İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Makron 3 ildən sonra telefonla danışdı: Rusiya prezidenti köhnə nəğmələri təkrarlayıb

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla son üç ildə ilk dəfə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb. Məlumata əsasən Putin söhbət zamanı yenə Ukraynadakı münaqişənin birbaşa Qərb dövlətlərinin siyasətinin nəticəsi olduğunu iddia edib: "Putin xatırladıb ki, Ukrayna münaqişəsi uzun illər Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymayan, Ukraynada anti-Rusiya dayağı yaradan və rusdilli sakinlərin hüquqlarının pozulmasına göz yuman Qərb dövlətlərinin siyasətinin birbaşa nəticəsidir".

Rusiya prezidenti həmçinin iddia edib ki, Qərb ölkələri “döyüş əməliyyatlarını uzatmaq, Kiyev rejimini müxtəlif müasir silahlarla qidalandırmaq siyasəti yürüdürlər”. O, həmçinin deyib ki, Ukraynada nizamlanma hərtərəfli olmalı, əsas səbəbləri aradan qaldırmalı və yerlərdə reallıqlara əsaslanmalıdır. Kreml qeyd edir ki, Putin “hərtərəfli və uzunmüddətli, Ukrayna böhranını yaradan səbəblərin aradan qaldırılmasını nəzərdə tutan və yeni ərazi reallıqlarına əsaslanmalı olan mümkün razılaşmalara fundamental yanaşmaları təsdiqləyib”.

Putinlə Makron həmçinin İran və İsrail arasında münaqişə və ABŞ-ın İran obyektlərinə zərbələri kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Onlar İranın dinc məqsədli nüvə enerjisi hüququna hörmət edilməsinin və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi, o cümlədən MAQATE ilə əməkdaşlıq üzrə öhdəliklərini yerinə yetirməsinin vacibliyini qeyd ediblər. Putin və Makron İran ətrafındakı böhranın və regiondakı digər münaqişələrin diplomatiya yolu ilə həllinin tərəfdarı olduqlarını bildiriblər.

Prezidentlər Yaxın Şərqdə nizamlanma üzrə mövqelərin mümkün razılaşdırılması məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər, həmçinin sülh və təhlükəsizliyin qorunmasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Fransanın xüsusi məsuliyyətini qeyd ediblər: “Vladimir Putin və Emmanuel Makron BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Fransanın Yaxın Şərq regionu da daxil olmaqla sülhün və təhlükəsizliyin qorunmasında, eləcə də qlobal nüvə silahının yayılmaması rejiminin qorunmasında xüsusi məsuliyyətini qeyd ediblər”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR