Onlayn ictimai-siyasi qəzet
Müharibə şəraitində hər iki tərəf müdafiə nazirlərini yenilədi; ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu və analitiklər Şoyqunun yerinə təyinatın səbəblərini sadaladı
Müharibənin gedişində hər iki tərəf - Rusiya və Ukrayna müdafiə nazirlərini dəyişdi. Bir qədər əvvəl Ukraynanın müdafiə naziri Aleksey Reznikovu Rüstəm Ömərov əvəzlədi, Rusiyada Sergey Şoyqunun yerinə isə Andrey Belousov təyin olundu.
Bununla da cəbhədə şiddətli və ağır döyüşlər getdiyi bir zamanda Zelenski bir Krım tatarını müdafiə naziri postuna gətirdi, Putin isə bir tuva türkü olan Şoyqunu Təhlükəsizlik Şurasının katibi gətirdi. Üstəlik, onun yerinə mülki şəxs qoyuldu. Bu da maraqlı gediş idi. Lakin Rusiyanın mülki şəxsi müdafiə naziri gətirməsi ehtimal yaradır ki, Moskva taktiki-operativ strategiyasını dəyişmək fikrindədir. Hərçənd yayda Ukrayna əks-hücuma hazırlaşır. Gözləyək, Putin yeni komandanla hansı planlar qurub...
“Yeni Müsavat” arayış üçün bildirir ki, Şoyqu eyni zamanda Putinin Rusiya Federasiyasının Hərbi-Sənaye Komissiyasında müavini olacaq. Andrey Belousov isə Rusiyanın müdafiə naziri təyin olunmazdan əvvəl Rusiya Federasiyası baş nazirinin birinci müavini vəzifəsində çalışıb. O, 2020-ci ildən hökumətdə işləyib və iqtisadi bloka nəzarət edib. Yeni müdafiə naziri haqqında daha nə məlumdur. Müdafiə naziri Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə iqtisadi inkişaf və ticarət nazirinin müavini, iqtisadi inkişaf nazirinin müavini, 2008-2012-ci illərdə hökumətdə iqtisadiyyat və maliyyə departamentinin direktoru olub. 2012-2013-cü illərdə Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri vəzifəsində çalışıb. 2013-cü ildən 2020-ci ilə kimi yeddi il ərzində Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsində çalışıb.
Əslində isə Şoyqu heç də kiçik vəzifəyə təyinat almadı. O, müharibənin gedişinə nəzarət edə biləcək. Bütövlükdə Təhlükəsizlik Şurasının katibi kimi böyük səlahiyyətlərə sahiblənəcək. Onun xələfi Nikolay Patruşevin isə hansı posta təyinat alacağı dəqiqləşməyib. Rusiyalı ekspert İqor Korotçenko deyib ki, Nikolay Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibi kimi Rusiya dövlətinin əsaslarının möhkəmlənməsinə böyük töhfə verib və Patruşevi əvəz edən Sergey Şoyqunun müdafiə naziri vəzifəsində işləyərkən qazandığı təcrübə Təhlükəsizlik Şurası aparatının müasir tələblərlə işini təmin etmək üçün lazım olacaq.
ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb ki, Andrey Belousovun Rusiyanın yeni müdafiə naziri vəzifəsinə namizəd kimi irəli sürülməsi Kremlin Ukrayna ilə uzun sürən müharibəyə hazırlığından xəbər verir.
Belousov on ilə yaxın federal hökumətdə iqtisadiyyat naziri vəzifəsində çalışıb. Bu müddət ərzində o, müdafiə sənayesi kompleksi, PUA sahəsində müxtəlif yerli innovativ layihələrin idarə edilməsində iştirak edib. Bu isə onu acınacaqlı vəziyyətdə olan Rusiya Müdafiə Nazirliyinin aparatına rəhbərlik etməyə yaxşı hazırlayıb. Sergey Şoyqunun rəhbərlik etdiyi müdafiə qurumu yüksək səviyyəli korrupsiya və bürokratik ətalət ittihamları ilə mübarizə aparıb, eyni zamanda Rusiya hərbi müşahidəçilərinin daimi tənqidləri ilə üzləşib. Belousov effektiv texnokrat kimi güclü reputasiyaya malikdir və daxili mənbələr onun Putinlə müsbət münasibətinin olduğunu bildirir.
O, 2023-cü ilin noyabrında müdafiə layihələri və texnoloji əməkdaşlığı müzakirə etmək üçün prezidentlə görüşüb, həmçinin Putinlə Rusiya PUA istehsalındakı problemlər barədə danışıb. Texnoloji innovasiyaların və Rusiya müdafiə sənayesi məhsullarının, xüsusən də diqqətin PUA sahəsinə maksimum yönəldilməsi, çox güman ki, Kremlin müharibə səyləri üçün son dərəcə dəyərli ola bilər. 2023-cü ilin yanvarında Belousov şəxsən Rusiyanın 2030-cu ilə qədər ildə 32 min PUA istehsalı üçün 696 milyard rubl (təxminən 7 milyard dollar) ayrılmasını nəzərdə tutan “Pilotsuz Təyyarə Sistemləri” layihəsini başa çatdırdığını elan edib.
Putin Belousovdan federal iqtisadi siyasəti Rusiya Müdafiə Nazirliyinin proqramı ilə inteqrasiya etmək üçün mülki dövlət idarəsindəki təcrübəsindən istifadə edəcəyini, beləliklə, Rusiya müdafiə sənayesini daha geniş, uzunmüddətli miqyasda tam səfərbər edəcəyini və daxili iqtisadi siyasətlə inteqrasiyasını gözləyir. Bu səylər daha dolğun iqtisadi səfərbərliyə zəmin yaradır və Kremlin Ukraynada uzun sürən müharibəyə hazırlığını davam etdirdiyini göstərir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov qeyd edib ki, Putinin Andrey Belousovun namizədliyini müdafiə naziri postuna təqdim etməsi çox maraqlı və diqqətçəkən addımdır. Siyasi şərhçi Belousovun dövlət dairələrində oynadığı rola diqqəti çəkib: “Andrey Belousov Vladimir Putinin şəxsi iqtisadçısıdır. İqtisadi blokda bütün müvafiq strukturların fikirləri, həmçinin Belousovun rəyi də var. Məhz o, administrasiyada, sonra isə hökumətdə strateji qərarların qəbul edilməsinə, ümumi razılığın əldə olunmasına və bunların Putinin fikri ilə əlaqələndirilməsinə cavabdeh idi”.
Fərhad Məmmədov
Fərhad Məmmədov Belousovun müdafiə naziri təyin olunması təşəbbüsünün əsas məqsədlərini sadalayıb: “Müharibə edən ölkədə hərbi rütbəsi olmayan şəxsin müdafiə naziri təyin edilməsi hansı mənaya gəlir? Fikrimcə, burada üç əsas məqsəd var: birincisi, müdafiə sahəsinə ayrılan böyük maliyyə vəsaitlərinə tam nəzarət; ikincisi, müharibədə bütün məsuliyyətin Baş Qərargaha verilməsidir. Üçüncüsü isə odur ki, Putin bütün iqtisadiyyatı tamamilə və geriyə dönüşü olmayacaq şəkildə hərbi vəziyyətə keçirmək qərarı verib. Bu, generalların xoşuna gələcək. Amma təyinatla bağlı, əksinə, bunu demək mümkün deyil”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğluna görə, Putin Ukraynadakı müharibənin gedişatından ilk gündən narazı idi: “Çünki Putin Krımın ilhaqı kimi Ukraynanın tən yarısının işğalını da bir neçə günə bitirməyi planlaşdırırdı. Olmadı, müharibə uzandı və Kreml sahibi buna görə dostu müdafiə naziri Sergey Şoyqudan narazı qalmalı idi. Ancaq Putin Şoyqunu istefaya göndərməyə ehtiyat edirdi. Bu halda Kreml sahibinin müharibənin gedişatından narazı qaldığı büruzə veriləcəkdi. Prezident seçkisindən sonra hökumətdə yerdəyişmələr üçün münbit zəmin formalaşıb. Kreml sahibi Sergey Şoyqunu müdafiə naziri vəzifəsində təsdiq etməməsini yeni komandanın formalaşması kimi qələmə verəcək”.
Analitikin fikrincə, Putin 65 yaşlı iqtisadçı Andrey Belousovu iki səbəbdən müdafiə naziri təyib edib: “Birincisi, Putin ordudakı korrupsiyadan narazıdır, hərbiyə və müdafiə sənayesinə ayrılan pulların bir qismi generalların varlanmasına xidmət edir. Putin Belousovdan orduda korrupsiya hallarını ortadan qaldırmağı tələb edəcək. İkincisi, Belousov ordunun təchizatını modernləşdirməlidir. Belousovun müdafiə naziri təyin edilməsi göstərir ki, Putinə bu vəzifədə peşəkar hərbçi lazım deyil. Kreml sahibinə ordunun maliyyəsinə və təchizatına nəzarət edən texniki müdafiə naziri lazımdır. Müharibəyə Baş Qərargah rəisi və onun müavinləri başçılıq edir və onlar birbaşa Putinə hesabat verirlər”.
E.Şahinoğlunun sözlərinə görə, Kreml sahibinin Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırmasının da mənası var: “Patruşev bu vəzifədə ikən yerli və xarici ekspertlər Putinin onu varis kimi seçəcəyini ehtimal edirdilər. Putin bu ehtimalların üstündən xətt çəkdi. Bəs Şoyqunun Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı onun Putinin varisi olacağına zəmin yaradırmı? Bunu indidən söyləmək çətindir. Putin Şoyqunu yanında saxlamaq istəyir. Ancaq Şoyqu müharibə gedişatında Putinin etibarını doğrultmayıb. Müharibə qısa müddətdə Rusiyanın xeyrinə bitsəydi, Şoyqunun Putinin varisi olacağı ehtimalı artacaqdı. Ancaq müharibə uzandı və nə zaman bitəcəyi də bəlli deyil. Putin varis üzərində düşünməmiş deyil, ancaq o bunu son anda müəyyənləşdirəcək”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ