İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin daha İrəvana getməyəcək - Kreml lideri ad günü “hədiyyəsi”nə necə cavab verəcək...

Ermənistanın Rusiya liderinin həbsini ehtiva edən Roma Nizamnaməsini ratifikasiya etməsi Moskvada qəzəb doğurub, hətta hərbi tədbirlərə keçmək çağırışı edilir; Paşinyan duruş gətirə biləcəkmi... - şərh

Ermənistan Rusiya ilə münasibətlərinin necə olacağına rəsmən aydınlıq gətirdi. Müstəqil siyasəti olmayan ölkə uzun əsrlik hamisindən - Rusiyadan imtina edib, Qərbə sığınmaqla, belə demək mümkünsə, özünə qəbir qazmış oldu. Bu, əslində erməni xalqının xəyanətkarlığının daha bir bariz nümunəsidir.

Rusiya ilə münasibətlərin pozulmasının rəsmiləşdirilməsini isə oktyabrın 3-də Ermənistan parlamenti təsdiqlədi. Belə ki, parlament Roma Statutunu ratifikasiya etdi və əsasnamənin 12-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının retroaktiv tanınması haqqında bəyannamə qəbul etdi. Səsvermə zamanı 60 deputat lehinə, 22 deputat əleyhinə səs verib. Roma Statutu Putinin ölkə ərazisində həbsini də ehtiva edir. “Yeni Müsavat” bildirir ki, Rusiyadan rəsmi reaksiyalar kifayət qədər qəzəbli idi. Çünki Paşinyanın parlamentdəki komandası nizamnaməni ratifikasiya etməklə rəsmi İrəvan bütün “qırmızı xətt”i keçmiş oldu.

Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov deyib ki, Ermənistan parlamentinin Roma Statutunu ratifikasiyası Putinə qarşı qeyri-dost addımdır. “Bununla belə, onun sözlərinə görə, sözügedən addım "xalqlar dostluğunu pozmayacaq. Lakin erməni parlamentarilərin qərarı Parlamentlərarası Komissiyanın işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri məhv edir", - Vorobyov qeyd edib. “Kreml istəməzdi ki, Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun”. Bunu isə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. O, Kremlin Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından yanlış addım hesab etdiyini söyləyib. Peskov vurğulayıb ki, Rusiya Ermənistan xalqını qardaş hesab edir, lakin Moskvanın bu ölkənin rəhbərliyinə sualları var. Ən təəccüblü məqam isə ondan ibarətdir ki, Ermənistanda parlamentin qəbul etdiyi Roma Statutu oktyabrın 7-də, Rusiya prezidenti Vladimir Putinin doğum günündə qüvvəyə minəcək. Bunu təsadüfi saymaq olarmı? Yoxsa Ermənistan qəsdən Putinin ad gününə belə “hədiyyə” etdi? Bütün bu qızışdırıcı addımlara Kremlin cavabı nə ola bilər? Avropa Birliyi, ABŞ və Fransadan açıq dəstək alan Paşinyan hakimiyyəti Rusiya qarşısında nə qədər və hara qədər duruş gətirə biləcək? Üstəlik, Paris İrəvanla hərbi texnikanın tədarükünə dair saziş bağlamağa razıdır.

AB İrəvana “mənəvi dəstək” verdi: yeni oyundur - Fenenko

Aleksey Fenenko

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko hesab edir ki, bu, İrəvanın Moskvadan qisasıdır, meydan oxuyur: “Ermənistan Rusiya liderinin həbsinə order verən təşkilata açıq şəkildə qoşulduğunu göstərir. Bundan qeyri-dost addımı təsəvvür etmək mümkün deyil. Belə çıxır ki, Putin Ermənistana gəlsə, ona qarşı təxribat törədilməyəcəyinə heç kim təminat verməyəcək. Bu da Ermənistanın Rusiyadan qisasıdır, deyirlər, sən bizi qondarma "artsax" uğrunda müharibədə müdafiə etmək istəmədin, indi sənə belə cavab veririk", - o bildirib. Fenenkonun sözlərinə görə, Roma Əsasnaməsinin ratifikasiyası həm də anti-Azərbaycan addımıdır: “Ermənistan regionda öz düşmənlərini yaradır. Özünü məhv etməyə gedir. O, sülh istəmir. Qərb Ermənistanın inkişafına deyil, daha çox onun istifadəsinə yönəlib”.

Politoloq Yevgeni Mixaylov isə çağırış edib ki, diplomatlarımız hərəkətə keçməlidir: “Hələ ki diplomatlarımız. Hiss edirəm ki, sonra işlər hərbi tədbirlər görmək həddinə çata bilər”. Mixaylov qeyd edib ki, əks halda, Rusiya yaxınlıqda “daha bir Qərb forpostu” almaq riski ilə üzləşir: “Roma Əsasnaməsinin ratifikasiyası Ermənistanın ABŞ və AB ilə tərəfdaşlığa sadiq olduğunu göstərir və Rusiyaya qarşı mənfi münasibətini təsdiqləyir. Bu addım faktiki olaraq Rusiya rəsmilərinin Ermənistana səfər edəcəyi təqdirdə onları həbs etmək hüququ verir. Gələcəkdə Ermənistan hakimiyyəti KTMT və Avrasiya İqtisadi İqtisadi Əməkdaşlıq Təşkilatından çıxmaq barədə qərar qəbul edəcək”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanın bu davranışı təsadüfi deyil: “ABŞ Ermənistan hakimiyyəti üzərindən anti-Rusiya ritorikasını davam etdirir. Vaşinqtondan Paşinyan administrasiyasına hansı təlimat verilirsə, onu da yerinə yetirirlər. Bu, erməni xalqının mövqeyi deyil. Sadəcə, Paşinyan Rusiya ilə düşmənçiliyi gücləndirir. Eyni addımları Ukrayna hakimiyyəti də atırdı, hazırda nəticələri göz qabağındadır. Rusiyanın Ermənistana isə təzyiq imkanları daha genişdir. İstər iqtisadi, istər siyasi rıçaqları var. Xüsusən də qaz məsələsində Ermənistanın ciddi asılılığı var. Ona görə təsirləri yaxın gələcəkdə görəcəyik”.

Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” – Murad  Sadəddinov - GlobalInfo.az

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov isə Rusiyanın əvvəldən Ermənistana xəbərdarlıq etdiyini yada saldı: “Amma erməni tərəfi öz bildiyini etdi. Bu işin arxasında Fransa dayanır. Parlamentin qərarı Rusiya prezidentinə qarşı təhqiramiz addım kimi qiymətləndirilir. Rusiya bütün imkanlardan istifadə edəcək. Hətta hərbi rıçaqlarını da işə sala bilər. Hazırda Gümrü bazasında təlimlər keçirilməsi ilə bağlı qəflətən qərar verilib. Oxşar vəziyyət Gürcüstanla yaşanmışdı. O zaman mal dövriyyəsi məhdudlaşdırılırdı. İndi İrəvana qarşı tətbiq ediləcək, qazın qiymətində dəyişiklik ola bilər. Rusiyanın müxtəlif yardımları kəsilə bilər. Baxmayaraq ki, Rusiya əvvəlki deyil, zəifləyib, amma kiçik Ermənistana gücü çatacaq qədər potensialı var”.

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin zənnincə, bu qərarın qəbulu münasibətlərə nöqtə qoymaq deməkdir: “Artıq belə görünür ki, nə müttəfiqlik əlaqələri, nə Ermənistan ərazisində hərbi bazaların saxlanılması mümkün olacaq. Üstəlik, Ermənistan Qərbə doğru inteqrasiyadan da əl çəkməyəcək. Ermənistan ABŞ və Avropa Birliyinə sığınır və Moskva ilə əks qütbdə yer alır, bu isə münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq. Moskvada bəziləri "Ermənistanda dövlət çevrilişi apara bilərik" kimi təhdidlər səsləndirir. Bunlar ağlabatan deyil. Ermənistanın özündə də anti-Rusiya əhval-ruhiyyəsi çox güclüdür". Q.Hüseynli hesab edir ki, Ermənistana qarşı müxtəlif tələblər qoysa da, konkret addımlar atmağa Moskvanın cəsarəti çatmayacaq: “Ya beşinci kolondan, ya da revanşistlərdən və Qarabağ klanının üzvlərindən istifadə edilərək Ermənistanda hansısa qarışıqlıq yaradıla bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR