Onlayn ictimai-siyasi qəzet
Gələn il pensiya kapitalı artırılacaq.
Musavat.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.
"Əmək Pensiyaları haqqında" Qanuna əsasən, 2026-cı ildə yalnız pensiyalar deyil, vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək artırılacaq.
Onun sözlərinə görə, qanunun 29.1-1 maddəsinə əsasən, sığortaolunanların fərdi hesablarında qeyd olunan pensiya kapitalı hər il istehlak qiymətləri indeksinə uyğun şəkildə yenilənir. Bu o deməkdir ki, pensiya kapitalı 2025-ci ilin inflyasiya səviyyəsinə əsasən artırılacaq.
Deputat qeyd edib ki, Mərkəzi Bankın yeni proqnozuna görə, bu il inflyasiya təxminən 6 faiz olacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk doqquz ayında qiymət artımı 5,7 faiz təşkil edib.
"Əgər proqnoz dəyişməzsə, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Məsələn, 50 min manat pensiya kapitalı olan şəxsin vəsaiti gələn il təxminən 3 min manat artacaq. Dəqiq rəqəm isə yanvarda açıqlanacaq," - deyə Bayramov əlavə edib.
Deputat vurğulayıb ki, bu artım gələcəkdə pensiyaya çıxan şəxslərin daha çox məbləğ almasına və yığılan kapitalın inflyasiyadan qorunmasına imkan verəcək.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ