İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini Kimə möhtac qoyan fələk - Lavrov Şimali Koreya liderini niyə qucaqladı?

Elxan Şahinoğlu: “Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir və Şimali Koreyanın hərbi dəstəyinə möhtac qalıb”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi nəticəsində rusiyalı rəsmilərin səfər edə biləcəyi ölkələrin sayı ciddi şəkildə məhdudlaşıb.

elxan.jpg (68 KB)

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin il ərzində təhlükəsizlik səbəbindən yalnız az sayda ölkəyə gedə bilir, bir çox hallarda isə onu xarici işlər naziri Sergey Lavrov əvəzləməli olur.

Elxan Şahinoğlu qeyd edib ki, Lavrov son olaraq Malayziyada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısından sonra Şimali Koreyaya səfər edib. O, əvvəlcə şimali koreyalı həmkarı Çxve Son Xi ilə, daha sonra isə Şimali Koreya lideri Kim Çen In ilə görüşüb. Ekspertin fikrincə, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Pxenyanla əlaqələrini daha da intensivləşdirib, çünki Rusiya artıq Şimali Koreyanın hərbi texnikasına və canlı qüvvəsinə möhtacdır.

“Lavrov Pxenyandakı görüşlərdə Şimali Koreyanın Rusiyaya dəstəyini “səmimi həmrəylik aktı” adlandırıb. Halbuki, bunun qarşılığında Rusiya bu ölkəyə ərzaq yardımlarını artırıb. Lavrovun sözlərinə görə, Rusiyaya bu yardımların edilməsi barədə qərarı şəxsən Kim Çen In verib. Əlbəttə, Şimali Koreya kimi avtoritar ölkədə başqa kimin belə bir qərar verməsi mümkün idi ki?”, - deyə Elxan Şahinoğlu bildirib.

Ekspert əlavə edib ki, qeyri-rəsmi məlumatlara görə, Ukraynadakı Rusiya ordusunun sursat təminatının təxminən 40 faizi məhz Şimali Koreyadan gəlir. Pxenyan Moskvaya ballistik raketlər və artilleriya sistemləri göndərib, Rusiya isə bu hərbi dəstəyin daha da artırılmasını istəyir. Cənubi Koreya kəşfiyyatının məlumatlarına əsasən, iyul və avqust aylarında Şimali Koreya Rusiyaya daha çox hərbi texnika və hərbçi göndərməyi planlaşdırır.

Elxan Şahinoğlu onu da vurğulayıb ki, Lavrov Şimali Koreyadan sonra Çinə yollanıb. Çinin Tyantszin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında qarşıdan gələn sammitin gündəliyi və liderlərin imzalayacağı sənədlər müzakirə olunacaq. Rusiya isə bu təşkilata üzv dövlətlərin öz siyasətinə dəstəyinin artmasını istəyir.

“Ancaq Ukraynaya qarşı işğalçı müharibə davam etdikcə Çin və İran üçün də problemlər yaranır. İranın Rusiyaya dron və raket göndərməsi ABŞ və Aİ ilə münasibətlərin normallaşmasına imkan vermir. Çin isə Moskvaya birbaşa hərbi texnika verməsə də, texnologiya satışı ilə Rusiya müdafiə sənayesinin modernləşməsinə şərait yaradıb”, - deyə ekspert bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR