İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin müharibə başlayandan ilk dəfə Rusiyanı tərk edir: bu nə mesajdır? - ŞƏRH

Rusiya lideri Vladimir Putin gələn həftə Tacikistan və Türkmənistana səfər edəcək. Musavat.com bildirir ki, bu barədə "Rossiya-1" kanalının "Moskva. Kreml. Putin" verilişində məlumat verilib. Putin ilk olaraq bu həftə Düşənbəyə uçacaq. O, Tacikistan prezidenti ilə danışıqlarda və işçi yeməkdə iştirak edəcək. Rusiya prezidenti Xəzər sammitində iştirak etmək üçün oradan Aşqabada səfər edəcək.

İyunun 29-na planlaşdırılan VI Xəzər sammitinə səfər Putinin 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ilk xarici səfəri olacaq. Rusiya prezidenti sonuncu dəfə fevralın əvvəlində Çinə işgüzar səfər edəndə ölkəni tərk edib.

Putinin bir neçə aydan sonra ilk dəfə ölkə hüdudlarını tərk etməsinin səbəbləri nədir? Bu, Rusiya liderinin Ukrayna cəbhəsindəki “uğurlarından” qaynaqlana bilərmi? Yoxsa bu həm də o anlama gəlir ki, Putin Qərb mediasında guya “devrilə biləcəyi” haqda iddialara cavab verməyin vaxtı gəldiyini düşünür…Ümumiyyətlə, Putin həm də onun izolyasiyasının mümkünsüzlüyü mesajın verirmi?

Professor Qabil Hüseynlinin Musavat.com-a bildirdiyinə görə, Rusiya dünyada getdikcə təkləndiyini və təcrid edildiyini anlamağa başlayıb. Professor hesab edir ki, Kreml postsovet məkanında olan əlaqələrinin qırılmasından da ehtiyat edir: "Çünki Qazaxıstan, Baltikyanı, Moldova və Ukrayna aydındır. Azərbaycanla, strateji tərəfdaşlıq davam edir, bir də erdə Orta Asiya ölkələri qalır. Tacikistanda rus hərbi bazası var, fikrincə, Putin bu ölkəyə getməklə həmkarı İmamoli Rəhmana dəstək vermək istəyir, həm də bazanın genişləndirilməsi, yaxud hava qüvvələrindən ibarət baza da yerləşdirmək niyyəti güdür. Bundan əlavə, artıq Rusiya borclarını ödəyə bilmədiyi üçün defolt elan edildi. Bu son 100 ildə yaşanmamış hadisədir. Yəni Rusiya təcrid olunur". Q.Hüseynli hesab edir ki, bununla belə Rusiya Xəzəryanı ölkələrlə münasibətlərə əhəmiyyət verir: " Xəzərin dibindən Azərbaycan vasitəsi ilə İran, Türkmənistan qazının Avropaya daşınması planı Rusiya üçün mənfi nəticədir. Ona görə Aşqabad sammitində bu məsələ ilə bağlı bir neçə müddəanın memoranduma salınması üçün cəhd göstərə bilər. Rusiya liderinin məqsədi strateji hədəflərini möhkəmləndirməkdir. Çünki Moskva onun üçün SOS siqnalı çalındığını büruzə verməyə başlayıb. Bu ölkənin iqtisadi və siyasi vəziyyətinin ağırlaşdığını özü üçün qəbul etdiyini görməmək mümkün deyil".

Siyasi şərhçi Ramiyə Məmmədova isə deyir ki, Putin dünyaya tək qalmadığını göstərmək üçün Düşənbə və Aşqabada gedir. Onun fikrincə, Kreml başçısı özünü qürurlu göstərmək istəsə də, faktiki olaraq gedə bildiyi marşrut qeyri-Avropa məkanıdır: "Onun Türkiyə, Ermənistan səfərləri də gözlənilir. Söhbət ondan gedir ki, Putin sanksiyalara qoşulmayan ölkələrə səfər edə bilir. Dünya Rusiyaya qarşı birləşib və belə zamanda Aşqabad sammitində Qərbə mesaj verəcək ki, tək deyil, ona dost dövlətlər var. Digər tərəfdən, səhhəti haqda müxtəlif iddialar dolaşır. Bu səfərlə gümrah və sağlam olduğu ismarışı verəcək".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR