İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Bakı və İrəvana şifrəli mesajlar - Paşinyan “Vaşinqton variantı”nı seçib?

Rusiya sülh müqaviləsi məsələsində niyə ABŞ və Avropa kimi tələsmir? Soçi görüşü ərəfəsi separatçıbaşı Araik Arutunyanın Moskvaya çağırılmasının sirri...

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçlü formatda iki gün sonrakı Soçi görüşü ərəfəsi əsas sual ətrafında siyasi intriqa yenidən qızışıb: Bakı və İrəvan sülh anlaşması yönündə Brüsselin (Vaşinqtonun), yoxsa Moskvanın sülh təşəbbüsünü əsas götürəcək?

Ermənistanın “Hraparak” qəzeti yazıb ki, baş nazir Nikol Paşinyan Soçidəki görüşdə hətta hakimiyyət dəyişikliyi təhlükəsi olsa belə “sülh müqaviləsi”nin Rusiya variantını imzalamayacağını deyib. “Paşinyan onu da deyib ki, xalq hakimiyyətin tərəfindədir və o, Rusiyanın təhdidlərindən qorxmur. O həmçinin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev də Qərb variantının əleyhinə olduğu üçün saziş yaxın vaxtlarda imzalanmayacaq”, - deyə qəzet iddia edib.

Bu iddia hələ ki, rəsmi təsdiqini tapmayıb. Digər yandan, Azərbaycan üçün daha çox Qərbin sülh müqaviləsi variantı əlverişli olduğu halda, Bakı niyə onun əleyhinə getsin ki? Status məsələsinin məhz Rusiya variantında yer aldığı haqda ilk olaraq, “Kommersant” qəzeti yazmışdı. O da qeyd edilmişdi ki, Azərbaycan bu variantı rədd edib. Brüssel (Vaşinqton) sənədində isə status məsələsinin olmadığı deyilir.

*****

Srağagün “Valday” Diskussiya Klubundakı çıxışı zamanı Rusiya lideri V.Putin Kremlin dinc nizamlanma tərəfdarı olduğunu, lakin hansı variantı seçməyin “Ermənistanın, erməni xalqının və rəhbərliyinin işi olduğunu” söyləyib. “Hər halda, seçim nə olur-olsun, sülhə gətirib çıxararsa, hamımız bunun tərəfdarıyıq. Amma biz heç kimə heç nəyi sırımaq fikrində deyilik. Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyəcəyik. Əgər erməni xalqı və indiki Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə ”Vaşinqton variantı" deyilən variantı seçmək lazımdır, Ermənistanda belə düşünürlərsə, buyursunlar", - Putin bildirib.

Onun digər çoxmənalı ifadəsi budur: “Ermənistan bizim strateji müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, lakin böyük ölçüdə Ermənistanın təkliflərini rəhbər tutacağıq”.

Beləcə, Putin faktiki Ermənistanı Azərbaycana qarşı köhnə, radikal mövqeyə şirnikləndirmək və Brüssel prosesini pozmaq niyyətini büruzə verib. Guya Rusiya Ermənistana, Qarabağ ermənilərinə Qərbdən daha yaxşı sülh müqaviləsi təklif edir, Paşinyan iqtidarı isə imtina edir. Şübhəsiz ki, bununla Moskva həm də Ermənistan hakimiyyətini, ümumən oradakı nifrət elədiyi qərbyönlü qüvvələri qəliz durumla üzləşdirmək və ictimai qəzəbə gətirmək məramı güdür.

Maraqlıdır ki, yazı hazırlanarkən Paşinyan öz Twitter hesabında belə bir qeyd edib: “Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib. Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”.

Paşinyan konkret hansı təkliflərdən söhbət getdiyini açıqlamayıb. Ancaq bununla  Putinin onu daxildə hədəfə gətirmək planını öncədən pozmaq istədiyi istisna deyil...

*****

Yada salaq ki, sülh sazişinin Qərb və ya “Vaşinqton variantı”nın ilin sonunadək imzalanmasını əsasən Qərb, ABŞ istəyir. Paşinyan da Soçi danışıqları ilə bağlı bəyan edib ki, səmimi şəkildə sülh müqaviləsinin ilin sonunadək imzalanmasını arzulayır.

“Bu nə dərəcədə realdır? Mən və hökumətimiz bunun real olması üçün əlimizdən gələni edəcəyik. Amma bəzi məqamlar var. Saziş imzalanmazdan əvvəl sərhədlərin delimitasiyasının həyata keçirilməsi vacibdir. Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyi barədə razılığa gəldiyimizi nəzərə alsaq, bu, realdır, çünki həmin sərhədlər məlumdur. Bundan başqa, Azərbaycan və Dağlıq Qarabağ arasında beynəlxalq danışıqlar aparılmalıdır. Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi mexanizmi olmalıdır”, deyə vurğulayıb.

“Dağlıq Qarabağ”, “Beynəlxalq danışıqlar...” Göründüyü kimi, İrəvan yenə “köhnə dırmığın dişləri” üzərinə çıxıb Azərbaycanın daxili işi olan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsini beynəlxalq müstəviyə daşımağa cəhd edir, bununla da ərazi bütövlüyümüzü dolayısyla şübhə altına qoymağa çalışır.

Təbii ki, Azərbaycan belə hoqqalara imkan verməyəcək. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri bizim vətəndaşlardır və onların hüquqları məsələsini heç bir ikinci dövlət və ya beynəlxalq qurumla müzakirə etməyəcək.

*****

Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Azərbaycanla sülh sazişi mümkün qədər tez imzalanmalıdır. “Hesab edirəm ki, ”ilin sonuna qədər" ifadəsi tərəflər arasındakı razılaşmanın nəticəsi deyil, standart son tarixdir. Tərəflər sülh haqqında saziş imzalamaq istəyirlər və bu mümkün qədər tez imzalanmalıdır", - erməni spiker vurğulayıb.

Baş nazir Nikol Paşinyan da Soçi görüşü ərəfəsi eyni fikri təkrarlayıb.

Lakin Rusiya heç vaxt “ilin sonuna kimi imzalamaq” təklifi ilə çıxış eləməyib. Moskva üstəlik, Ukrayna böhranını bəhanə edərək sülh müqaviləsini tezləşdirməyin zəruriliyi yönündə indiyədək hər hansı açıqlama verməyib. Yalnızca Brüssel, Vaşinqton proseslərini qaralamaqla məşğul olub.

Putinin yuxarıdakı sitatında da eyni qısqanclıq aydın hiss olunur. İlk baxışda o, hər şeyi erməni xalqının, Ermənistan rəhbərliyinin ixtiyarına buraxır, amma hamı bilir ki, altdan-altdan buna əngəl yaradır, o cümlədən Qarabağdakı separatçı ünsürlərin əli ilə təhlükəli oyunlar qurmaqla. Separatçıbaşı Araik Arutunyanın öz başının dəstəsi ilə məhz Soçi görüşü ərəfəsi Moskvaya yollanması, Qarabağ anklavında Azərbaycan əleyhinə süni “Rus icması” layihəsinin israrla irəli aparılması qənaətimizi möhkəmləndirir.   

Bu mənada Soçidə Rusiyanın tərəflərə AB və ABŞ-dan daha konstruktiv nə təklif edəcəyi çox maraqlıdır...

*****

Doğrudur, Ermənistan rəhbərliyinin sülh müqaviləsi məsələsində tələsməsi İrəvanda birmənalı qarşılanmır. Bunu Paşinyan hökumətinin öz iqtidarını xilas eləmək istəməsinin üsulu kimi də qəbul edənlər var, Ermənistanı guya “ikinci kapitulyasiya”ya hazırlandığını iddia edənlər də. Halbuki söhbət, sadəcə, iki qonşu ölkə arasında sırf beynəlxalq hüquqa söykənən 5 məlum prinsip əsasında böyük sülh sazişi imzalamaqdan gedir.

Lakin nisbətən obyektiv düşünənlər də yox deyil. Armnenianreport.com-dakı məqalənin müəllifi Qalust Qriqoryan kimi. Müəllif Paşinyanın hökumətinin sülh müqaviləsi ilə bağlı tələskənliyini belə izah edir: “Bizim rəhbərliyin belə tələskənliyi nə ilə bağlıdır? O, (Paşinyan - red.) görür ki, Rusiya və İrana sadəcə olaraq ümid bəslənə bilməz. Dünyada prosesləri ABŞ idarə edir. Hansı ki, bölgədə sülhü necə təsəvvür elədiyini artıq bəyan edib. Bəli, biz ”artsax"ı qurban verməli olacağıq. Ancaq əvəzində Ermənistanı xilas edəcəyik və nəhayət, Rusiya ilə əlaqəni kəsmək üçün böyük perspektivi saxlayacağıq. Bununla da nəhayət, demokratik və iqtisadi inkişaf yoluna qədəm qoyacağıq. Bu isə Rusiyanın bizə heç vaxt verə bilmədiyi bir şeydir".

Razılaşmamaq çətindir: rus əsgərinin durduğu yerdə heç vaxt ədalətli sülh və inkişaf bərqərar olmayıb. Yəqin ki, olmayacaq da. Odur ki, Kreml rəhbərinin son “Valday” mesajlarından biz də öz payımızı götürməliyik...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR