Onlayn ictimai-siyasi qəzet
Bakıda baş vermiş mübahisə zamanı Rəşad Eyvazovu bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Sabir İsgəndərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin həyat yoldaşı Leyla İsgəndərova şahid qismində sərbəst ifadə verib.
Təqsirləndirilən şəxsin vəkili Sabir İsgəndərovun həyat yoldaşının əlavə şahid qismində ifadə verməsi üçün vəsatət qaldırıb və vəsatət məhkəmə tərəfindən təmin olunub.
Leyla İsgəndərova məhkəmədəki ifadəsində bildirib: "Hadisə baş verən gün evə gəldim. Sabirə dedim ki, iki gündür məhəllədə xoşagəlməz söz-söhbətlər dolaşır. "Od olmasa, tüstü çıxmaz" deyiblər. Rəşad sənin barəndə xoşagəlməz sözlər danışır. O, bizim qonşumuz idi. Sabir bu məsələni aydınlaşdırmaq məqsədilə Rəşada zəng etdi. Zəngdən sonra Sabir olduqca əsəbi və gərgin idi. Bildirdi ki, Rəşadla mübahisə edib. Mən Sabirə Rəşadla əlaqəni kəsməyi məsləhət gördüm. Axı bizim iki azyaşlı övladımız var. Günorta baş tutan mübahisədən sonra Rəşad axşam Sabiri görüşə çağırdı. Mən getməməsini tövsiyə etsəm də, Sabir məni dinləmədi və görüşə yollandı”.
Leyla İsgəndərova əlavə edib ki, həyat yoldaşı məsuliyyətli və qayğıkeş atadır:“Sabir mənim üçün çox dəyərlidir. Belə bir hadisənin baş verəcəyini gözləməzdim. Şükür ki, Rəşad sağdır. Mənim iki azyaşlı uşağım var. Onların naminə Sabirin cəzasının yüngülləşdirilməsini xahiş edirəm”.
Zərərçəkmiş Rəşad Eyvazov şahidin dediklərini təsdiqləyib.
Dövlət ittihamçısı zərərçəkmişə bir sıra suallar ünvanlayıb: “Hadisə hansı səbəbdən baş verdi? Siz nəyi aydınlaşdırmaq istəyirdiniz?”
Zərərçəkmiş cavabında bildirib ki, hadisə baş verən vaxt sərxoş vəziyyətdə olub: “Mən Sabiri özüm dəvət etmişdim. Aramızdakı anlaşılmazlığı aydınlaşdırmaq üçün ona zəng etmişdim. Mübahisə zamanı Sabirə qarşı nalayiq ifadələr işlətdim. Bu da onda aqressiya yaratdı”.
Prosesə şahid kimi dəvət olunmuş Roman Yusibov və Emin Abdurrəhmanov məhkəmə iclasında iştirak etməyiblər. Növbəti məhkəmə prosesi iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 5-də Xətai rayonu, M. Rüstəmov küçəsi 21 ünvanında yerləşən iaşə obyektində baş verib. Sabir İsgəndərovla Rəşad Eyvazov arasında baş verən mübahisə nin sonunda qan tökülüb.
Sabir İsgəndərov Rəşad Eyvazovu sol qolu və döş qəfəsi nahiyəsindən bıçaqla vurub.
Qanlı olaydan sonra Sabir İsgəndərov saxlanılıb. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) ittiham irəli sürülüb.
İnarə Hünbət,
Musavat.com
18 Iyul 2025
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ