İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “Naxçıvan yeparxiyası”nın erməni keşişinə orden verdi – Azərbaycana qarşı açıq təxribat

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin “Rusiya və Yeni Naxçıvan yeparxiyası”nın rəhbəri, Erməni Apostol Kilsəsinin arxiyepiskopu Ezrasa Aleksandr Nevski ordeni təqdim edib. Məlumatı “Sputnik” yayıb.

Kreml mərasimi Rusiya Federasiyasının dini və ictimai həyatı üçün “xidmətlərinə görə” kimi təqdim edib. Lakin diqqət çəkən məqam ordenin təqdim olunduğu şəxsin titulundakı “Yeni Naxçıvan yeparxiyası” ifadəsidir. Bu termin Azərbaycan dövlətinə qarşı açıq təxribatdır və hər zaman ictimaiyyətimizdə etiraz doğurub.

Musavat.com -un arayışı:

“Rusiya və Yeni Naxçıvan yeparxiyası” — Erməni Apostol Kilsəsinin Rusiyada fəaliyyət göstərən dini idarəetmə strukturudur. Bu struktur XIX əsrdə Don çayı sahilində yerləşən və tarixi olaraq “Naxçıvan-na-Donu” adlandırılan erməni məskunlaşmasından qaynaqlanır. Yəni üzdə və formalitədə güya Azərbaycana, Naxçıvana qarşı heç bir iddia yoxdur. Lakin əslində isə var. Həmin “Novo Naxçıvan” adlanan ərazi güya "eməni torpaqları olan qədim Naxçıvan"ı simvolizə edir. Formalda Novo Naxçıvanın Naxçıvan Muxtar Respublikasına dəxli yoxdur; lakin bu, bir ideoloji təxribatdır və Erməni Kilsəsinin Azərbaycanın qədim Naxçıvan ərazisinə iddiaların fərqli modelidir.

Kilsənin adında saxlanılan bu termin birbaşa Naxçıvana, Azərbaycan suverenliyinə münasibətdə düşməncə sayğısızlıq, ideoloji manipulyasiyadır.

Bizə görə Kreml bu terminologiyanın həssaslığını yaxşı bilir. Belə bir vəziyyətdə Putinin məhz “Yeni Naxçıvan yeparxiyası”nın rəhbərini ordenlə təltif etməsi yerinə düşmür və müəyyən mesaj daşıyır — həm Rusiya-Ermənistan kilsə əlaqələrinin, həm də dini diplomatiya vasitəsilə Qafqazda təsir imkanlarının nümayişidir. 

Rusiya uzun illərdir erməni kilsəsini regionda öz yumşaq, bəzən isə birbaşa qaba güc alətlərindən biri kimi istifadə edir. Kreml kilsə nəzdində yaradılan erməni terror təşkilatlarından hər zaman Osmanlıya, daha sonra onun varisi olan Türkiyəyə və Azərbaycana qarşı istifadə edib. Bu dəfə isə “Nevski ordeni” vasitəsilə Moskva bir daha göstərir ki, Qafqazda kilsə, tarix və simvollar üzərindən siyasi manevr etmək xəttindən əl çəkməyib.

Musavat.com olaraq bir daha bildirirk ki, “Yeni Naxçıvan yeparxiyası” Rusiyada yaşayan erməni diasporunun kilsə qurumudur. Amma onun adında “Naxçıvan” sözünün saxlanılması, Azərbaycan üçün qəbulolunmaz məna yükü daşıyır.

Putinin bu kilsə rəhbərinə yüksək orden təqdim etməsi, regionda tarixi və dini simvollar üzərindən təsir oyununun davam etdiyini göstərir.
Bu, həm ideoloji, həm də simvolik səviyyədə Azərbaycanın suverenlik məsələlərinə həssas yanaşma tələb edən mövzudur. Azərbaycanla yenicə barışan Putinin köməkçiləri bu detalı nəzərə almalı idilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR