İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazda üçqütblü qorxunc qlobal savaş başlayır: Ukrayna və Suriya böhranlarının ağırlıq mərkəzi bu regiona keçirilir

Birinci qütbü ABŞ və Qərbin Ermənistan üzərindən Rusiya-İran cütlüyünə qarşı açmaqda olduğu "ikinci cəbhə" təşkil edir... Azərbaycan-Türkiyə qütbü isə digər iki tərəfin eyni vaxtda məğlubiyyətinə səbəb olacaq geopolitik manevrlər şansına malikdir...

Ukrayna savaşı artıq aktiv mərhələdən daha passiv fazaya keçirilmək üzrədir. Belə ki, ABŞ və Qərb Ukrayna savaşı sayəsində qarşıya qoyulan strateji hədəfə böyük ölçüdə nail olmuş kimi görünür. Çünki Rusiya bu "savaş bataqlığı"nda ciddi şəkildə zəiflədilib. Kreml geopolitik iradəsi Rusiyanın sərhədləri daxilinə qapadılıb. Yəni, Rusiya ikinci dünya müharibəsindən sonra qazandığı bütün qlobal hərbi-siyasi mövqeləri artıq böyük ölçüdə itirib. Və bu baxımdan, Qərb siyasi dairələrində Ukrayna savaşının dayandırılmasının mümkünlüyü indi əsas müzakirə mövzusudur.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı Suriya böhranının nizamlanmasında da xüsusi rol oynayıb. Belə ki, Ukraynada "savaş bataqlığı"nda çabalayan Rusiya Suriyada Əsəd rejiminin mövcudluğunu qorumaq üçün yetərli resurslara malik olmayıb. Nəticədə Kreml nə qədər etiraf etmək istəməsə də, Rusiya yalnız Suriyanı deyil, həm də Yaxın Şərqdəki geopolitik mövqelərini də itirib. Və bu baxımdan, Rusiya-İran cütlüyü Suriya böhranının indi ortaq məğlubları olaraq, olduqca qəliz situasiya ilə üzləşmiş kimi görünürlər.

Məsələ ondadır ki, hazırda bu iki dövlətin daha bir strateji regionda oyundan kənar vəziyyətə salınma ehtimalı ön plana keçməyə başlayıb. Hər halda, Ukrayna savaşında zəifləyən, Suriyada məğlub olan Rusiya üçün Cənubi Qafqazın strateji əhəmiyyəti daha da artıb. Halbuki, mövcud situasiya Rusiyanın Cənubi Qafqazda da təsir mexanizmlərinin öz effektivliyini itirməsinə yol açıb. Və indi Kreml onilliklər boyu hegemonluq etdiyi bu regiondan da çıxarılmaq təhlükəsi ilə qarşılaşıb.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Təbii ki, bu prosesdə İranın üzləşdiyi problemlər də Rusiyanın düşdüyü qəliz situasiyaya paralellik təşkil edir. Suriyada məğlub olub, Yaxın Şərqdəki "proxy güclər"ini bir-birinin ardınca itirən İran da Cənubi Qafqazda oyundan kənar vəziyyətə düşmək üzrədir. Hər halda, rəsmi Tehran artıq bu regiona əvvəlki kimi müdaxilə etmək imkanlarından çox-çox uzaqdır. Və bu baxımdan, İran Cənubi Qafqazla bağlı geopolitik problemləri Rusiya ilə oxşar faktorlara bağlıdır.

Maraqlıdır ki, Rusiya və İran son vaxtlara qədər Cənubi Qafqazda məhz "erməni faktoru"na dayaqlanmağa çalışırdı. Ancaq rəsmi İrəvan əvvəlcə Ermənistanın hərbi müttəfiqi olan Rusiyaya xəyanət etdi. Qərbə inteqrasiya kursu əslində, Rusiyadan uzaqlaşma siyasətinə çevrilmiş oldu. Bundan səhnə arxasında hətta müəyyən mənada, məmnun olan İran "erməni faktoru"ndan təkbaşına faydalana biləcəyinin planlarını belə, qurmağa başlamışdı. Və İranla yaxın münasibətlərə xüsusi önəm verən Paşinyan hakimiyyəti rəsmi Tehranın gözləmədiyi halda, onu məyus edəcək geopolitik seçimə üstünlük verdi.

Nəticədə Ermənistan artıq həm Rusiyanın, həm də İranın beynəlxalq düşməni olan ABŞ-ın strateji tərəfdaşına çevrilib. Üstəlik, əgər, rəsmi İrəvan Qərbin Rusiya-İran cütlüyünə qarşı planlarında "geopolitik alət" roluna uyğun gəlməsəydi, Ermənistan Cənubi Qafqazda ABŞ-a lazım olmazdı. Yəni, rəsmi İrəvanın ABŞ və Qərbin Rusiya və İrana qarşı oyunlarında Ermənistanın iştirakına razılaşdığı qətiyyən şübhə doğurmur. Bu baxımdan, Qərbin Ermənistandan həm Rusiyaya, həm də İrana qarşı istifadə edəcəyini elə indidən təxmin etmək mümkündür. Və bu, rəsmi İrəvanın Ermənistanı həmişə hər imkanda dəstəkləyən iki region qonşusuna paralel xəyanətidir.

814e4a1f24910383014a04866e883c48.jpg (256 KB)

Təbii ki, bütün bunları nəzərə aldıqda, Rusiya və İran prezidentlərinin Moskva görüşündə Cənubi Qafqaz mövzusu xüsusi olaraq, müzakirə edilməsi qətiyyən gözlənilməz deyil. İndi hər iki ölkə bu regionda oyundan kənar vəziyyətə salınmaq təhlükəsi üzləşdiklərindən regional maraqlarda uzlaşma artmış kimi görünür. Yəni, Rusiya və İranın bu regionda ortaq fəaliyyət ehtimalı tamamilə inandırıcı xarakter daşıyır.

Üstəlik, Rusiya və İranın Suriya məğlubiyyətində xüsusi rol oynamış rəsmi Ankaraya qarşı fəaliyyətdə Türkiyənin hərbi müttəfiqi və Cənubi Qafqazın əsas geopolitik iradə mərkəzi Azərbaycana münasibətdə ortaq təzyiq planları qurula biləcəyi də qətiyyən istisna deyil. Və bu baxımdan, Rusiya-İran cütlüyünün Ermənistanla yanaşı, Azərbaycanı da hədəfə çıxartmağa cəhd göstərə biləcəyini nəzərə almaq lazımdır.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidannın Bakıya səfərinin məhz Rusiya və İran prezidentlərinin Moskva görüşünə paralellik təşkil etməsi də qətiyyən təsadüfi deyil. Böyük ehtimalla rəsmi Ankara bu önəmli səfərlə Rusiya və İrana Türkiyənin həmişə Azərbaycanın yanında olacağının açıq mesajını verir. Və Azərbaycana qarşı qurulacaq məkrli planların Türkiyənin sərt reaksiyasına səbəb olacağı barədə xəbərdarlıq edilir.

Ona görə də, Rusiya və İran Cənubi Qafqaz uğrunda mübarizədə geopolitik problemlərini yalnız Ermənistanla həll etmək barədə düşünməklə, kifayətlənməli olacaqlar. Çünki Azərbaycanın da hədəfə alınması Türkiyənin sərt müdaxiləsinə yol aça bilər və bu, Rusiya-İran cütlüyünə olduqca baha başa gələr. Və bu iki regional qonşu dövlətin Cənubi Qafqazdan tamamilə kənarlaşdırılması prosesini sürətləndirə bilər.

104147f6273a5bffef4f7f81a35c9284.jpg (251 KB)

Göründüyü kimi, Cənubi Qafqaz ətrafında geopolitik situasiya daha da qəlizləşməkdə davam edir. Belə ki, Ukrayna savaşı və Suriya böhranı üzərində qlobal qarşıdurmanın ümumi nəticələri aydınlaşıb. Ona görə də, indi qlobal qarşıdurma birmənalı şəkildə məhz dünyanın strateji əhəmiyyət daşıyan regionları sırasında yer alan Cənubi Qafqaza sıçramaq üzrədir. Üstəlik, bu qarşıdurmada müttəfiqlərin və rəqiblərin paylaşımı xüsusi önəm daşıyır. Və bu baxımdan, yaxın perspektivdə Cənubi Qafqazı amansız qlobal savaşın əsas ağırlıq mərkəzinə çevrilmə təhlükəsi gözləyir.

Böyük ehtimalla Cənubi Qafqaz uğrunda qlobal savaş əsas üçqütlü qarşıdurma xarakteri daşıya bilər. Birinci qütbü ABŞ və Qərbin Ermənistan üzərindən Rusiya-İran cütlüyünə qarşı açmaqda olduğu ikinci cəbhə təşkil edir. Bunun qarşılığında Rusiya və İranın ikinci qütbə çevrilmək üzrə olduğu müşahidə edilir. Yəni, bu iki qütb arasında amansız qarşıdurma iştirakçı tərəflərin yalnız Cənubi Qafqazda deyil, ümumiyyətlə, qlobal məkanda gələcək taleyini müəyyən edəcək. Və bu baxımdan, üçüncü qütbün daha çox müşahidəçi rolunda müdafiə mövqeyinə üstünlük vermə ehtimalı mövcuddur.

Məsələ ondadır ki, üçüncü qütbün - Azərbaycan-Türkiyə İttifaqının ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasında birbaşa tərəfə çevrilməsinə qətiyyən ehtiyac yoxdur. Azərbaycan-Türkiyə İttifaqı öz mövqelərini müdafiə etməklə yanaşı, digər iki tərəfin eyni vaxtda məğlubiyyətinə səbəb olacaq geopolitik manevrlərə üstünlük vermək şansına malikdir. Üstəlik, həm ABŞ və Qərblə, həm də Rusiya-İran cütlüyü ilə münasibətlərində ciddi problemləri olan Gürcüstanın da Azərbaycan-Türkiyə İttifaqının yanında yer alma ehtimalı üçüncü qütbün əlini daha da gücləndirir. Və bu baxımdan, yaxın aylarda Cənubi Qafqaz uğrunda qlobal savaşın məhz yeni dünya düzəninə birbaşa təsir göstərəcək nəticələrə yol aça biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR