Onlayn ictimai-siyasi qəzet
Putinin müşaviri, Rusiyanın sabiq mədəniyyət naziri Vladimir Medinski son çıxışında Alyaska ilə bağlı qalmaqallı iddia irəli sürüb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, guya Alyaska satılmayıb, yalnız ABŞ-a icarəyə verilib və iki ildən sonra icarə müddəti bitəcək, torpaq Rusiyaya qayıdacaq. Medinski hətta iddia edib ki, bu məsələ barədə Vladimir Putin Alyaska sammitində ABŞ prezidenti Donald Tramp ilə də danışıb. Lakin tarixi sənədlərə əsaslanaraq bu bəyanatların heç bir real əsası olmadığı aydın görünür və onlar Kremlin populist ritorikasının məhsuludur.
Musavat.com tarixi qaynaqlara istinadla bildirir ki, rus tədqiqatçıları və missionerləri XVIII əsrdən etibarən Alyaskaya ayaq basmış, "Rus-Amerika" Şirkəti vasitəsilə burada kürk ticarəti və məhdud məskunlaşma siyasəti həyata keçirilmişdi. 1824 və 1825-ci illərdə ABŞ və Böyük Britaniya ilə imzalanan müqavilələrlə Alyaskanın sərhədləri beynəlxalq hüquqi müstəvidə müəyyənləşdirilmişdi. XIX əsrin ortalarında isə Krım müharibəsindəki məğlubiyyət, imperiyanın iqtisadi çətinlikləri və Britaniyanın bölgədəki təhdidləri səbəbindən Rusiya bu ucqar ərazini saxlamaqda çətinlik çəkirdi. Məhz buna görə də 1860-cı illərdən etibarən Alyaskanı ABŞ-a satmaq məsələsi gündəmə gətirildi.
30 mart 1867-ci ildə ABŞ-ın dövlət katibi Uilyam Syuard ilə Rusiyanın Vaşinqtondakı elçisi Eduard de Stokl müqavilə imzaladı. Alyaska 7,2 milyon dollara satıldı ki, bu da akr başına cəmi 2 sent demək idi. ABŞ Senatı müqaviləni 15 may 1867-ci ildə ratifikasiya etdi, 18 oktyabr 1867-ci ildə Sitkada bayraq dəyişdirmə mərasimi keçirildi və Alyaska rəsmi olaraq ABŞ-a təhvil verildi. Bütün tarixi mənbələr təsdiqləyir ki, müqavilə icarə əsasında deyil, birdəfəlik alqı-satqı şəklində bağlanıb. Heç bir mənbədə Alyaska müqaviləsinin müddətli olması, yaxud müəyyən dövrdən sonra geri qaytarılması barədə qeyd yoxdur. Alyaska ABŞ-ın daimi ərazisi kimi qəbul olunub və 1959-cu ildə ştat statusu verilərək rəsmi olaraq ABŞ-ın 49-cu ştatı elan edilib.
Doğal sərvətlərlə zəngin Alyaskada 12 mindən çox çay və çoxsaylı göllər mövcuddur. Paytaxtı Cunyo yalnız qayıq və ya təyyarə ilə gedilə bilən yeganə ABŞ ştat paytaxtıdır. Ankoricdəki Hud gölü isə gündə təxminən 200 uçuşla dünyanın ən işlək su təyyarəsi bazası hesab olunur. Prezidentlər Tramp və Putin ştatın ən böyük hərbi obyekti olan Elmendorf-Riçardson Birgə Bazasına toplaşacaqlar. 64 min akrlıq bu baza ABŞ-ın Arktikadakı hərbi hazırlığı baxımından strateji əhəmiyyətə malik bölgə sayılır.
Rusiyada imperiya nostaljisi ilə yaşayan müəyyən dairələr Alyaskanı “köklü rus torpağı” kimi qələmə verir, lakin bu, təbliğatdan başqa bir şey deyil. Medinskinin “iki ildən sonra Alyaska Rusiyaya qayıdacaq” bəyanatı tarixi və hüquqi baxımdan əsassızdır. Reallıq budur ki, 1867-ci ildən etibarən Alyaska ABŞ-ın ərazisidir, müqavilənin heç bir müddət limiti yoxdur və geri qaytarılması ilə bağlı hər hansı maddə mövcud deyil. Bu baxımdan Medinskinin açıqlamaları faktoloji deyil, Kremlin hazırkı ideoloji xəttinə uyğun olaraq ictimai rəyə yönəlik siyasi və populist ritorikanın bir hissəsi hesab olunmalıdır.
Musavat.com
24 Avqust 2025
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ