Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Florida ştatında "Milton" qasırğasından 16 nəfər həlak olub.
Xəbəri "CBS News" Floridanın asayişi mühafizə departamentinə istinadla yayıb.
Bu, müşahidə tarixində gücünə görə beşinci Atlantik qasırğası sayılır. "Milton" ştatda ağacları, elektrik dirəklərini aşırıb, küçələr su altında qalıb, binalar dağılıb. Floridada 2.7 milyondan çox evin elektriksiz qalacağı bildirilir. Onlardan bəziləri sentyabrın sonunda ştatdan keçmiş "Helen" qasırğasından bəri işıqsız qalıb.
Təhlilçilərin hesablamalarına görə, "Milton"un zərəri 100 milyard dollara çata bilər. Bu isə ötən ilin sentyabrından bəri ABŞ-də baş vermiş bütün təbii fəlakətlərin vurduğu ziyandan təxminən iki dəfə çoxdur.
Ağ ev ziyan görmüş ştata federal yardım vəd edib.
Floridanın qərb sahilində dalğanın maksimum həddi 3 metrədək qeydə alınıb. Qasırğadan daha çox ştatın şərq sahilinin ziyan gördüyü vurğulanır.
Ştatın qubernatoru Ron Desantis deyib ki, ştat ən pis ssenaridən yayına bilib, belə ki, sıx məskunlaşmış sahil şəhərlərinə birbaşa zərbədən ehtiyat edirdilər, "ancaq yenə də ziyan böyükdür".
"Milton" və "Helen" kimi qasırğalar iqlim dəyişiklikləri səbəbindən getdikcə güclənir: onlar ildən-ilə isinən okean suyundan qidalanır, daha isti hava sayəsində isə daha çox rütubəti çəkib saxlamaq imkanı verir.
@@TVmusavat/97904@@
(AzadlıqRadiosu)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ