İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınların ictimai iştirakçılığı və səlahiyyətləndirilməsi araşdırma - hesabatının müzakirəsi keçirilib (FOTOLAR)

“Azərbaycanda qadınların ictimai iştirakçılığı və səlahiyyətləndirilməsi” adlı araşdırma-hesabatın ictimai müzakirəsi keçirilib.

Musavat.com xəbər verir ki, hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL” və MG Consulting” təşkilatları ilə birgə həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” ECSOFT layihəsi çərçivəsində “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi tərəfindən hazırlanıb.

Hesabatı təqdim edən araşdırma qrupunun rəhbəri, “İslahatçı Qadınlar və İnnovasiyalar” İB-nin sədri Vüsalə Hüseynli qeyd edib ki, araşdırma çərçivəsində qadınların ictimai-siyasi proseslərdə iştirakının qiymətləndirilməsi məqsədilə QHT-lər və ictimai fəal qadınlar arasında sorğu keçirilib, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, gender problemləri ilə məşğul olan 5 ekspertlə dərinləşdirilmiş intervülər aparılıb.

Vüsalə Hüseynli qeyd edib ki, layihə çərçivəsində Bakı və region qadınları üçün iki fokus qrup müzakirəsi keçirilərək, qadın iştirakçılığı ilə bağlı maneələr araşdırılıb.

İctimai müzakirədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri, müstəqil ekspertlər Günel Səfərova və Zaur İbrahimli, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalova, QHT rəhbərləri Ruhəngiz Hüseynova, Məleykə Əlizadə, Məhluqə Qəhrəmanlı və İlqar Hüseynli çıxış edərək hazırlanan araşdırma – hesabatın müvafiq dövlət qurumları və bu sahədə fəaliyyət göstərən QHT-lər üçün vacib mənbə və fəaliyyət istiqamətləri ola biləcəyini diqqətə çatdırıblar. Həmçinin Gəncə, Beyləqan, Masallı, Sabirabad, Tovuz, Qax və digər rayonlarda fəaliyyət göstərən QHT rəhbərləri, bələdiyyə sədrləri və üzvləri müzakirələrdə aktiv qoşulublar.

Çıxışlar və müzakirələrdə BMT Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin (SEDAW) Azərbaycanın VI dövrü hesabatı üzrə yekun tövsiyələrinin araşdırılması və praktik addımların atılması üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun yaradılmasının vacibliyi xüsusi vurğulanıb.

Müzakirələr zamanı eyni zamanda gender büdcəsi, gender gündəliyi, qadınların səlahiyyətləndirilməsi ilə bağlı ictimaiyyət arasında maarifləndirmə, vəkillik işlərinin təbliği, yenilənən stereotiplərin aradan qaldırılması üçün alətlərin tapılması məsələləri də tövsiyələrdə yer alıb.

İctimai müzakirədə səsləndirilən fikirlər nəzərə alınmaqla tövsiyələr hazırlanaraq hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim olunacağı qeyd edilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR