Onlayn ictimai-siyasi qəzet
Yasamal bələdiyyəsi icra aparatı ərazi idarəetmə şöbəsinin müdiri olmuş Rizvan Mahmudov 4 nəfərlik qəbir yerini 50 min manata satmaq istəyən zaman saxlanılıb.
Musavat.com xəbər verir ki, 63 yaşlı sabiq şöbə müdiri bir nəfər üçün yerin 20 min manata olduğunu desə də, sonda 4 nəfərlik yer üçün 50 min manata razılaşıb.
Həmin məbləğin 5 min manatını beh kimi alıb. Növbəti görüşdə 45 min manatı alan zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
R.Mahmudov ifadəsində deyib ki, Anar adlı şəxsə 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 nəfər üçün qəbir yeri ayıracağına söz verib. Onun sözlərinə görə, yuxarı ərazilərdə yer olmadığı üçün “Qanlı göl” tərəfdə qurudulan ərazidə 4 nəfərlik yerin ayrılmasına razılıq verib.
Anar adlı şəxsi qəbiristanlıqda işləyən Elçinin vasitəsi ilə tanıdığını deyən R.Mahmudov bildirib ki, 5 min manatı aldıqdan sonra Anardan şübhələnib və pulu geri qaytarmaq istəyib. Lakin ikinci görüşdə Anarın 45 min manatı verəcəyinə əminliyi yarandığı üçün pulu geri qaytarmaq fikrindən daşınıb:
“Qəbir yerləri pulsuz verilirdi. Elçin mənə zəng edib bir nəfərin yer axtardığını dedi. Əvvəl Anara 1 qəbir yerinin 20 min olduğunu dedim. Anar isə etiraz edərək 15 min manat olduğunu dedi. Söhbətdən sonra 4 yerə görə 50 min manata razılaşdıq. Anar qəbiristanlıqda beh kimi Elçinə 5 min verib. Elçin də mənə çatdırıb. Sonra pulu geri qaytarmaq istədim. Anar dedi ki, problem olmayacaq. Sonuncu dəfə qəbiristanlıqda görüşəndə Anar 45 mini verdi. Pulu götürüb iş yerinə qayıtdım. İş yerinin həyətində prokurorluq əməkdaşları məni saxladı”.
Suallara cavab verən R.Mahmudov deyib ki, qəbir yerlərinin ayrılması bələdiyyə sədrinin səlahiyyətində olub. Lakin onun satmaq istədiyi yerlərdən bələdiyyə sədrinin xəbəri olmayıb:
“Bu işdən nə bələdiyyə sədrinin, nə də başqa şəxsin xəbəri olub”.
İstintaq zamanı təqsirləndirlən Mahmudovla qəbir yeri almaq istəyən Anar adlı şəxsin arasındakı yazışmalar və telefon danışıqları da sübut kimi qiymətləndirilib. Həmin danışıqlarda həqiqətən də 4 nəfərlik qəbir yerinin 50 min manata satılması, 5 min manatın ilkin ödəniş kimi verilməsi detalları yer alır.
Rizvan Mahmudov 45 min manatı alan zaman Anar adlı şəxslə arasındakı dialoqun bir hissəsini təqdim edirik:
Rizvan: Pulu saymağa ehtiyac var? Bankdan götürmüsən? Bank puludur?
Anar: Hə. Əlbəttə.
Rizvan: Kimin adına edirsən oranı?
Anar: “Papa”mın pasportunu göndərəcəm.
Rizvan: Nə vaxt göndərirsən?
Anar: Sabah.
Rizvan: Niyə? Burda yoxdur? Tez edim də. Sənə arayış verəcəm, sənəd verəcəm, elektron bazaya yerləşdirəcəm. Qeyri-qanuni heç nə yoxdur.
Anar: Sabah heç kim gəlib mənim yerimi götürməz?
Rizvan: Mən sənə onu deyirəm də.
Qeyd edək ki, Rizvan Mahmudov törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 312-1.1-ci (Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsi ilə ittiham olunub.
Məhkəmə onun 10 min manat cərimə edilməsi ilə bağlı hökm çıxarıb. Həbsdə olan Mahmudov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Həbsdə qaldığı günlər nəzərə alınaraq cərimə cəzası 7 min manat olaraq hesablanıb.
İlkin Muradov
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ