Onlayn ictimai-siyasi qəzet
ABŞ hakimiyyəti Belarusun Belavia aviaşirkəti və Aleksandr Lukaşenkonun istifadə etdiyi təyyarələrdən birinə qarşı sanksiyaları ləğv edib.
Musavat.com xəbər verir ki, məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən açıqlanıb. OFAC sənədinə görə, Belavia-ya qarşı 14038 saylı İcra Fərmanı ilə qüvvədə olan sanksiyalar ləğv edilir. Şirkət artıq əvvəllər sanksiyalarla qadağan edilmiş maliyyə və kommersiya əməliyyatlarında iştirakını bərpa edə biləcək.
EW-301PJ qeydiyyat nömrəli Bombardier Challenger 850 təyyarəsi də sanksiyalardan azad edilib. Belarusun "Zerkalo" nəşrinin məlumatına görə, bu təyyarədən həm Belarus rəsmiləri, həm də Lukaşenkonun ailə üzvləri istifadə edir
Jurnalistlər qeyd ediblər ki, ABŞ hakimiyyəti həmçinin Aleksandr Lukaşenko və ya sanksiya tətbiq edilən "Slavkali" şirkəti ilə əlaqəli üç təyyarə ilə əməliyyatlara müvəqqəti icazəni nəzərdə tutan lisenziya verib.
Xatırladaq ki, 11 sentyabrda ABŞ prezidentinin sözçüsü Con Koul ABŞ-ın "Belavia Airlines" şirkətinə qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb. O, bunun "yalnız ilk addım" olduğunu bildirib. ABŞ hakimiyyəti həmçinin Belarusdakı səfirliyini yenidən açmağı planlaşdırır.
Musavat.com
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ