İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin COP29-un tribunasından verdiyi MÜHÜM MESAJLAR

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi baş tutdu.

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış etdi. Dövlət başçısı çıxışında bir sıra vacib məqamlara toxundu. O bildirdi ki, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir.

LİDER SİN.jpg (60 KB)

Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir. Rəsmi Bakı BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un Azərbaycanda keçirilməsi elan ediləndən bəri, yəni təxminən 11 aydır ki, buna hazırlaşırdı. Buna qədər Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq ölkəyə gəlib.

COP29-da isə iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib.

Prezident çıxışında qeyd etdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Ölkəmiz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilər. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Azərbaycanın qoşulduğu meqalayihlərdən biri də Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizdir. Layihə 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə həyata vəsiqə alıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda Çin-Qazaxıstan sərhədindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.

ORTA DEHLİZ.jpg (108 KB)

Orta Dəhliz təkcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Onun iqtisadi baxımdan səmərəli olması ilə yanaşı, siyasi əhəmiyyəti də az deyil. İndi dünyanın ən iddialı iqtisadi proqramı hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni və dünya üzrə ümumi daxili məhsulun 40 faizini əhatə edir. Dünya Bankının məlumatına görə, hazırda dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir.

Bəli, belə məqada Orta Dəhlizin nəbzinin Azərbaycanda döyündüyünü demək tam yerinə düşür.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun önəmli iştirakçılarından sayılan Azərbaycan dəhlizin funksionallığının artırılmasına mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu və 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.

Hazırda isə 2017-ci ildə istifadəyə verilmiş və Orta Dəhliz vasitəsilə daşımalarda böyük əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılması üçün əlavə infrastruktur işləri aparılır. Bu məqsədlə Azərbaycanın dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsait hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılacaq. Eyni zamanda Azərbaycanın beynəlxalq səviyyəli Ələt Dəniz Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılacağı nəzərdə tutulur ki, bu da Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaradacaq.

ALET.jpg (50 KB)

Prezident çıxışında onu da qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkədir.

Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə yeni nəqliyyat infrastrukturu yaradır. Azərbaycanın azad olunan ərazilər boyunca reallaşdırmağa çalışdığı nəhəng layihələrdən biri də Zəngəzur dəhlizidir.

Mütəxəssislərin hesablamalarına görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Uzunluğu 140,6 kilometr olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi sürətlə davam etdirilir. Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla, 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilib. Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq bu dəmir yolu xəttinin işlək mexanizmə çevrilməsi ilə Bakı–Tbilisi–Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq. Bu da Şərq-Qərb istiqamətində yüklərin sürətlə daşınmasında əhəmiyyətli rol oynayacaq.

DEHLİZ YENİ.jpg (197 KB)

Azərbaycanın beynəlxalq arenadakı uğurlarından biri də 120 ölkənin dəstəyi ilə dörd il ərzində BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsidir.

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı.

Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də, Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.

Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi.

QOSULMA.jpeg (77 KB)

Sədrliyimiz dövründə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olundu və onun daimi katibliyi Bakıda yerləşəcək.

Təşkilatın yaradılması kimi mötəbər uğurdan əlavə, Şuşa şəhərinin adı da artıq Qoşulmama Hərəkatının tarixinə düşdü.

İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsidir. Dövlətimizin başçısı bu ilin martındakı sammitdə vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.

Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2012-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH ölkələrinin dəstəyi də öz rolunu oynayıb. QH üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək verib. Xüsusilə bu dəstək Vətən müharibəsi dövründə hiss edildi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən inamla alındı. 2022-ci ildə də bənzər hadisə baş verdi.

Qoşulmama Hərəkatından əlavə, Azərbaycan 2019-2021-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da uğurla sədrlik etdi.

TRUKDİL.jpg (74 KB)

Ölkəmiz sədrliyi dövründə türkdilli ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilərək beynəlxalq təşkilat statusunu qazanması, Türk dünyasının iki mühüm ideya və hərəkətverici gücünün - Azərbaycanın və Türkiyənin uzun illərdən bəri həyata keçirdikləri siyasətin, gərgin əməyin bariz nümunəsidir.

Azərbaycan həmçinin, İslam Əməkdaşlıq Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biridir. Öləkəmiz İƏT-in bir neçə konfransına ev sahibliyi edib.

Dövlət başçısı da nitqində bu məsələyə yer ayırdı:

“Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq.
BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır”.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və ölkə başçısı tərəfindən imzalanmış sənəd bu istiqamətdə təşəbbüsləri stimullaşdırmaq məqsədi daşıyır. Bu mənada “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın COP hərəkatına dəstəyinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

YASİL.jpg (82 KB)

Yaşıl enerji keçidi ölkəmizin prioritet məsələsidir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi: - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq ölkəmizin enerji sisteminə tam inteqrasiya edilib. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.

“Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir”.

Azərbaycan lideri həmçinin Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsindən də bəhs etdi.

SUMİT.jpg (138 KB)

“Yaşıl enerji”nin Özbəkistan və Qazaxıstandan Azərbaycana tədarükü və oradan da Qara dənizin dibi ilə elektrik kabelləri vasitəsilə Avropaya ixrac edilməsi ideyası ötən ilin noyabrında Bakı, Astana və Daşkəndin bu layihənin həyata keçirilməsi ilə bağlı ilkin razılığı əldə etdikdən sonra reallaşmağa başlayıb.

Bu layihə çərçivəsində elektrik enerjisinin ötürülməsi üçün dünyanın ən uzun sualtı kabeli çəkiləcək, onun maliyyələşdirilməsi üçün isə Avropa Komissiyasının maliyyə qurumlarından layihəyə təxminən 2,3 milyard avro ayıracaq investisiyaların cəlb edilməsi planlaşdırılır.

Layihənin əsas məqsədi Mərkəzi Asiya ölkələrindən Azərbaycana elektrik enerjisinin tədarükü məsələsi olub və yeganə aşkar marşrut Xəzər dənizinin dibi ilə Qazaxıstan sahilindən Azərbaycan sahilinə elektrik xətlərinin çəkilməsi olub. Ekspertlərin fikrincə, bu, gəlirli layihə olacaq.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR