Onlayn ictimai-siyasi qəzet
Yevgeni Priqojin öz ölüm hökmünü bundan düz iki ay əvvəl, iyunun 23-də vermişdi. Həmin gün Priqojin “Vaqner”çiləri Ukrayna cəbhəsindən çıxardaraq Rostova gətirmiş, orada müharibənin əsas koordinasiya olunan mərkəzini-Cənub Hərbi Dairəsinin qərargahını tutmuş, Rusiyanın nüvə başlıqlarının saxlanıldığı Voronejə doğru hərəkət edəcəyini bəyan etmiş, sonra isə paytaxt Moskvaya doğru irəliləyəcəyini demişdi.
Bu bir az da anlaşılmaz və müəmmalı hərəkəti ilə bütün dünyanın diqqətini Rusiyaya yönəltmiş, ölkəni təxminən 10 saat ayaqüstə saxlamış, Putinin nüfuzuna bəlkə də bu hadisədən sonra da “sağalmayacaq” ciddi zərbə vurmuşdu. Bundan düz iki ay əvvəl baş verənlərinin qısa xronikası belə idi...Həmin gün “isti-isti” “İkinci Surət Hüseynov vaqiəsi - Priqojinin qiyamının pərdəarxası”adlı yazı da qaralamışdım. Təsadüfə bax, ikisi də artıq həyatda yoxdular, ikisinin də sonu təyyarədə gəldi...
Priqojinin barəsində cinayət işi qaldırılanda tutsaydılar da, inanmıram ki, bu vaxta qədər sağ qalacaqdı- ya “özünü asacaqdı”, ya da “damarını doğrayacaqdı”. Yəqin düşündülər ki, Priqojin vaxtilə uzun müddətli həbsdə olduğu üçün həbsxanada haqq etdiyi cəzanı çəkməyəcək, kriminal keçmişi olan hərbi komandirləri ilə “dörd divar arasında“ da dinc durmayacaq. O vaxt tutsaydılar, bəlkə də reytinqi də yüksələcəkdi. Ona həbsxananı qıymadılar, daha doğrusu, zindanı ona çox gördülər, sonunun daha dramatik, daha faciəvi olmasını istədilər. Bu, kim nə deyir-desin, xəyanətlə üzləşmiş hər bir adamın arzu edə biləcəyi doğal haqqıdır. Amma “İlahi ədalət” deyil, bu “top”a indi girməyim...
İndi budur, 10 nəfərin olduğu kiçik həcmli təyyarədə Priqojin də varmış, sən demə... Əgər silahlı qiyam etməsəydi və indi belə bir qəzada həyatını itirsəydi, ya da cəbhədə minaya düşsəydi, onu təmtəraqlı dəfn edəcəkdilər. Vidalaşmağa prezidentin özü də gələcəkdi bəlkə də.
Amma indi Rusiyanın mərkəzi televiziyaları xəbəri elə təqdim edirlər ki, sanki Kremlə müxalif bir aktyor xəstəlikdən ölüb, ya da Priqojin soyadlı birini ildırım və ya maşın vurub. Bu, təqdimat hər şeyi deyir.
“Niyə təyyarədə Priqojin də vardı”, “niyə yaxınlıqdakı aerodromlara nasazlıq haqda hər hansı xəbərdarlıq edilməyib”, “niyə təyyarədən partlayış səsi gəlib” kimi suallara cavab axtarmaq mənasız işdir. Əlbəttə, cinayət işi qaldırılacaq, araşdıracaqlar, qəza yerini ölçüb-biçəcəklər, amma nəticə dəyişməyəcək, Priqojin də “dirilməyəcək”.
Putin qiyamla bağlı xalqa ilk müraciətdə Priqojinin adını çəkməsə də, xain adlandırmışdı, dodağını çeynəyirdi qəzəbdən. Çünki Putin hakimiyyətdə olduğu 2000-ci ildən bəri ilk dəfə idi ki, özünün yaratdığı varlıq “yaramaza” çevrilmişdi. Üstəlik, onun hakimiyyətini silahla təhdid edən yadelli, yadoğlu da deyildi, əksinə Putinin yerlisi- leninqradlı idi.
Putin o leninqradlıların əsas özəyini Təhlükəsizlik Şurasına toplayıb, müavini Medvedyev, Patruşev, Sergey İvanov da daxil olmaqla ölkənin idarəetməsində ən vacib yerlərdə leninqradlılar var. Putinin Leninqrada mənəvi bağlılığını bilməyən yoxdur, görünür, Priqojinin “vaxtsız və faciəvi” ölümünün bir səbəbi də leninqradlı olmasıdır. Çox yaşamasın ki, daha çox səhvlər etməsin, şəhərin adını xain damğası ilə ləkələməsin...
Putin əlbəttə ki, onun qarnının ağrısını bilirdi. Müharibə olan yerdə fantastik pullar dövriyyədə olur. Priqojin də “aşpaz” olaraq daha yağlı tikələrə göz dikmişdi, müdafiə naziri və Baş Qərargah rəisi ilə o səbəbdən didişirdi. Amma iddia edirdi ki, guya öldürülən həbçilərinin qisasını almaq və Rusiyada ədaləti bərpa etmək niyyəti ilə silaha sarılıb.
Şüarı da vardı: Qisas və ədalət! Qisas və ədalət bir-birinə zidd məfhum deyil. Biri gəlib sənin atanı öldürər, sən də ondan qisas alıb ədaləti bərpa edəsən. Amma dövlət qisası və ədaləti bir tərəziyə qoysa, ölkə dağılar. Priqojin öz ağlınca bunu etmək istəyirdi. Gəlib Şoyqunu və Gerasimovu həbs edəcək, sonra da deyəcəkdi ki, qisasımı aldım, indi ədaləti bərpa etmək üçün gərək həm də onların nazirliyində oturam. Priqojin həm də ağlı ilə nəfsinin düz mütənasib olmasının güdazına getdi. Hələ də pul qazanmağa meylli idi, qaçmaq, gizlənmək barədə düşünmürdü. Bəlkə də qaçıb bir Afrika ölkəsində gizlənərək illərlə həyatını sürə bilərdi. O isə inandı ki, hər şey daha arxada qaldı, pul qazanmağa davam... Üstəlik, Sank-Peterburqa (Leninqrada) geri döndü, dövlət tədbirlərində yenə boy göstərdi. Sonda təyyarəyə də mindi və həlak oldu, öldü, kül oldu...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ