İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin NATO”-su dağılmaq ərəfəsində

İrəvanın KTMT-nin təlimlərində iştirakdan imtinasının ardınca Bişkek də tədbirləri ləğv etdi; Ukrayna cəbhəsində Rusiya daha da geriləyərsə, “üsyankar”lara Çinə arxalanan Qazaxıstan da qoşula bilər

Qırğızıstan Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin iştirakı ilə keçirilən “Sarsılmaz qardaşlıq-2022" komanda-qərargah təlimlərinin ləğvi barədə qərar qəbul edib. "Yeni Müsavat" bildirir ki, təlimlər oktyabrın 10-14-də İssık-Kul vilayətinin Balıqçı şəhərində baş tutmalı idi. Təlimlərə Monqolustan, Serbiya, Suriya, Türkmənistan və Özbəkistan nümayəndələrinin müşahidəçi qismində dəvət olunması planlaşdırılırdı. Yayın əvvəlində Qırğızıstanın müdafiə departamenti təlimlərə hazırlığın başlandığını da elan etmişdi. Təlimlərə tacik hərbçilərinin də cəlb olunacağı planlaşdırılırdı, lakin sərhəddə baş verən hərbi toqquşmadan sonra qırğız siyasətçiləri və ictimaiyyəti Tacikistan Silahlı Qüvvələrinin nümayəndələrinin təlimlərə buraxılmamasını tələb ediblər. Bu səbəbdən təlimlər təxirə salınıb. Təlimlərin ləğv edilməsinin səbəbi barədə məlumat verilmir.

Qırğızıstan mediası isə yazır ki, prezident Sadır Japarovun incikliyinə səbəb Putinin Tacikistan Prezidenti İmaməli Rəhmanı “regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə görə” ordenlərlə təltif etməsidir. Bundan əvvəl isə Ermənistan KTMT-nin sentyabrın 26-da Qazaxıstanda keçirilən təlimlərində iştirakdan imtina etmişdi. Bunu sərhəddəki gərginliklə izah etməyə çalışsalar da, İrəvandan verilən sonrakı açıqlamalar bunun daha ciddi səbəbləri olduğunu üzə çıxardı. Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində dedi ki, Rusiya və təşkilatın digər üzvləri müttəfiqlik öhdəliklərini yerinə yetirməsələr, 2023-cü ilin fevral ayının sonuna kimi KTMT-dən çıxmaq prosesinə başlayacaqlar. Baş nazir qeyd edib ki, KTMT Ermənistanı itirə biləcəyindən narahatdır: “KTMT-də qorxu var ki, təşkilat Ermənistanı itirə bilər. Eynilə bizdə də bu qorxu var ki, Ermənistan KTMT-ni itirəcək. Bu, söz oyunu deyil”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təcili iclas keçirib

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə növbəti dəfə bəyan edib ki, KTMT məsələsində İrəvanın mövqeyi qətidir. “Əgər KTMT-də mexanizm işləməsə, o zaman təbii ki, biz başqa mexanizmlərə keçəcəyik və hazırda bunu edirik. Biz ölkəmizin təhlükəsizliyinin təmin olunmasından danışırıq və filan tərəfdən nəyinsə olmasını gözləməyəcəyik. Çünki nəyisə gözləməyə vaxt, ərazi, imkan yoxdur. Bu qədər gözlədik, bəsdir”.
Son olaraq isə 102-ci ordunun yerləşdiyi Gümrü şəhərində Rusiyaya və KTMT-yə qarşı aksiya keçirilib. Aksiya iştirakçıları ölkənin KTMT-dən çıxmasını tələb ediblər və Rusiyaya qarşı şüarlar səsləndiriblər. Ukraynada başı savaşa qarışan Rusiya əsas söz sahibi olduğu KTMT-də itaətsizlik əhval-ruhiyyəsinə hələ ki reaksiya verməyə tələsmir. Xüsusilə Ermənistanın getdikcə bu təşkilatda dağıdıcı rol aldığı aşkardır. KTMT-də belə bir həssas dönəmdə artan çatlaq səsləri Moskvanı maraqlarına ziddir. Onu da deyək ki, noyabrda İrəvanda KTMT-nin illik sammiti keçiriləcək. Güman etmək olar ki, bu sammitdə bir çox məsələlərə aydınlıq gələcək. Ukrayna cəbhəsində Rusiya daha da geriləyərsə, “üsyankar”lara Çinə arxalanan Qazaxıstan da qoşula bilər. Hər halda, təşkilatın içərisində bir qaynama olduğu göz qarşısındadır. Təşkilatda baş verən “mərkəzdən qaçmaya” səbəb nədir? Ermənistanın təşkilatı içərindən dağıtmaq cəhdlərinə Rusiyanın indilikdə sərt reaksiya vermək iqtidarındadırmı? KTMT-nin dağılmasında Qərbin maraqları və hədəfləri nədir?

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyev düşünmür ki, KTMT parçalanma riski ilə üzləşib. Təhlilçinin qəzetimizə dediyinə görə, hazırda NATO bloku ilə Rusiya arasında Ukraynada psixoloji müharibə gedir. Onun fikrincə, bu səbəbdən KTMT-nin təlimləri ilə bağlı xəbərlər belə təqdim olunur ki, təşkilat dağılmaq üzrədir: “Ehtimal irəli sürülür ki, Rusiya hərbi kontingentini Ukrayna cəbhəsinə göndərdiyi üçün təlimlərə qüvvə ayırmır. Ancaq o demək deyil ki, bu təşkilat parçalanır. Burada yalnız Ermənistan qıcıqlandırıcı mövqe tutur. Bu da Paşinyanın amerikalıların adamı olması ilə əlaqəlidir. Qərb bu psixoloji müharibəni Çində də aparır. Ona görə hərbi qanadın içində parçalanma yaratmaq niyyətindədirlər. Sadəcə dağılmasına əsas yoxdur və yaxınlarda KTMT-nin yeni toplantısı keçiriləcək”.

Fuad Əliyev: Hamı eyni fikirləşə bilməz

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev Ukrayna müharibəsinin nəticələrinin KTMT-nin fəaliyyətinə təsir göstərəcəyinə şübhə etmir. Partiya sədrinin sözlərinə görə, əgər rus ordusu hərbi əməliyyatlardan uğursuz çıxarsa, o zaman təşkilat daxilində nifaq düşə bilər: “Hələlik oranı tərk etməyə can atan kimi görünən Paşiyandır. Hərçənd onun da çıxmaq istədiyi səmimi deyil. Hiss olunur ki, İrəvan bu variantla Rusiyanı ona nələrsə verməyə şantaj edir. Bütün hallarda KTMT-də bir kövrəklik müşahidə edilir, amma dağılacağı anlamına gələ bilməz. Rusiya Ukrayna meydanında döyüşləri başa çatdırdıqdan sonra təşkilatı gücləndirəcək. Hazırda bu blok kifayət qədər aktiv fəaliyyət göstərə bilmir. Qazaxıstanda baş verən yanvar iğtişaşlarını yatırmaqda iştirak edib, başqa heç bir işi yoxdur, sadəcə, iclaslar keçirilir, danışıqlar gedir. Bu da Rusiyanın başının qarışmasından irəli gəlir. Sonra yenidən toparlanacaq. Bu blok regional xarakter daşıyır, dünya ölkələrinin üzvlüyü nəzərdə tutulmur. Ona görə böyüyə də bilmir”. F.Əliyevin sözlərinə görə, NATO Şərqə doğru genişlənmək planını qarşısında hədəf qoyub: “İndi İsveç və Finlandiya üzvlüyə hazırlaşır, Gürcüstan, Moldova, Ukrayna bunun arzusundadır, amma KTMT-nin Qərbə doğru, yaxud hansısa trayektoriyaya genişlənmək prioriteti yoxdur. Bu mənada regional müdafiə təşkilatıdır. Təbii ki, Rusiya müharibədən məğlub çıxarsa, KTMT-nin də qara günləri başlaya bilər. Sadəcə, Qırğızıstanda təlimin ləğvi ilə belə qənaətə gəlmək olmaz ki, təşkilat demontaj olacaq. Burada kəndirbazlıq edən Ermənistandır. Özlərini dəcəl uşaq kimi aparırlar, guya çıxsalar Putin yalvaracaq ki, getməyin. Üstəlik, Ermənistan iki il KTMT-yə sədrlik etməlidir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR