İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin YAP-ın yubileyində verdiyi mühüm mesajlar – ötən 30 ilə baxış və qarşıdakı hədəflər

Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev YAP-ın 30 illik yubileyi ilə əlaqədar noyabrın 21-də keçirilən tədbirdə çıxış edərkən çox maraqlı və mühüm açıqlamalar verdi.

Öncə diqqəti o çəkdi ki, Cənab İlham Əliyev mərhum Heydər Əliyevin rəhbərliyi altında YAP-ı yaranmasında iştirak edən, onu həmin dönəmdə müdafiə edən şəxsləri çıxışının əvvəlində xüsusi vurğuladı. Sitat: “Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar”.

1669019260_6435d2d02ef8289244ae469ada0c09f0.jpg (178 KB)

YAP-ın yaranmasının tarixi hadisə olmasını deyən dövlət başçısı bunu həm də partiyanın xalqın, dövlətin ağır anlarda hərəkətlənməsi və bəlli uğurlu nəticələrə nail olması ilə əsaslandırıb. Buna dair o, aşağıdakı məqamları sadalayıb:

- O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi...Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi;
- Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi;
- 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. O vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı;
- Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi.
Dövlət başçısı Heydər Əliyevin SSRİ dönəmdə Azərbaycana rəhbərlik edərkən onun gördüyü işləri də xatırladıb:
- Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər...

1481529778_23.jpg (633 KB)
Dövlət başçısı Heydər Əliyevin məhz həmin zamanlardan xalqın böyük sevgisini qazandığına işarə edib: “Xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə - nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər”.
O, həmçinin, ermənilərin Qarabağda separatçılığa məhz Heydər Əliyevin bütün vəzifələrdən istefa verməsindən sonra başlaya bildiklərini xatırladıb. Bu, o deməkdir ki, əgər Heydər Əliyevi məkrli qüvvələr həmin postlardan uzaqlaşdırmağa nail ola bilməsəydilər, Qarabağın işğalı prosesinə də başlamaq mümkün olmayacaqdı.

Prezidentdən sitat: “Heydər Əliyevin bütün vəzifələrdən istefa verməsindən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır”...
Bu bir faktdır ki, YAP çox sürətlə inkişaf edib və hakimiyyətə gəlib. Bu, siyasi tarix olaraq maraqlı və çox az rast gəlinən haldır.
Dövlət başçısı bir siyasət ustası kimi, bu mühüm məqama da toxunub: “YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi”...

O, həmçinin, Heydər Əliyevin hakimiyyətə gəldikdən qısa müddət sonra böyük işlər gördüyünü xatırladıb:
- Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox idi. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı;
- Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir;
- Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Ordu quruculuğu sahəsində atılan addımlar imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq”...

Prezident habelə, uzunmüddətli strateji inkişaf modelindən və bu məqsədlərə doğru atılan doğru addımlardan da söz açıb:
- Bütün planları həyata keçirmək üçün güclü maliyyə imkanları olmalı idi. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı;

- 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü;
- Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək;

- 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar”...

Prezident İlham Əliyev haqqında səslənən yaddaqalan və tez-tez işlədilən ifadələrdən biri də məhz budur: “Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurlu davamçısı İlham Əliyev...”

2003-cü ildən bəri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, gördüyü işlər, Qarabağın azadlığı onun xalqın etimadığı doğrutlmaqla bərabər, Heydər Əliyevin ideya və arzularını gerçəklədirməsi də bəlli məsələdir.
Hətta müxalifət liderlərindən biri demişdi ki, Qarabağı kim azad etsə, o, Azərbaycanın şəriksiz lideri olacaq və bu baş verib.
Bu kontekstdə İlham Əliyevin YAP-ın yubileyində çıxışı zamanı söylədikləri də diqqət çəkir:
- Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir;
- 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq;
- Uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu amil həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Ölkənin valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur.
- Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik;
- Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq;
- Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

Əlbəttə, uğurlu və bacarıqlı liderlər heç zaman gördükləri işlərlə, nəticələrlə kifayətlənmir və daha böyük hədəfərə nail olmağa çalışırlar.
Prezidentin by yöndə dediklərinə nəzər salaq:
- Bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. Dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Aparılan iqtisadi islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək;
- Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər;
- Biz hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın;
- Yoxsulluq əhəmiyyətli dərəcədə azalıb. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir;
- Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir;
- Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır...
- 1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi geniş vüsət almışdır. Onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır;
- Bu gün dünyada gedən proseslər göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir. Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Bizim üstünlüyümüz ondadır ki, təbii sərvətlərimiz var. Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. Neft-qaz layihələri ölkəmizin beynəlxalq mövqelərini də gücləndirdi;
- Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır;
- Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmləndi. Azərbaycan MDB məkanında birinci ölkə oldu ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi və sədrliyin müddəti bir il daha uzadıldı. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk. Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir;
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın üzvləri bu təxribata getmədilər;
- Ölkəmiz üzv olmadığı, amma Ermənistanın üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir;
- Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsipləri üstünlük təşkil edir. Ölkəmiz imkan daxilində ehtiyacı olan dövlətlərə kömək göstərir, necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir...

Beləliklə, Prezident İlham Əliyev YAP-ın 30 illik yubileyində Azərbaycanın hədəflərini daha konkret fikirlərlə çatdırıb.

1669019264_67b51efbd3764358592bf19b1a79e966.jpg (64 KB)

30 ilə baxış və elan edilən qarşıdakı hədəflər o deməkdir ki, Azərbaycanın dəyişməz strategiyası onu daha da inkişaf etdirəcək, bədxahlarımız kədərlənəcək, dostlarımız isə sevinəcək!

Musavat.com

 

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR