əsl insan olmaq üçün ondan tələb olunandır”.

Bəli, yalnız haqqın keşiyində dayandıqlarına əmin olanlar azadlığı ilk növbədə öz vəzifələri hesab edir və başqalarının azadlığı, hüquqları uğrunda yorulmadan, hətta qeyri-bərabər şəraitdə belə mübarizə apara, qalib gələ, tarixin axarını belə dəyişməyi bacarırlar.
İlham Əliyev Azərbaycanın Prezidenti seçildiyi gündən ölkəmizə qarşı həyata keçirilən saysız-hesabsız yalan və böhtan kampaniyaları, sabotaj, təhdid və təzyiqlərlə, ölkəmizin inkişafdan saxlanılmasına, “buyruq quluna” çevrilməsinə xidmət edən çoxsaylı ssenarilərin müəllifləri və icraçıları ilə mücadilə aparıb və qalib gəlib".

E.Mirzəbəyli Prezident İlham Əliyevin bir azərbaycanlı və bir övlad olaraq atasının və ataların vəsiyyətinin yerinə yetirilməsi istiqamətində bu gün sözlə ifadə edilməyəcək qədər çətin bir vəzifəni addım-addım, səbirlə, inadla, xalqını kataklizmlərdən, məhrumiyyətlərdən qoruyaraq yerinə yetirməyi bacardığını vurğuladı: “Geridə qalan zaman kəsiyində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarını incələdikcə, sözügedən sahələrdə atılan addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik. Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları vahid Vətən ideyası altında birləşdirən, böyük hədəflərə doğru aparan, mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanın lideri, Qələbəmizin memarıdır. Bu baxımdan, Prezident İlham Əliyev böyük bir coğrafiyada zülmə məruz qalan, haqqı tapdanan, öz tarixi vətəninə, ana südü kimi halal torpağına, tarixinə, mədəniyyətinə və gələcəyinə sahiblənmək istəyən bütün xalqlar üçün liderlik nümunəsidir. 

Screenshot_1.png (545 KB)

Bu gün dünyada, xüsusilə də yaşadığımız bölgədə baş verən hadisələr Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına, çaylarına, bütövlükdə hər qarışına ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar, yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik. Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin bitib tükənməyən tələlərindən sıyrılaraq dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsini yazmaq, sadəcə, iti zəka, strateji düşüncə deyil, Vətəninə və xalqına nəhayətsiz sevgi, ideallarına sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir.

Bizi təslimçi sülhə sövq etmək, meydanda tək qoymaq, hər cür dəstəkdən məhrum etmək istəyənlərin oyunlarını, Azərbaycan xalqının və dövlətinin müqavimətinin qırılmasına xidmət edən “rəngli inqilab” ssenariləri, milli birliyimizin pozulmasını, milli-mənəvi dəyərlərimizin sıradan çıxarılmasını hədəfləyən layihələri, “beşinci kolon”un xəyanətlərini və daha nələri... unutmamışıq. Bu günün yol ayrıcından geriyə baxanda, bütün bu ədalətsizliklərin, haqsızlıqların və xəyanətlərin fonunda, yalnız İlham Əliyevin İkinci Qarabağ savaşında əldə etdiyimiz Zəfərlə işıqlanan qalib və aydın obrazını görmək mümkündür. 

652bd8c0e8921652bd8c0e89221697372352652bd8c0e891d652bd8c0e891f.jpg (308 KB)

Bütün bu təzyiqlərin əsas hədəfi isə Azərbaycanı inkişafdan saxlamaq, ölkəmizdə dirijor çubuğu, yaxud “fit”lə idarə olunan marionet idarəçilik rejimi formalaşdırmağa, dövlətimizi, ordumuzu gücləndirməyə və təbii ki, Qarabağımızı azad etməyə imkan verməməkdən ibarət idi...

Amma Azərbaycan öz liderinin qətiyyəti və ölkəmizin gələcəyi ilə bağlı aydın təsəvvürlərə, strateji baxış bucağına, konseptual yol xəritəsinə malik olması səbəbindən, üzərinə dünyanın dörd bir yanından hücum çəkən şərə, qaranlığa, ədalətsizliyə sinə gərməyi və bu qeyri-bərabər mücadilədə müzəffər olmağı bacardı. İndi bizi heç kim mühakimə edə bilməz. Çünki həm güclü, həm də haqlıyıq!"

“Yeni Müsavat” Media Qrupun təsisçisi Rauf Arifoğlu və kollektivimiz adından Cənab Prezident İlham Əliyevi təbrik edir, ona cansağlığı, daim müvəffəqiyyətlər arzulayırıq.

 

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR