Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan kimi “siyasi axsaq” belə Koçəryan və Sərkisyanı “siyasi meyit” adlandırırsa, Rusiya prezidenti üçün onlar niyə belə önəmlidir...
Rusiya prezidenti Vladimir Putinin Yeni il münasibətilə Serbiya prezidenti Aleksandr Vuçiçə, Macarıstanın baş naziri Viktor Orbana, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, Azərbaycan rəhbəri İlham Əliyevə, Venesuela prezidenti Nikolas Maduroya, Kuba lideri Migel Diaz-Kanel Bermudezə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, MDB-dəki digər dövlət başçılarına, eləcə də Hindistanın baş naziri Narendra Modiyə və Şimali Koreya lideri Kim Çen In təbrik yollayıb.
Putinin bu il təbrik göndərdikləri sırasında yenə də Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sərkisyanın adları var. Kremlin rəsmi məlumatına görə, Rusiya rəhbəri Raul Kastro(Kuba), Nursultan Nazarbayev(Qazaxıstan) və Gerhard Şröder(Almaniya) kimi keçmiş liderlərə də təbrik göndərib.
Putinlə sabiq Almaniya kanslerinin dostluq münasibətlərinin tarixi 20 il əvvələ gedib çıxır. 2000-ci ildə Putin Rusiya prezidenti kimi ilk Avropa turnesinə çıxanda Şröder artıq 2 il idi ki, Almaniya kansleri idi. Şröder rusiyalı həmkarına ehtiyatlı yanaşsa da, Putinin alman dilini mükəmməl bilməsi onda Rusiya prezidentinin personasına maraq yaratmışdı. 2004-cü ildə Putin Şröderin 60 illik yubileyini qeyd etmək üçün artıq dəvətlilər sırasında idi. Elə həmin il Şröder Putini Soçidəki iqamətgahında ziyarət etdi. Jurnalistlər hesablamışdılar ki, siyasətçilər tanış olduqları 4 il müddətində müxtəlif tədbirlər çərçivəsində 50 dəfədən çox görüşüblər.
2005-ci ildə Şröder kansler postunu tərk etdi, lakin Putinlə əlaqələrini kəsmədi. Əksinə, onların dostluğu daha da möhkəmləndi. Rusiya prezidenti Şröderi “Şimal axını”nın tikintisinə cavabdeh olan şirkətdə rəhbər vəzifəyə dəvət etdi, o da razılaşdı. İndi 80 yaşı olan sabiq kanslerlə Putinin münasibətləri haqda danışanlar deyirlər ki, onların münasibətləri həqiqətən də təmannasız dostluq kimi qiymətləndirə bilər. Yeri gəlmişkən, Putin son geniş mətbuat konfransında dünyada lider böhranı haqda danışdı, Şröderi da yada salıb.
Nazarbayevə gəlincə, Qazaxıstanın sabiq prezidenti son olaraq dekabrın 13-də Putinin Novo-Oqaryovadakı iqamətgahında olub. Niyə gəlmişdi, nəyi müzakirə etdiklər, bilinmədi. 2022-ci ilin yanvarın 8-də Nazarbayev hakimiyyətdən devrilməsindən sonra o, Qazaxıstanda və ümumikdə postsovet məkanında siyasi proseslərə təsirini əhəmiyyətli dərəcədə itirib. Nazarbayev və onun çevrəsi ciddi korrupsiya ittihamları ilə də üzləşib. Bununla belə, Putinlə Nazarbayevin mübhəm münasibətləri qalmaqdadır. Bəllidir ki, Avrasiya İqtisadi Birliyinin yaradılması ideyası Nazarbayevə məxsusdur və Putin də həmişə bu faktı minnətdarlıqla xatırladır. Sonuncu görüş haqda da belə ehtimallar var ki, Nazarbayev və onun klanı son vaxtlar yenidən Qazaxıstanda üstün mövqelərə can atır və bu səbəbdən ailə yaxın dostu olan Putindən bu məsələdə “məsləhət istəyir”.
Rusiya prezidentinin Ermənistanın keçmiş liderlərinə bu cür diqqəti yeni deyil, xüsusilə Rober Köçəryanı ad günündə (avqustun 31-i) yaddan çıxarmaması bəlli faktdır. Amma illər keçdikcə daha çox düşünürsən ki, əcaba, Xankəndi doğumlu sabiq Ermənistan prezidentləri Kreml rəhbəri üçün niyə belə mühüm persona olsunlar ki? Onları öz ölkələrində belə uğurlu siyasətçi hesab etmirlərsə, Nikol Paşinyan kimi naşı, “siyasi axsaq” belə Koçəryan və Serj Sərkisyanı “siyasi meyit” adlandırırsa, Rusiya prezidenti üçün onlar niyə belə önəmlidir? Siyasətdən az-çox xəbəri olanlar da bilir ki, nə Robik, nə Serjik çaplarına görə nəinkli Şröderlə, Nazarabayevlə heç uzaq Kubanın Kastrolar nəslinin nümayəndələri ilə belə siyasət tərəzisinə qoyulacaq ağırlıqda deyillər...
Koçəryan müsahibələrinin birində deyib ki, 8 illik prezidentliyi müddətində heç vaxt Putinlə bir-birlərinə yalan danışmayıblar. “Deyə bilmərəm ki, ilk təmasdan dostluq qurduq. Ciddi insanlar bir-iki əlaqə, iki-üç görüşlə dostluğa başlaya bilməz. Bu belə olmur. Dost anlayışına çox ciddi yanaşıram ki, kiminləsə bir, iki və ya üç dəfə görüşəndən sonra o mənim dostumdur deməyə dilim dönməz” -Köçəryan deyib.
Rusiya prezidentinin Serj Sərksiyanla münasibətləri haqda isə heç vaxt “dostluq” sözü xatırlanmayıb, Paşinyanın “inqilabi” yolla hakimyyətə gəlməsindən sonra Kreml rəhbərinin hətta Sərkisyandan narazı qaldığı haqda da iddialar vardı. Bildirilirdi ki, Putin dostluqlarına baxmayaraq, istefaya getməmişdən əvvəl onu xəbərdarlıq etmədiyindən incimişdi.
Putinin kiminlə dostluq, kiminlə düşmənçilik etməsi bizim qarışacağımız iş deyil, amma söhbət Azərbaycan xalqına çox pisliklər etmiş, torpaqlarını 30 ilədək işğal altında saxlayan iki Ermıənistan prezidentindən gedirsə, bunu bizi düşündürməsi təəccüblü də olmamalıdır.
Erməni ekspertləri o fikirdədirlər ki, Moskva ilə İrəvan arasında münasibətlər Putinlə keçmiş dövlət başçıları arasında əsasən, “patron- işçi” prinsipinə əsaslanıb. Yəni xüsusilə Sərkisyanın 2018-ci ildə “məxməri inqilab”la devrilməsinə Moskvanın müqavimət gstərməməsi də onu sübut etdi ki, Rusiya üçün dostluqlar deyil, siyasi maraqlar həmişə öndə olub, belə də olacaq. Demək, hələ də Rusiyanın Robik və Serjikdən istifadə etmək üçün şansları qalır. Amma harada və nə vaxt?
Nazim Sabiroğlu,
Musavat.com
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ