Onlayn ictimai-siyasi qəzet
Prezident Vladimir Putin Tacikistana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bir sıra mühüm açıqlamalar verib.
O, AZAL təyyarəsinin qəzaya uğramasından sonra iki ölkə arasında yaranan gərginliyin aradan qalxdığını və münasibətlərin “normal məcraya” qayıtdığını bildirib. Putinin sözlərinə əsasən, istintaqın demək olar ki, bütün mərhələləri tamamlanıb və hadisənin səbəbləri artıq aydındır:
“İstintaq hazırda yekunlaşır. Ümumilikdə hər şey aydındır, yalnız bəzi əlavə detallar və incə məqamlar var ki, mütəxəssislər onları müvafiq qaydada sənədləşdirməlidirlər”.
Rusiya lideri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra “pis səhifə” bağlanıb:
“Biz bu barədə dünən Azərbaycan Prezidenti ilə danışdıq. Ümid edirəm ki, bu səhifəni çevirdik və irəliyə doğru gedəcəyik. Heç bir çətinlik olmadan əlaqələrimizi inkişaf etdirəcək və böyük planlarımızı həyata keçirəcəyik”.
Vladimir Putin bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və əməkdaşlıq dinamikası davam edir.
“Düşünürəm ki, bütün bu çətinliklər artıq keçmişdə qalıb. Bu, “emosiyaların böhranı” idi, ancaq biz onu arxada qoyduq”, - deyə Putin əlavə edib.
Rusiya prezidenti münasibətlərin istiləşməsindən danışsa da, eyni günlərdə rus siyasətçilərinin və media nümayəndələrinin Azərbaycana qarşı təhqiramiz çıxışları bu “dostluq ritorikasını” şübhə altına alır.
Məsələn, rusiyalı bloger Yuri Podolyaka Azərbaycanı “tapança və yaxşı söz”lə müqayisə edərək təhqirə əl atıb:
“Düşünürəm ki, burada Ukraynada fəaliyyət göstərən azərbaycanlı sahibkarların və şirkətlərin yaşadığı problemlər də rol oynayıb... Hələ yüz il əvvəl Al Kapone deyirdi: “Yaxşı sözlə və tapançayla istədiyinə daha asan nail olarsan, nəinki təkcə yaxşı sözlə””.
Bu fikirlər faktiki olaraq Putinin dedikləri ilə ziddiyyət təşkil edir və Azərbaycan dövlətinə qarşı aşağılayıcı münasibətin davam etdiyini göstərir.
Eyni mövqeni Rusiya siyasətçisi Oleq Tsaryov da paylaşır. O, guya Azərbaycanın Rusiya ilə əməkdaşlığı “təzyiq və sanksiyalar” nəticəsində qəbul etdiyini iddia edir:
“Rusiya gücləndirilmiş yoxlamalar apardı, Azərbaycan diasporunun nümayəndələrini saxladı, biznes əməliyyatlarını ləngitdi... Nəticədə Əliyev Rusiya ilə əməkdaşlığı açıq şəkildə təriflədi”.
Bu, açıq təhdid ritorikasıdır və Azərbaycanın müstəqil siyasətini kölgələmək məqsədi daşıyır. Halbuki, Azərbaycan müstəqil dövlətdir və öz maraqlarına uyğun qərarlar verir.
Yazıçı Yuri Barançik də “yumşalma” prosesini şəxsi maraq müstəvisinə çəkərək, Azərbaycanda saxlanılan rus vətəndaşlarını gündəmə gətirib. O, hətta “Rusiya pasportunun Roma vətəndaşlığı kimi hörmət doğurmadığından” gileylənir.
Dövlət Dumasının tanınmış deputatı Konstantin Zatulin isə hər zaman olduğu kimi, anti-Azərbaycan ritorikasını davam etdirir. O, Azərbaycanın “Türkiyənin çətiri altına keçdiyini” iddia edir və bunu NATO ilə əlaqələndirir:
“Təkcə son bir ildə 25 Azərbaycan-Türkiyə hərbi təlimi keçirilib. Biz Ukraynada müharibə aparırıq ki, NATO genişlənməsin, amma Azərbaycan artıq bu blokun kölgəsinə girir”.
Politoloq Sergey Markedonov AZAL faciəsini belə siyasi fürsət kimi təqdim etməyə çalışır. O, guya Moskva-Bakı münasibətlərində “sistemli fərqlər” olduğunu deyir və Azərbaycanı Türkiyə ilə yaxınlaşmaqda günahlandırır.
Rusiya prezidentinin “emosiyaların böhranı arxada qalıb” deməsi gözəl səslənir, amma bu, yalnız o halda inandırıcı görünə bilər ki, rus siyasətçiləri, təbliğatçılar və media nümayəndələri Azərbaycana qarşı təhqiramiz ritorikanı dayandırsın. Əgər Moskva doğrudan da qarşılıqlı etimadı bərpa etmək istəyirsə, ilk növbədə öz informasiya və siyasi məkanında anti-Azərbaycan kampaniyasına son qoymalıdır. Əks halda, Putin dostluqdan danışarkən onun sözləri elə rus siyasətçilərinin qəzəbli ritorikası altında itib gedəcək.
Şahanə Rəhimli
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ