İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin üçün Cenevrə riskli, Budapeşt yaxın, Türkiyə isə əlverişli seçimdir”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün görüş məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, əgər belə bir dialoq gündəmə gələrsə, bu, mütləq neytral ölkələrin birində keçirilməlidir.

“Çünki hazırda Ukraynada və bütövlükdə Avropa qitəsində müharibə gedir. Mən dedim ki, razıyıq – İsveçrə, Avstriya ola bilər. Türkiyə? Bizim üçün Türkiyə NATO ölkəsidir və Avropanın bir hissəsi sayılır. Biz buna da qarşı deyilik. Çünki mənim üçün heç bir xüsusi şərt olmadan görüş Ukrayna tərəfinin proaktiv addımıdır. Amma Moskvada görüş ola bilməz”, - Zelenski vurğulayıb.

Siyasi şərhçilər qeyd edir ki, Zelenskinin bu açıqlaması onun həm dialoqa açıq olduğunu, həm də Rusiya ilə münaqişənin fonunda siyasi balansı qorumağa çalışdığını göstərir. Neytral məkan kimi İsveçrə və Avstriyanın adı təsadüfi deyil – hər iki ölkə tarixi olaraq diplomatik vasitəçilik və neytrallıq siyasəti ilə tanınır. Türkiyənin də bu siyahıya əlavə olunması Ankaranın həm NATO üzvü, həm də regionda vasitəçi rolunda çıxış etməsi ilə bağlıdır. Rusiya prezidenti Vladimir Putinlə Macarıstanda görüş keçirilməsi barədə suala cavab verən Zelenski bu ideyanı real görmədiyini bildirib. Onun sözlərinə görə, bu, sadə məsələ deyil:

“Bir platforma olaraq Budapeştə gəlincə, mənə elə gəlir ki, bu, asan deyil. Çünki müharibə dövründə Avropa ölkələri Ukraynanı dəstəkləməkdə birlik nümayiş etdiriblər. Amma düzü, Budapeşt bizi dəstəkləmədi. Mən demirəm ki, Orbanın siyasəti Ukraynaya qarşı olub, amma Ukraynanın dəstəklənməsinə qarşı olub”, – deyə Zelenski əlavə edib.

Siyasi şərhçilər bu açıqlamaya isə şərh veərrək bildirirlər ki, Ukrayna rəhbərliyi üçün görüş yeri yalnız texniki məsələ deyil, həm də siyasi simvolizm daşıyır. Macarıstanın müharibə dövründə Ukraynaya yardım məsələlərində tərəddüdlü mövqe sərgiləməsi Budapeştin neytral platforma kimi qəbul edilməsinə mane olur. Zelenskinin bəyanatı göstərir ki, Ukrayna tərəfi münaqişənin diplomatik yolla həlli üçün açıqdır, lakin bunun müəyyən şərtləri mövcuddur. Ən əsas məqam – görüşün Ukraynanın maraqlarına zidd məkanlarda baş tutmaması və tərəflərin bərabər mövqedə çıxış edə bilməsidir.

Bəs Zelenski ilə Putinin görüşü baş tutsaydı, ən münasib məkan hansı ölkə ola bilərdi – İsveçrə, Avstriya, Türkiyə, yoxsa başqa bir dövlət? Belə bir görüş real sülh prosesinə təkan verə bilərmi, yoxsa yalnız diplomatik jest xarakteri daşıyardı? Ümumiyyətlə, Ukrayna-Rusiya müharibəsinin diplomatik həlli mümkün görünürmü, yoxsa tərəflərin mövqeləri hələ də çox uzaqdır?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxansahinoglu.jpg (32 KB)

Politoloq qeyd edib ki, hazırda əsas məsələ Ukrayna və Rusiya prezidentlərinin harada görüşəcəkləri deyil, ümumiyyətlə görüşün baş tutub-tutmayacağı və tərəflərin dialoqa hazır olub-olmamasıdır:

“Çünki həm Rusiya prezidenti, həm də Rusiya xarici işlər naziri belə bir görüşün baş vermə ehtimalını çox aşağı qiymətləndiriblər. Baxmayaraq ki, Donald Tramp son günlərdə ikitərəfli və ya üçtərəfli görüşlərin mümkünlüyündən danışır, lakin Rusiya xarici işlər naziri Sergey Lavrov bu cür görüşləri təkzib edib. Alyaskada keçirilən görüşdə də Lavrov Trampın onları düzgün başa düşmədiyini iddia edib. Bu isə o deməkdir ki, görüşün baş tutma ehtimalı hazırda kifayət qədər aşağıdır. Əvvəlcə ümumi razılaşma əldə olunmalıdır ki, bundan sonra görüşün harada keçiriləcəyi barədə müzakirələrə başlanılsın.

Məkan məsələsinə gəlincə, ən çox adı hallanan ölkələrdən biri İsveçrə, xüsusən də Cenevrədir. Uzun illərdir Cenevrə beynəlxalq diplomatiyanın əsas mərkəzlərindən biri kimi tanınır. Soyuq müharibə illərində belə ABŞ və SSRİ liderlərinin görüşləri məhz burada baş tutub. Buna görə də Cenevrə variantı irəli sürülür. Lakin Putinin Cenevrəyə getməsi ilə bağlı ciddi suallar var. Çünki Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə onun barəsində həbs orderi mövcuddur və İsveçrə də bu qərara tabedir. Bununla belə, İsveçrə rəsmiləri bəyan ediblər ki, əgər Putin Cenevrədə görüşə razı olsa, ona toxunulmayacaq. Amma bütün hallarda Putinin belə bir riskə getməsi inandırıcı görünmür.

Digər ehtimal olunan məkan Macarıstandır. Çünki Rusiya ilə Macarıstan arasında, xüsusən də Putin və Viktor Orban arasında yaxın münasibətlər mövcuddur. Bu səbəbdən Moskvanın Avropa ölkələri içində daha çox Budapeşt variantına üstünlük verdiyi iddia olunur”.

Elxan Şahinoğlu qeyd edib ki, Türkiyə də bu məsələdə real variantlardan biri hesab edilir:

“Zatən bu ölkədə indiyədək müxtəlif səviyyəli diplomatik görüşlər baş tutub. Həm coğrafi mövqeyi, həm də vasitəçi rolunda topladığı təcrübəyə görə Türkiyə ən münasib məkanlardan biri ola bilər. Lakin qeyd etdiyim kimi, əsas məsələ görüş yerinin müəyyənləşdirilməsi deyil. Ən vacib məqam tərəflərin dialoqa razı olub-olmamasıdır. Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə Putinlə görüşməyə hazır olduğunu bəyan edib. Amma Rusiya lideri hələ ki, belə bir niyyətinin olduğunu açıqlamayıb. Bu da prosesin perspektivlərini sual altında saxlayır”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR