İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Paşinyanla qapalı görüşü-iplər yenə Moskvanın əlində, yoxsa..?  

Ekspertlər hesab edir ki,  Ermənistan hökuməti anti-Rusiya siyasətindən əl çəkməyəcək, lakin...

Mayın 8-də axşam Kremldə Ermənistanın  baş naziri Nikol Paşinyanla Rusiya  prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Ermənistan Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Armenpress”ə verilən məlumata görə, Putin deyib ki, 2015-ci ildən bəri Ermənistanın  Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarət dövriyyəsi 14 dəfə artıb. “İkitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir. Biz həmişə, ilk növbədə, iqtisadi əməkdaşlığa diqqət yetiririk. Son bir ildə ticarət dövriyyəsinin artımı çox mühüm məbləğ təşkil edib və bu, əsasən idxalın artması ilə bağlıdır; sizdənsə – bizim istiqamətimizə  ixracı. Ticarət dövriyyəsi isə 7 milyard dolları ötüb. Ticarət-iqtisadi əlaqələrimizdə əvvəllər belə həcm olmayıb".

Putin deyib ki,  regionda təhlükəsizliklə bağlı suallar var  ki, bunu görüşün qapalı hissəsində müzakirə edəcəklər. “Regionda təhlükəsizlik” dedikdə aydındır ki, Putin təkcə Azərbaycan-Ermənistan münasibətlərini nəzərdə tutmurdu. Ermənistan artıq ilyarımdır ki, bölgyə fəal şəkildə “kənar oyunçular” cəlb etməkdədir. Bura ilk növbədə missiyası hələ də ciddi şübhələr doğuran Avropa İttifaqının sərhəd müşahidəçiləridir. İkinci bir tərəfdən, Ermənistan Rusiya üçün regional təhlükəsiliyin əsas qarantlarından hesab etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınına qarşı  boykot siyasətini davam etdirir.  Ermənistan həm də Rusiya sərhədçilərinin çıxarılması barədə də danışmağa başlayıb. Bunlara rəğmən isə İrəvan həm də ABŞ və Fransa ilə hərbi sahədə şübhəli münasibətlərini genişləndirməkdədir.  Nəhayət, Ermənistan Rusiya üçün də mühüm  olan Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə də aydınlıq gətirməli idi.

Ermənistan mediası  iddia edir  ki, Putin və Paşinyan öz aralarında bir sıra məsələlərdə razılığa gəliblər. Onlardan biri Rusiya qoşunlarının yenidən dislokasiya olunması ilə bağlıdır. Ermənistanın hakimiyyətyönlü mediası bunu “Paşinyanın böyük qələbəsi” kimi tirajlayıb.

İddia olunur ki, Ermənistanın baş naziri Paşinyanla Rusiya prezidenti Putin arasında aparılan danışıqlar nəticəsində, Rusiya sərhədçilərinin bundan sonra Zvartnots hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunub.

Bundan əlavə, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri bir sıra yaşayış məntəqələrindəki (Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş) postları tərk edəcəklər.

ff.jpg (74 KB)

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki,  Putinlə  Paşinyan arasında görüş Rusiya ilə Ermənistan arasında bütün problemləri əlbəttə həll etməyəcək. “Sadəcə, Nikol Paşinyan yəqin ki, bu görüşlə ortamın yumşalmasına çalışıb. Çünki bilir ki, münasibətlər daha da gərginləşsə, Ermənistana Rusiyanın təzyiqləri bir qədər də arta bilər.  Rusiyanın əlində hələ də Ermənistana iqtisati təsir və təzyiq alətləri var. Siyasi və hərbi təzyiq alətlərini Rusiya işlətsə də, təsiri olmadı, Paşinyan öz hakimiyyətini qorudu. Amma iqtisadi alətləri təzyiq olaraq istifadə etməklə Paşinyana daha ciddi təsir göstərə bilirlər. Ona görə də Paşinyan elan etdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcək” deyə, politoloq bildirib. Politoloqa görə, KTMT ilə bağlı  vəziyyət qeyri-müəyyəndir və hətta Ermənistan bu təşkilatı maliyyələşdirməkdən imtina edib: “Bir görüşlə aydındır ki, bütün məsələlər həll olunmayacaq. Paşinyanın məqsədi ortamı müəyyən qədər yumşaltmaq idi. Vladimir Putin də yəqin Nikol Paşinyana anlatmağa çalışıb ki, Rusiyanın orbitindən tam çıxıb Qərbin orbitinə tam keçməyə çalışsa bu, Ermənistana baha başa gələcək”.

Politoloq hesab edir ki, Paşinyan Rusiyaya gedib Putinlə görüşsə də, siyasi və hərbi müstəvidə Qərblə əməkdaşlığını davam etdirəcək. Lakin Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılı olduğuna görə Rusiya ilə münasibətlərdən qopmayacaq.

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, 9 may paradına  qatılmayan Paşinyanın  Moskvaya səfəri “məcburi” xarakter daşıyırdı. Erməni baş nazirin   Putilə yanaşı paradda yanaşı addımlaması Qərbdəki tərəfdaşlarına izah edə bilməzdi, lakin Avrasiya İqtisadi İttifaqının iclası üçün Moskvaya getməsinin izahı var: “Ermənistanın iqtisadi mənbələri Rusiya və Aİİ ölkələridir və alternativ tapılmadığı müddətdə bu bazarı itirə bilməz”.

994fdb034e-Asif-nerimanli-azerbaycan-danisiqlar-prosesinde-fransanin-istirakina-imkan-vermir.jpg (21 KB)

A.Nərimanlı hesab edir ki, Putin-Paşinyan görüşünü Rusiya-Ermənistan münasibətlərində həlledici an adlandırmaq olar: “Rusiya anlayır ki, Paşinyan hakimiyyəti ilə Moskva-İrəvan münasibətlərinin “qızıl dövrünü” qaytarmaq mümkün olmayacaq, lakin körpülərin tamamilə yandırılmasını da istəmir, xüsusilə Ukrayna müharibəsinin nəticəsi bəlli olmadığı müddətdə. Yəqin ki, Putin Ermənistanın xarici siyasət vektorunu-Rusiya ilə eyni çətirin altında qalıb-qalmayacağını anlamağa çalışıb. İrəvana qarşı bundan sonrakı addımlarını da bu məsələ üzərindən müəyyənləşdirə bilər.

Paşinyan anti-Rusiya siyasətindən əl çəkməyəcək, lakin hər halda mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışıb. Hərçənd, inandıra bilməsə, Rusiyanın Ermənistana qarş ritorik müstəvidəki təhdidlərini praktiki müstəviyə keçirməsi də gözləniləndir”.

Etibar SEYİDAĞA,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR