İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin İstanbula gəlmək istəyibmiş: 2 səbəbə görə son anda vaz keçib - TƏFSİLAT

Suiqəsd qorxusu, Kırım şərti və beynəlxalq təzyiqlər – Putin BUNLARA GÖRƏ İstanbul görüşməsinə qatılmadı

Keçən həftənin ən çox müzakirə edilən hadisəsi İstanbulda baş tutan beynəlxalq sülh zirvəsi oldu. ABŞ Prezidenti Donald Trampın və Rusiya lideri Vladimir Putinin də bu görüşə qatılacağı gözlənilirdi. Lakin nəticədə zirvə yalnız nümayəndə heyətləri səviyyəsində reallaşdı. Musavat.com bildirir ki, Putinin İstanbula gəlməməsinin pərdəarxası səbəbləri isə indi üzə çıxır.

Türkiye qəzetinin yazdığına görə, Vladimir Putin əslində İstanbulda keçirilən bu zirvəyə qatılmaq niyyətində olub. Lakin iki əsas amil – sui-qəsd təhlükəsi və Krım məsələsinin gündəmə gəlməsi – Kremli bu qərardan vaz keçməyə məcbur edib.

Vladimir Putin

"Emel Krım" Vəqfinin rəhbəri Zafer Karatay bildirib ki, Putin artıq üç ilə yaxındır ki, Kreml sarayını tərk etmir və hətta Rusiya ərazisində belə hərəkətliliyini minimuma endirib.

“Putin, artıq üç ildir sarayından demək olar ki, çıxmır; Rusiya sərhədləri daxilində belə heç bir yerə getmir. Bütün yüksək səviyyəli təhlükəsizlik tədbirlərinə baxmayaraq, sui-qəsd qorxusu yaşayır”, – deyə Karatay vurğulayıb.

Onun sözlərinə görə, Putin İstanbul görüşünə qatılmaq istəsə də, Rus qırıcılarının müşayiəti ilə gəlmək təklifini irəli sürüb. Ankara isə Kremlin bu tələbinə cavab olaraq bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü və beynəlxalq protokola uyğun davranılacağını bəyan edib.

Karatayın açıqlamasına əsasən, bu görüşə dair təşəbbüs ilk olaraq Rusiya tərəfinin özündən gəlib:

“İstanbulda görüş təklifini birbaşa özü etmişdi, lakin müzakirəyə göndərdiyi nümayəndə heyəti, Rusiyanın sülh istəmədiyini nümayiş etdirdi”.

Karatay qeyd edib ki, Putin bir tərəfdən toplantıya qatılmayaraq, digər tərəfdən isə göndərdiyi nümayəndə heyəti ilə Qərbə “barışa maraqlı deyilik” mesajı vermiş oldu.

Rusiya liderinin toplantıya qatılmamasının əsas səbəblərindən biri də Krım məsələsinin gündəmə gətirilməməsi tələbi olub.

“Ruslar açıq şəkildə bəyan etdilər ki, İstanbulda Krım məsələsi heç bir halda gündəmə gəlməməlidir”.

Bununla yanaşı, Moskva Zaporijya, Donetsk, Luqansk və Krımın ilhaqının beynəlxalq səviyyədə tanınması şərtini də irəli sürüb. Lakin bu tələblər Ukrayna və Türkiyə tərəfindən qəbul edilməyib.

Üstəlik, Ukrayna nümayəndə heyətinə rəhbərlik edən şəxs – Krım tatarı Rüstəm Umarov olub. Bu isə Moskvanın təzyiqlərinə cavab olaraq Krım məsələsinin heç vaxt masadan kənarlaşdırılmayacağının göstəricisidir.

Ukrayna parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Cəmil Kırımoğlu isə bildirib ki, Kiyev və Ankara bu məsələdə Moskvaya qarşı aydın və prinsipial mövqe sərgiləyir:

Mustafa Cəmil Kırımoğlu

“Ruslar açıq şəkildə dedilər ki, İstanbulda Krım məsələsi ümumiyyətlə müzakirə edilməyəcək. Həmçinin Zaporijya, Donetsk, Luqansk və Krımın ilhaqının beynəlxalq səviyyədə tanınmasını tələb etdilər. Biz bu tələbləri qəbul etmədik”.

Kırımoğlu əlavə edib ki, bu gün – 18 may tarixinin Krım tatarlarının 81-ci sürgün ildönümüdür:

“Rusların hesabı bu idi ki, 1944-cü ildəki sürgünün ildönümündə Krımın qanlı işğalını dünyaya qanuni şəkildə qəbul etdirsinlər. Amma bu baş vermədi. Üstəlik, hələ də insanlığa qarşı törədilmiş sürgün və qətliamın hesabını verməyən bir ölkə bu gün yeni işğal siyasəti həyata keçirir”.

O vurğulayıb ki:

“Krım heç bir şəkildə danışıqların predmeti ola bilməz. Orası Krım tatarlarının vətənidir. Biz heç bir işğalı tanımayacağıq. 18 May tarixini bu il təkcə Türkiyədə deyil, Kiyevdə də güclü şəkildə xatırladacağıq. Vətənimizə dönənədək mübarizəmiz davam edəcək”.

“Amerikalılar şok yaşadı”

Karatayın sözlərinə görə, Putinin zirvəyə qatılmaması və onun əvəzinə nümayəndə heyəti göndərməsi ABŞ-ın narazılığına səbəb olub:

“Amerikalılar, İstanbula gələn rus nümayəndə heyətini görəndə ciddi şəkildə təəccübləndilər və öz iştirak səviyyələrini dərhal aşağı saldılar”.

Zafer Karatay bildirib ki, 18 may – Krım sürgününün ildönümü münasibətilə Ankara, İstanbul və digər şəhərlərdə geniş tədbirlər keçirilib və ictimaiyyət bu məsələdə fəallığa çağırılıb:

“Türk xalqından bu vəhşiliyə qarşı həm fərqindəlik, həm də dəstək gözləyirik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

18 May 2025

BÜTÜN XƏBƏRLƏR