İnsanlara hürriyət, millətlərə istiqlal!

Qabon çevrilişi – Bonqo sülaləsinin 56-cı ili uğursuz oldu

Nigerdəki hərbi çevrilişlə bağlı məsələyə, ölkənin sonrakı taleyinə aydınlıq gəlməmiş, daha bir Afrika ölkəsində hərbçilər dövlət çevrilişi ediblər.

Bu, Afrikanın mərkəzi hissəsində yerləşən Qabondur. Dünən Qabon hərbçiləri hakimiyyətin onlara keçdiyini və Bonqo ailəsinin yarım əsrdən artıq (55 il) sürən hakimiyyətinin başa çatdığını elan edib, prezidenti ev dustağı ediblər.

Bu yaxınlarda Əli Bonqo prezident seçkisində yenidən qalib elan edilmişdi.

Hərbçilər Gabon24 xəbər kanalında etdikləri telemüraciətdə çevrilişlə bağlı açıqlama verərək deyiblər ki, Qabon xalqı adından mövcud rejimə son qoymaq qərarına gəliblər.

Hərbçilərin sözçüsü bildirib ki, son prezident seçkilərinin nəticələri ləğv olunacaq və ölkə sərhədləri növbəti bildirişə qədər bağlanacaq. "Respublikanın bütün qurumları, xüsusilə hökumət, Senat, parlament, Konstitusiya Məhkəməsi, İqtisadi, Sosial və Ekoloji Məsələlər Şurası və Qabon Seçki Şurası ləğv edilib", - televiziyada çıxış edən zabit deyib: “Biz Qabon xalqını, Qabonda yaşayan qonşu ölkələrin icmalarını və Qabon diasporunu sakit olmağa çağırırıq”.

qabnoq.JPG (21 KB)

Bu, artıq 2020-ci ildən bəri Afrikada həyata keçirilən səkkizinci dövlət çevrilişidir. Əvvəllər oxşar hadisələr Mali, Qvineya, Burkina Faso, Çad və ən son Nigerdə baş verib. Əksər hallarda hərbçilər keçmiş hakimiyyəti geniş yayılmış islamçı qrupların öhdəsindən gələ bilməməkdə ittiham edirdilər. Qabon çevrilişi isə bir qədər fərqlidir.

Qabonun seçki orqanı çərşənbə günü bildirib ki, müxalifətin "saxta" adlandırdığı ümumi seçkilərdən sonra Əli Bonqo 64,27% səslə prezident seçkilərində qalib gəlib. Hazırkı prezidentin əsas rəqibi, müxalifətin namizədi Albert Ondo Ossa 30,77% səslə ikinci olub.

Belə anlaşılır ki, 55 ildən çox davam edən Bonqo ailəsinin hakimiyyəti qabonluları çox yorubmuş. Hazırkı dövlət başçısının atası Ömər Bonqo hakimiyyətə 1967-ci ildə, ölkə Fransadan müstəqillik qazandıqdan 7 il sonra gəlib. O, 2009-cu ilə qədər hakimiyyətdə olub – tam 42 il. Sonra Ö.Bonqo İspaniya klinikasında bağırsaq xərçəngindən müalicə alarkən ürək tutmasından vəfat edib. Onun yerinə oğlu Əli keçib.

boqno.JPG (56 KB)

Bonqolar ölkəni sərt diktatura rejimi ilə idarə ediblər. İllər boyu ölkədə bir partiya olub. Yalnız 1991-ci ildə çoxpartiyalı idarəçiliyə icazə verilib, amma adı Qabon Demokratik Partiyası olan hakim partiya hökumətdəki gücünü qoruyub saxlayıb.

Bu həftə keçirilən seçkilərdə Əli Bonqo 18 namizədlə mübarizə aparırdı, onlardan altısı müxalifətçi idi və onlar ikinci turda keçmiş nazir və universitet professoru Ondo Ossunu dəstəkləyib. Müxalifət qüvvələri neft və kakao ilə zəngin, lakin yoxsulluqdan əziyyət çəkən 2,3 milyon əhaliyə malik ölkədə dəyişiklik tələb edir.

Qabondakı seçkilərə beynəlxalq müşahidəçilər qatılmayıb, səsvermədən sonra hakimiyyət interneti kəsib, ölkə boyu gecə komendant saatı tətbiq edilib və bu qərar seçki prosesinin şəffaflığı ilə bağlı narahatlıqları artırıb.

qabano.jpg (99 KB)

Bundan əvvəl, 2016-cı ildə Əli Bonqo ikinci müddətə prezident seçilərkən ölkədə şiddətli küçə etirazları başlayıb və parlament binası yandırılıb. Həmin vaxt hökumət bir neçə günlük interneti kəsib, iğtişaşları yatırıb.

2018-ci ilin oktyabrında Əli Bonqo insult keçirib, Səudiyyə Ərəbistanında xəstəxanaya yerləşdirilib, sonra isə Mərakeşdə reabilitasiyadan keçib. Uzun müddət Bonqo ictimaiyyət arasında görünməyib, bu da onun ya öldüyü, ya da fəaliyyət qabiliyyətini itirdiyi barədə şayiələrə səbəb olub. Lakin 1 yanvar 2019-cu ildə Bonqo üzə çıxıb, sosial mediada yayımlanan videoda çıxış edib. Bunun fonunda yanvar üsyanı alovlanıb, bir qrup əsgər və zabit dövlət radio və televiziyasının qərargahına soxularaq əməkdaşları girov götürüb, ölkəyə nəzarəti ələ keçirdiklərini iddia edib. Qabonun müdafiə və təhlükəsizlik qüvvələri müdaxilə edərək iğtişaşları yatırıb. Nəticədə iki əsgər həlak olub, 8 zabit isə həbs edilib.

Bu dəfə isə qiyamçı hərbçilər istədiklərinə çatıblar.

Ona görə də Qabonda dövlət çevrilişinin baş verməsi o qədər sürpriz sayılmır. Regional ekspertlər hesab edirlər ki, əvvəl-axır bu çevriliş olacaqdı.

989572.jpg (37 KB)

Qabon ənənəvi olaraq neytral siyasət yürütsə də Afrikada Fransanın vassalıdır, onun “ən yaxın müttəfiqi” kimi şöhrət qazanıb. Təəccüblü deyil ki, Ömər Bonqonun dəfn mərasimində iştirak edən yeganə Avropa liderləri Nikola Sarkozi və Jak Şirak olub. Lakin Parislə Afrika ölkələri arasında münasibətlərdəki problemlər Qabonla münasibətlərə də mənfi təsir edib. Bu, qismən onunla bağlıdır ki, Fransa hakimiyyəti 2008-ci ildən 2017-ci ilə qədər Bonqo ailəsinin əmlakına birbaşa təsir edən antikorrupsiya araşdırması aparıb. Librevil və Paris arasındakı soyuqluq o yerə çatıb ki, Sorbonna məzunu olan kiçik Bonqo hətta Qabonun rəsmi dilini fransızcadan ingiliscəyə dəyişdirməklə hədələyib. Yeri gəlmişkən, daha əvvəl katolik hesab edilən Bonqo Liviyaya səfərindən sonra müsəlman olub.

(Qəribədir, xalqın dili dövlət dili deyil, üstəlik, prezident bir səfərlə din dəyişdirə bilir).

Ancaq həm Nigerdəki, həm də Qabondakı çevrilişin ikisinin də fonunda Fransadır. Afrika ölkələrinə hələ 50-60 il öncə müstəqillik verməyə əcbur olan Paris əslində onlardan hələ də əl çəkməyib.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR