Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Rusiya satdığı qazla ölkələri şantaj edir, buna görə...”
ABŞ prezidenti Donald Trampın Rusiyanın neft-qaz satışından gəlirlərini azaltmağa və nəticə etibarilə Putini masa arxasına əyləşməyə məcbur etməyə yönəlik səyləri fonunda Avropa rəsmiləri Rusiya qaz kəməri ilə mavi yanacağın alışının bərpasını müzakirə etməyə başlayıblar. Bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadla yazıb.
Belə bir qərar Rusiyanı Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar masası arxasına əyləşməyə sövq edə və saziş bağlandıqdan sonra atəşkəsə əməl olunmasının qarantına çevrilə bilər. “Bu, həm də Avropada yüksək enerji qiymətlərinin düşməsinə kömək edəcək”.
Təşəbbüsü Almaniya və Macarıstandan bəzi rəsmilər, eləcə də bir sıra digər Aİ ölkələrinin səlahiyyətliləri dəstəkləyib. “Financial Times” mənbələrindən biri bildirib ki, onları ilk növbədə enerjinin ucuzlaşmasının mümkünlüyü maraqlandır. Lakin bu fikir Brüssel rəsmilərini və bəzi Şərqi Avropa ölkələrinin diplomatlarını qəzəbləndirib. “Bu dəlilikdir. Bunu bir seçim kimi düşünmək üçün nə qədər axmaq olmalıyıq?”, - onlardan biri deyib.
“Rusiya qazının alınmasının tərəfdarları iddia edirlər ki, bu, Avropada yüksək enerji qiymətlərini aşağı salacaq, Moskvanı danışıqlar masasına oturmağa təşviq edəcək və hər iki tərəfə atəşkəs əldə etmək və ona əməl etmək üçün əsas verəcək”, - nəşr yazıb.
Eyni zamanda, məsələnin adicə müzakirəsi belə artıq Avropaya tədarük üçün uzunmüddətli müqavilələr imzalamaq istəyən Amerika mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarına mənfi təsir göstərib. “Amerikalı tədarükçülər Rusiya qazının Ukrayna ərazisindən tranzitinin bərpasının onların məhsullarını rəqabətsiz hala gətirəcəyindən ehtiyatlanır”, - iki avropalı rəsmi bildirib.
2025-ci ilin əvvəlindən Ukrayna ərazisi ilə nəqlin dayandırılmasından sonra Rusiya boru kəməri qazının payı Aİ-nin ümumi idxalının təxminən 5 faizinə düşüb. Hazırda Rusiya qazı Aİ ölkələrinə yalnız “Türk axını” boru kəməri ilə çatdırılır. Bundan əvvəl Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan yanacaq idxalından tamamilə imtina etməyi planlaşdırırdı. Dekabr ayında Aİ-nin 10 ölkəsi, ilk növbədə də Finlandiya, Polşa və Baltikyanı ölkələr “Rusiya qazı və LNG idxalına mümkün qədər tez qadağa qoyulmasına” çağırıb. “Financial Times”ın qeyd etdiyi kimi, Aİ ölkələrini daha ucuz enerji mənbələrinə çıxış axtarışları sənayenin çətin vəziyyəti sövq edir.
Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiya qazının ən böyük idxalçısı Almaniya idi. 2021-ci ildə Rusiyadan tədarüklər Aİ-nin bütün boru kəməri qaz idxalının təxminən 40 faizini təşkil edib. 2024-cü ildə bu rəqəm 10 faizə düşüb. Bu təklif kim kimin toruna sala bilər? Tramp Avropanı belə bir addıma getməyə qoyarmı?
Fikrət Yusifov
Keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov “Yeni Müsavat”a deyib ki, ABŞ dövlətinin istəklərindən biri də bu idi ki, Avropa dövlətlərinin qaz təhcizatı şaxələndirilsin. Buna müəyyən mənada nail olunub: “Rusiya qazının Avropa bazarındakı payını azaltmaq nöqteyi-nəzərindən ABŞ hətta Norveçdən Avropaya qaz xəttinin çəkilməsi, hətta Azərbaycanın Cənub Qaz layihəsinin gerçəkləşdirilməsinə dəstək verildi. ABŞ Avropanın qaz təhcizatının şaxələndirilməsi istiqamətində çox işlər gördü. Rusiya qazının azaldılması, nəqlinin ümumiyyətlə, dayandırılması fonunda Avropada yaranan qaz çatışmazlığının ABŞ-dan daşınan maye qazla əvəzlənməsi prosesi aparılır. Lakin bu rentabelli deyil. Sıxılmış qazı gəmilər vasitəsi ilə daşımaq texniki cəhətdən, maddi cəhətdən uyğun deyil. Bu baxımdan Avropa özünün real qaz mənbələrini tapmalıdır”.
Fikrət Yusifov deyib ki, Avropa Rusiyadan qaz almaq istəmir: “Çünki Rusiya satdığı qazla ölkələri şantaj edir. Ukrayna ilə müharibədən öncə Rusiya Avropanı dəfələrlə qazla şantaj etmişdi. Ona görə də Avropa Rusiyaya etibar eləmir, güvənmir və alternativ mənbələr axtarışı aparıldı. Alternativ mənbələrdən Türkmənistandan qazın Azərbaycan üzəridən daşınaraq Avropaya nəqli variantı nəzərdən keçirilib. Suriyada problemlərin həlli kontekstində Suriya qazının Türkiyə üzərindən Avropaya çatdırılması üzərində iş aparılır. Variantlardan biri də Afrikadan qazın Avropaya çatdırılmasıdır. ABŞ öz tərəfdaşı olan Avropanın qaz təhcizatına yardım etməyə, yaranmış problemlərin həllinə çalışır. Eyni zamanda yaranmış durumdan istifadə etməklə özünün sıxılmış qazını Avropaya satır”.
Fikrət Yusifov hesab edir ki, Avropa yaxın illərdə boru kəməri vasitəsi ilə qeyd olunan istiqamətlərdən qaz ala biləcək. İqtisadçıya görə, hazırda dünyanın enerji xəritəsi dəyişib: “Qaza, elektrikə alternativ enerji mənbələri sürətlə inkişaf edir. Bu fonda mavi yanacağa tələbat getdikcə azalacaq. Bu gün Avropada elə dövlətlər var ki, özünün enerji tələbatının 50 faizə qədərini alternativ enerji mənbələrindən alır. Yaxın 10 ildə bu balans alternativ enerji mənbələrinin xeyrinə dəyişəcək”.
İqtisadçının fikrincə, Rusiya qazının 3-cü ölkələr üzərindən nəqli də ABŞ sanksiyalarına görə mümkünsüz hala gəlib: “Bu addımı atmaq niyyətində olan hər bir dövlət, özəl şirkət ABŞ və Avropa ölkələrinin sanksiyaları ilə üzləşəcək. Bu gün Çin və Hindistan kimi böyük dövlətlər ABŞ sanksiyalarına görə Rusiyanın ucuz qazını almaqdan yayınırlar. Kimsə ABŞ sanksiyalarına tuş gəlmək istəmir. Çünki dünyada ticarətin 80 faizi ABŞ dolları ilə aparılır və bu sistemlər ABŞ tərəfindən idarə olunur. Dünya iqtisadiyyatının 1/4-nə sahib olan nəhəng güclə kimsə zarafat etmək istəmir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ