Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin son telefon söhbəti Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunması üçün hələ xeyli yol gedilməli olduğuna işarə edir. Çünki Kreml hələ də buna ciddi maneə yaradır.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
ABŞ nəşri bildirir ki, Tramp indi seçim qarşısındadır: ya Putinə güzəştə getməsi üçün real təzyiq göstərməli, ya da daha çox güzəşt qoparmaq üçün Ukraynaya təzyiqləri artırmalıdır:
“Amerika lideri dilemma ilə üzləşib. O, ya Rusiya liderinə etibar edib sülhə nail olmağa çalışa, ya da Kremlə sövdələşmə üçün təzyiq göstərə bilər ki, bu da ABŞ prezidentinin Vaşinqtonla Moskva arasında əlaqələri bərpa etmək səylərini pozacaq”.
ABŞ analitikləri sülh sazişinə hələ xeyli yolun qaldığını düşünürlər. Ekspertlər anlaşılmazlıqlar və səhv hesablamalar səbəbindən uzunmüddətli danışıqlar ehtimalını yüksək hesab edirlər.
Həmçinin materialda vurğulanır ki, Tramp sülh sazişinə ümidini qoruyaraq, Ukrayna ilə bağlı sövdələşməyə nail olmaq üçün Kiyevə təzyiqləri artıra bilər. Bu, sülhdən yayınmaq istəyən Putinə mümkün danışıqlarda öz məqsədlərinə nail olmaq üçün əlavə imkanlar verə bilər.
“Bu, uzun bir proses olacaq. Putin hələ də maksimalist tələblərinə nail ola biləcəyini düşünür”, - Trampın Ukrayna üzrə keçmiş nümayəndəsi Kurt Volker deyib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 15.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ