Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda Rusiyaya məxsus məxfi hərbi sənədlər aşkarlanıb. Üzə çıxan məlumatlar hər kəsi dəhşətə gətirib. Məxfi sənədlərə əsasən, Rusiya Prezidenti Vladimir Putinin daha iki ölkə ilə müharibəyə hazırlaşdığı məlum olub.
Sözügedən ölkələr Cənubi Koreya və Yaponiyadır. Sənədlərdə hər iki ölkənin nüvə stansiyaları, dövlət müəssisələri və hərbi obyektlərinin yerləri göstərilib. Planın təxminən 10 il əvvələ aid olduğu bildirilir.
Maraqlıdır, Ukrayna ilə müharibə fonunda Rusiyanın daha bir cəbhədə müharibə aparması mümkündürmü? İddialar nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiyanın Cənubi Koreya və Yaponiya ilə müharibə planlarının olması qətiyyən təəccüblü deyil.
Politoloq bunun səbəbini belə izah edib ki, Rusiya öz siyasi ideoloji prioritetləri baxımından imperialist bir dövlətdir və onun üçün ərazi işğalı qeyri-adi hadisə deyil: “Rusiyanın indiki ərazisi başqa ölkələrin, xalqların ərazilərinin işğal olunması hesabına formalaşdırılıb. Hətta o da ola bilər ki, Rusiyanın müharibə etmək niyyətində olduğu ölkələrin sırası yalnız Cənubi Koreya və Yaponiya ilə məhdudlaşmasın. Kreml Rusiyanın sərhədləri ətrafında olan bir çox ölkələrlə müharibə etmək və onları nəzarət altına almaq planlarına malik ola bilər. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Rusiya arasında sülh müqaviləsi imzalanmayıb. Bu ölkələr hələ də formal olaraq müharibə vəziyyətindədir. Həmçinin bu iki ölkənin arasında Kuril adaları ətrafında münaqişə mövcuddur”.
Politoloq E.Xalidbəyli deyib ki, tarixi keçmişə baxmayaraq, indiki reallıqda Rusiya Cənubi Koreya və Yaponiya ilə müharibə aparmaq imkanında deyil: “Böyük ehtimalla bu iki ölkə ABŞ-nin ən yaxın hərbi müttəfiqləri sırasına daxil olduqlarına görə Rusiya tərəfindən hədəfə götürülüb. Ancaq indiki situasiyada Rusiya buna cəsarət etməz. Çünki belə bir gücü yoxdur. Hərbi potensialı buna imkan verməz. Üstəlik də Cənubi Koreya və Yaponiyanın işğalı üçün Rusiyanın hərbi əməliyyatlarına qarşı ABŞ-nin də müdaxilə etmə ehtimalı var. Ona görə də Moskvanın daha bir və ya iki ölkənin ərazisinə hərbi müdaxiləsi indiki vəziyyətdə o qədər də inandırıcı variant deyil. Rusiya nə qədər imperialist bir dövlət olsa da Ukrayna savaşı Kremli zəiflədib. Bu baxımdan Rusiya özü üçün ikinci cəbhəni açmaz. Bu iki ölkə ilə də yaxın gələcəkdə ən azından müharibə etməyə həvəs göstərməz”.
ŞƏRHLƏRŞƏRH YAZ