Onlayn ictimai-siyasi qəzet
Naxçıvanın Nehrəm kəndində məhərrəmlik mərasimində uşaqların aktiv iştirakı videoya çəkilmişdir. Polisin açıqlamasında deyilir: “Həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb. İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızdan tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”. Sitatın sonu.
Böyük ehtimalla valideynləri çağırıb yüngülvari danlayıblar. Ayrı nə etmək olar? Heç nə. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə təqribən 7 il, lap günbəgün yazsaq 1890-cı il yanvarın 15-dən 1897-ci ilin 10 iyuluna qədər Nehrəm kəndində müəllim işləmişdir. Mirzə məktəbdəki kasıb uşaqlara öz puluyla dəftər-qələm, kitab, ayaqqabı alarmış. 8 qız uşağını tədrisə cəlb edib onlara ayrıca sinif qurubmuş. Ancaq hələ 1895-ci ildə Mirzə çar hökumətinin təhsil idarəsinə raport yazmağa məcbur olur: “Daşıdığım vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə əks təsir göstərən və məni işləmək imkanından məhrum edən yerli şəraitə qarşı mübarizədə gücsüz olduğumu görüb, işləmək üçün özümə başqa bir yer tapmaq məqsədilə xahiş edirəm mənə üç aylıq məzuniyyət götürməyə icazə verəsiniz”.
Üstündən 128 il keçir. Köhnə hamam, köhnə tas. İndi biz “Mirzənin maarifçilik ideyaları iflasa uğramışdır” yazaraq hoqqabazlıq etsək nə olacaq? Yenə heç zad. Bunu Mirzə özü sağlığında görmüşdü.
Yuxarıda oturanların guya bu vəziyyətdən narahat olması nağıllarına, “məsuliyyət tədbirləri” rəvayətlərinə də çox aludə olmayın. Din hökumətlər üçün ən yaxşı idarəçilik üsullarından biridir. Tək bizdə yox, bütün dünyada və bütün tarix boyunca. Adamların başının altına o biri dünya haqda, xoşbəxt gələcək, cənnət almaları, hurilər və içindən şərab axan çaylar haqda yastıqlar qoyursan, yatırlar özləri üçün. Bundan gözəl nə ola bilər?
İnternetdə müxtəlif adamların adından uydurma sözlər, “müdrik” afyorizmlər paylaşılır. (Mirzə Cəlil bir felyetonunda bu tip söhbətləri “Qayırma hədislər” adlandırmışdı). Hər dini mərasim zamanı bunlar xüsusilə aktivləşir. Məsələn, görün nə yazır: “Əgər tarixçilərimiz bu günün (hansı gündür, yazmıram – prinsipcə, istədiyiniz dini bayramın, mərasimin adını oxuya bilərsiniz – Z.H.) həqiqətlərini dərk edib anlasaydılar, Filankəsə (burada imamlardan birinin adı çəkilir, yenə fərqi olmadığı üçün anonim verirəm – Z.H.) əza saxlamağı ağılsız bir hərəkət kimi qiymətləndirməzdilər (Boris Dokberi, yazıçı)”. Sitatın sonu.
İnternet dövrü olmayanda, camaatın çoxu oxumaq-yazmaq bilməyəndə, biliklər, elmlər bir qrup keşiş və mollanın əsarətində saxlananda istədiyin uydurmanı danışardın, hamı əl çalardı. İndi isə hər sözü yoxlamaq imkanı var axı. “Boris Dokberi” adında yazıçının olmadığını aşkara çıxarmaq üçün adama 1 dəqiqə bəs eləyir. Heç AYB üzvü olmaq da lazım deyil. Üstəlik, “tarixçilərimiz” kimdir, niyə onlar bu günün əhəmiyyətini anlamaq istəmir – heç bir izahat verilmir.
Hələ bu nədir, rastlaşdığım başqa hədisdəki “məntiqə” heyran qaldım. Görün nə yazırlar: “Əd-Duxan-29-da yazır ki, kafirlərə tövbə etməyə imkan da verilmədi. Onlardan ötrü nə göy, nə də yer ağladı. Maraqlıdır, göy və yer ağlayır? Onların ağlamağının hikməti nədir? Filankəsə (yenə adı yazmıram, bax: yuxarı) yerlər ağlar, göylər ağlar. Əziz oxucular, ayədən göründüyü kimi, onlar kafir olduğu üçün onlara nə yerlər ağlayar, nə də göylər. Əgər bu ayənin əksinə baxsaq, görərik möminə yerlər ağlar, göylər ağlar”. Sitatın sonu.
Vallah, mən nə deyim bu dəmir məntiqin qarşısında? Sözün bitdiyi yerdəyəm. Bəlkə sizə nağıl gəlir, ancaq bu məntiqlə idarə olunan milyard yarım insan var. Onlara hörmətlə yanaşın. Ya da Mirzə kimi təhsil idarəsinə raport yazın. “Özünüzə başqa yer tapın”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ