Onlayn ictimai-siyasi qəzet
Osman Gündüz: “Yeni yanaşma nəqliyyat və kommunikasiya sektorunda daha ciddi keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq”
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılmasının səbəblərinə dair sualı cavablandıraraq, onun fəaliyyətini zəruri edən səbəbləri və gözləntilərini açıqlayıb.
Prezident bildirib ki, son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlayıb: “İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var. Əsas səbəb idarəetmədə olan qüsurlar və pozuntular idi. Buna son qoymaq üçün artıq mənim tərəfimdən belə qərar qəbul edildi və bütün şirkətlərdə, - onlar çox deyil, haradasa 10-a yaxın dövlət şirkəti var, - yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq. Yəni uzun illər ərzində zərərlə işləyən, hər dəfə dövlət büdcəsinə, necə deyərlər, müraciət edən SOCAR, məsəl üçün, indi gəlirlə işləyir. Uzun illər ərzində zərərlə işləyən və hər dəfə dövlətdən dotasiya alan ”Azərbaycan Hava Yolları" gəlirlə işləyir və səhv etmirəmsə, keçən ilin gəlirləri bir neçə 100 milyon manat səviyyəsindədir. İndi öz ehtiyaclarını özü qarşılayacaq. Dəmir yolu idarəsi də, həmçinin. Uzun illər dövlətdən yardım alan, indi təqribən 100-150 milyon manat gəlirlə işləyir və digər şirkətlər. Yəni bu, birinci mərhələ idi. O sağlamlaşdırma və kadr islahatı mərhələsi artıq başa çatdı".
Dövlət başçısı bildirib ki, AZCON-un yaradılmasında məqsəd nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır: “Çünki baxmayaraq ki, idarəetmədə dediyim müsbət dəyişikliklər baş verdi, ancaq nəqliyyat qurumları arasındakı koordinasiya zəif idi və nəzərə alsaq ki, bundan sonrakı illərdə bizim həm əsas gəlir mənbəyimiz, həm siyasi çəkimizi gücləndirən amillərdən biri nəqliyyat və bağlantılar olacaq, əlbəttə ki, burada biz tam şəffaf və koordinasiya şəklində işlək mexanizm yaratmalı idik. Bir çox misallar var, məsələn, yükdaşımaları ilə bağlı - Xəzər Gəmiçiliyi üçün bir yükün daşınması daha sərfəlidir, dəmir yolu üçün başqa yükün daşınması. Liman burada nə dərəcədə vasitəçi mexanizm rolunu oynayır? Ona görə məqsəd dövlətin marağına əsasən, hansı yükün daşınması, necə daşınması sərf edirsə, ona da üstünlük verilməlidir. Paralel olaraq nəqliyyat sektorunun rəqəmsallaşdırılması prosesi də gedir. Bu istiqamətdə də lazımi tədbirlər görülüb, göstərişlər verilib, o cümlədən gömrük rəsmiləşdirilməsində də yük göndərən tərəf öz yükünü daim izləmək imkanına malik olacaq və burada süni əngəllər, pozuntular, eyni zamanda, təbii ləngimələr də aradan qaldırılacaq. Çünki biz Şərq-Qərb nəqliyyat dəhlizini tariflərin düzgün tənzimlənməsi hesabına həm iqtisadi cəhətdən daha sərfəli etməliyik, həm də süni əngəlləri aradan götürməliyik ki, yüklər daha da tez vaxtda getsin”.
Prezident qeyd edib ki, yeni holdinq daşımalar sahəsində tariflərin tənzimlənməsində mühüm rol oynayacaq: “Tariflərə gəldikdə, bir tarif var dəmir yolu, bir tarif var beynəlxalq liman, bir tarif də var gəmiçilik tətbiq edir və bu tariflər arasında uyğunsuzluq var. Yəni bir çox digər detallar var ki, bu, vahid sistemin yaranmasına ehtiyac yaradıb və biz bunu yaratmışıq və mən əminəm ki, formalaşmaqda olan bu qurum tezliklə, necə deyərlər, öz səmərəliliyini göstərəcək. Bununla paralel olaraq, şəhər nəqliyyatı problemləri də göz önündədir. Biz vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik. İndi bir çoxlarının yadından bəlkə də çıxıb, xüsusilə gənc nəsil bəlkə də bunu heç bilmir. Vaxtilə nə qədər problemlər var idi, hətta bax, buradan şəhərə getmək üçün, neçə dairə var idi. Mərdəkan dairəsi, Sabunçu dairəsi, Koroğlu dairəsi, ondan sonra Suraxanı dairəsi, hər dairədə tıxac, həmin o aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, yəni beton yolu adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Bunları sadalamaqla vaxt gedə bilər. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi. Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır. Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq.
Digər layihələr də icra edilir. Sadəcə olaraq, məlumat üçün deyim, məsələn, indi bizim avtomagistrallarda elektron tərəzilər quraşdırırıq. Keçən il buna başlamışıq, bu il də davam edəcək və bütün magistrallarda quraşdırılacaq. Çünki nə baş verir, yeni yol çəkilir, amma sonra bəzi iş adamları yük maşınlarını elə yükləyirlər ki, o, yolu dağıdır. Ona görə birinci elektron tərəzilər quraşdırılandan sonra artıq buna son qoyuldu. Çünki böyük cərimələr tətbiq olunur. Artıq yük daşıyan şirkətlər özləri yüklərin çəkisini ölçürlər ki, cəriməyə məruz qalmasınlar".
AZCON meqa holdinqi özünü doğruldacaqmı? Prezidentin gözləntilərinə nail olunacaqmı? Sualları cavablandıran müasir texnologiyalar sahəsində ekspert Osman Gündüzün fikrincə, AZCON nəinki nəqliyyat sektorunda, ümumiyyətlə ölkədə ən böyük qurum hesab oluna bilər: “Ölkənin ən böyük nəqliyyat və kommunikasiya təbii inhisarçıları bu meqa qurumda cəmləşib. Xatırladıram ki, Azərbaycan İnvestisiya Holdinqin tərkibində olan nəqliyyat qurumları da AZCON tərkibinə qatılıb.
Osman Gündüz
Prezident müsahibəsində nəqliyyat və kommunikasiya sektorunun vahid platformada - AZCON çətiri altında birləşdirilməsinin çevik idarəetmə zərurəti, səmərəlilik və kordinasiya zərurətindən irəli gəldiyini vurğulayıb. Prezident çıxışında dövlət şirkətlərinin uzun illər təkcə təbii inhisarçı kimi deyil, həm də zərərlə işləyən qurumlar kimi fəaliyyət göstərməsi məsələsinə xüsusi diqqət çəkib. Düşünürəm ki, AZCON ideyası uğurlu olacaq. Dövlət şirkətlərinin idarəetməsində və bir çoxunun da maliyyə dayanıqlığında ciddi problemlər vardı. Subsidiya üzərində “oturanlar” da çoxluq təşkil edir. Bu yeni yanaşma isə düşünürəm ki, ölkənin nəqliyyat və kommunikasiya sektorunda daha ciddi keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq. İdarəetmədəki qüsurlar və qanun pozuntuları səngiyəcək".
O.Gündüz bildirir ki, ümumiyyətlə, bu addım ölkəmizin gələcəkdə həm iqtisadi gəlirlərini artırmaq, həm də nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə olaraq siyasi mövqeyini gücləndirmək baxımından xüsusi önəm daşıyır: “Nəqliyyat qurumları arasında koordinasiyanın zəifliyi sektorun tam potensialını ortaya qoymasına mane olurdu. Lakin yeni struktur bu çatışmazlıqları aradan qaldıraraq daha şəffaf, çevik və işlək mexanizm yaradacaq. Hazirda bu sektorda əldə olunan gəlirlər UDM-in çox cüzi hissəsini təşkil edir. Güman ki, təmərküzləşmədən sonra bu rəqəmlər artacaq. AZCON-un yaradılması ilə dövlət sektorunda innovasiya və rəqabətqabiliyyətlilik yeni mərhələyə qədəm qoyacaq. Bu həm nəqliyyat və kommunikasiya sektorunun daha effektiv fəaliyyətini təmin edəcək, həm də Azərbaycanın tranzit qovşağı kimi strateji mövqeyini daha da möhkəmləndirəcək.
Eyni zamanda, Prezident İlham Əliyevin vurğuladığı kimi, bəzi dövlət şirkətlərinin sağlamlaşdırılması, fikrimcə, onların gələcəkdə özəlləşdirilməsi üçün də zəmin yaradır. Çox güman ki, hökumət bəzi dövlət şirkətlərini sağlamlaşdıraraq özəlləşdirməyə çıxarmaq niyyətindədir. "Aztelekom"un timsalında bunu müşahidə etmək olur ki, yeni yanaşmlar bu qurumun dayanıqlığını xeyli artırıb. Güman ki yaxın gələcəkdə "Aztelekom"un pərakəndə internet satışı infrastrukturu da özəlləşdirilməyə çıxarılacaq.
Fikrimcə, yeni yanaşmalar, dövlət şirkətlərinin sağlamlaşdırılaraq özəlləşdirilməyə çıxarılması diqqət cəlb edəndir, iqtisadiyyatın liberallaşdırılması və dövlət sektorunda səmərəliliyin artırılması istiqamətində mühüm addımdır. Sağlam və rəqabətədavamlı mühit yaradıldıqdan sonra bu şirkətlərin özəl sektora transferi onların daha da inkişaf etməsinə və ölkə iqtisadiyyatına əlavə töhfə verməsinə imkan yaradacaq".
Dünya SAKİT,
“Yeni Müsavat”
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ