İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın məğlub olduğu o qadın kimdir? – Prezident olmaq istəyirdi...

2025-ci il üzrə Nobel Sülh Mükafatının qalibi Venesuela müxalifətinin lideri Mariya Korina Maçado oldu. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bəyan etmişdi ki, Ağ Evdəki yeni prezidentlik müddətinin əvvəlindən bir neçə müharibəni dayandırdığı üçün Sülh Mükafatına layiq olduğunu hesab edir.

Nobel Komitəsinin bəyanatında qeyd olunur ki, Maçado “Venesuela xalqının demokratik hüquqlarının təşviqi istiqamətində yorulmaz fəaliyyətinə və ölkədə demokratiyaya ədalətli və dinc keçidə nail olmaq uğrunda mübarizəsinə görə” təltif edilib.


“Lakin demokratiya təkcə Venesuelada deyil, beynəlxalq miqyasda da geriləmə mərhələsindədir. Fikrini azad ifadə etmək, səs vermək və seçkili hakimiyyət orqanlarında təmsil olunmaq hüququ kimi anlaşılan demokratiya sülhün əsasını təşkil edir – həm ölkələrin daxilində, həm də onların arasında”, – deyə Nobel Komitəsinin açıqlamasında vurğulanır.

Mariya Korina Maçado 2024-cü ildə keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi olub. Venesuela hakimiyyəti Maçadonu ölkəyə qarşı sanksiyaları dəstəkləməkdə ittiham edib və ona 15 il müddətinə seçkilərdə iştirak etməyi qadağan edib. Maçado bu qərardan apellyasiya versə də, Maduronun tərəfdarlarından ibarət Ali Məhkəmə onun şikayətini rədd edib.


Mariya Korina Maçado kimdir?


Maria Korina Maçado — Venesuela siyasətçisidir. O, 1967-ci ildə Karakasda sahibkar və psixoloq ailəsində anadan olub. Venesuelada xüsusi məktəbi bitirdikdən sonra ABŞ-da internat məktəblərində təhsil alıb və “Sənaye maşınqayırma mühəndisliyi” ixtisası üzrə Andres Bello Katolik Universitetini bitirib. Bundan əlavə, o, Karakasdakı İdarəetmə üzrə Perspektiv Araşdırmalar İnstitutundan maliyyə üzrə magistr dərəcəsinə sahibdir.

1992-ci ildə o, Atenea xeyriyyə Fondunu təsis edib. Fondun vəsaitləri Karakasdakı yetim və küçə uşaqlarına yardım göstərmək üçün yönəldilib. 2014-cü ildə Maçadoya Çarlz T. Manatta adına Demokratiya Mükafatı təqdim edilib, 2024-cü ildə isə o, Venesuelanın müxalif siyasətçisi Edmundo Qonsales ilə birlikdə “Səxarov” mükafatına layiq görülüb.

Maçado siyasətə 2002-ci ildə daxil olub və vətəndaşların siyasi hüquqlarının müdafiəsi ilə məşğul olan Sumate (“Qoşul”) təşkilatının təsisçilərindən biri olub. Bu hərəkat 2004-cü ildə o dövrdə Venesuelanın prezidenti olan Uqo Çavesin vəzifəsindən azad olunması ilə bağlı referendum keçirilməsi üçün imza toplama kampaniyası aparıb.

Maçado 2011–2014-cü illərdə Venesuela Milli Assambleyasının deputatı olub və 2012-ci ildə Venesuela prezidentliyinə namizədliyini irəli sürüb, lakin praimerizdə məğlub olub.

maria-corina-machado.jpg (59 KB)

O həmçinin 2014-cü ildə Venesuelada baş vermiş etiraz aksiyalarının aparıcı simalarından biri olub. Maçado anti-Maduro mövqeyindədir, rejimi tənqid edir və liberal iqtisadiyyatın, o cümlədən neft şirkəti PDVSA-nın özəlləşdirilməsinin tərəfdarıdır. O, Maduro rejiminə qarşı beynəlxalq sanksiyaları dəstəkləyir.
2023-cü ilin oktyabrında 2024-cü il prezident seçkilərinə vahid namizədin irəli sürülməsi üçün müxalifət arasında praimeriz keçirilib. Bu səsvermədə Maria Korina Maçado 92,35% səs toplayıb. Lakin hökumət bu nəticənin etibarlılığı ilə bağlı şübhələrini ifadə edib. 2024-cü ilin yanvarında isə Venesuela Ali Məhkəməsi Maçadoya 2014-cü ilin anti-hökumət etirazlarının lideri kimi 2038-ci ilə qədər dövlət vəzifələrində işləmək və prezident seçkilərinə namizəd olmaq qadağası qoyub.


2018-ci ildə Maçado BBC-nin "100 qadın" siyahısından biri seçildi və bu il Time jurnalı onu planetin 100 ən nüfuzlu adamından biri adlandırdı.


Niyə Tramp Sülh Mükafatını almadı


“Onlar mənə heç vaxt Nobel Sülh Mükafatını verməyəcəklər. Mən buna layiqəm, amma onlar onu heç vaxt verməyəcəklər”, — deyə ABŞ prezidenti 2025-ci ilin fevral ayında bəyan etmişdi. 30 sentyabrda isə ABŞ generalları qarşısında çıxışı zamanı Tramp bu mövzunu yenidən qaldıraraq bildirib ki, əgər mükafatı başqası alarsa, “bu, ölkəmizə böyük hörmətsizlik olar”.

Nobel Komitəsinin nümayəndəsi Trampın niyə mükafatı almadığı ilə bağlı suala cavabında bildirib ki, komitə qərarlarını “yalnız Alfred Nobelın işlərinə əsaslanaraq verir” və bunu ictimai kampaniyalarla deyil, obyektiv kriteriyalarla müəyyən edir.
Trampın ən son — və bəlkə də ən mühüm uğuru İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs və israilli girovların azad olunması barədə razılaşmanın imzalanması olmuşdur. Lakin ekspertlər xatırladırlar ki, Nobel Komitəsinin son iclası bazar ertəsi günü keçirilib və bu, razılaşmanın açıqlanmasından əvvəl olub.

"Reuters" xəbər agentliyinə görə, Nobel Komitəsinin qərarverici beş üzvündən biri olan Kristian Berg Harpviken qeyd edib ki, Sülh Mükafatı namizədlərin son anda əldə etdiyi uğurlar üçün verilmir.


“Bu mükafat əsasən 2024-cü il və əvvəlki illərdə görülmüş işlərə əsaslanır, o, son həftələrdə və ya aylarda əldə edilmiş uğurlar üçün verilmir”, — deyə Harpviken Norveçin NRK televiziyasına açıqlamasında bildirib.

553974384_767282786303654_4659636635247681989_n.jpg (530 KB)


Bəzi nüfuzlu təşkilatlar və ekspertlər də qeyd edirlər ki, Trampın bütün fəaliyyəti Alfred Nobelın arzularına uyğun gəlməzdi. Nobel vəsiyyətində mükafata layiq olanlar üçün açıq meyarlar qoyub.
Oslo Sülh Araşdırmaları İnstitutunun direktoru Nina Gregerin sözlərinə görə, ABŞ prezidentinin Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxması, eləcə də bütün dünyaya qarşı tarif müharibələri Nobelın vəsiyyətinə ziddir.

“Alfred Nobelın vəsiyyətində üç sahə vurğulanır: biri — sülh sahəsində nailiyyətlər, yəni sülh sazişlərinin əldə olunmasına yardım, — deyə Reuters onun sözlərini sitat gətirir. Digəri silahsızlanmanın təşviqi, üçüncüsü isə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir”.


Keçmiş laureatlar

Keçmişdə Nobel Sülh Mükafatını dörd ABŞ prezidenti qazanıb: Barak Obama (2009-cu ildə), Cimmi Karter (2002-ci ildə), Vudro Vilson (1919-cu ildə) və Teodor Ruzvelt (1906-cı ildə).
Nobel Komitəsinin məlumatına görə, 2025-ci il Sülh Mükafatına 338 namizəd təqdim olunub. Bunlardan 244 nəfər və 94 təşkilatdır. Bu göstərici ötən ilin 286 namizədindən xeyli çoxdur. 2016-cı ildə isə Nobel Sülh Mükafatına rekord sayda -376 namizəd təqdim edilmişdi.

Nobel Sülh Mükafatı yeganə mükafatdır ki, onu İsveç yox, Norveç Nobel Komitəsi təqdim edir. Qərarı beş nəfər qəbul edir. Norveç komitəsinin qaydalarına görə, Sülh Mükafatına hər hansı bir şəxs namizəd göstərilə bilər, lakin namizədlik təklif etmək hüququ yalnız məhdud sayda şəxslərə məxsusdur.
Namizədlərin seçilməsində Alfred Nobelin vəsiyyətində göstərilmiş üç əsas meyar nəzərə alınır: silahlı qüvvələrin ixtisarına töhfə, sülh danışıqlarının təşviqi və xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dəstək.

Komitənin açıqlamasına görə, son 120 ildə Nobel tərəfindən müəyyən edilmiş bu anlayışlara əlavə olaraq bir sıra dəqiqləşdirilmiş ifadələr daxil edilib. Bunlara beynəlxalq əməkdaşlıq, təkcə fərdi şəxslərin deyil, həm də təşkilatların sülh işinə verdiyi töhfə və insan hüquqlarının müdafiəsi daxildir.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR