Onlayn ictimai-siyasi qəzet
Murad Sadəddinov: “Bəyanatlar da göstərdi ki, Türkiyə və Azərbaycanın prioriteti məhz Türk Dövlətləri Təşkilatının güclənməsi və dünya siyasətində söz sahibinə çevrilməsidir”
Prezident İlham Əliyev fevralın 19-da Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı həm bölgəsəl, həm qlobal anlamda mühüm mesajlar verib, yaxın perspektivə dair proseslərin konturlarını açıqlayıb.
Dövlət başçısının “Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdir” bəyanatı xüsusi önəm kəsb edir.
O, həmçinin deyib: “Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir”...
“Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”, - deyə Prezident vurğulayıb.
Azərbaycanın Türkiyə ilə birgə layihələri haqda qeydləri də olduqca mühümdür. Sitat: “Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır... Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır... İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. Müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur. Bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaq. Təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəsil həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, eyni zamanda bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək”...
Xüsusilə Türk Dövlətləri Təşkilatı, türk birliyi, Türkiyə-Azərbaycan müttəfiqliyi ilə bağlı Prezident İlham Əliyevin, həm də Prezident Rəcəb Tayyib Ərdoğanın dedikləri həm də qlobal güclərə mesaj idimi? Bu açıqlamalar regional proseslərə dair xəbərdarlıq da sayılmalıdırmı?
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın xarici siyasətində türk dövlətləri amilinin prioritet olması ilə bağlı Ankara səfərindən öncə 14 fevralda andiçmə mərasimindəki nitqində mesajlar vermişdi: "Prezident bəyan elədi ki, bizim üçün prioritet Türk Dövlətləri Təşkilatıdır. Hətta İlham Əliyev türk dövlətlərinin birliyini bir ailə kimi dəyərləndirdi və bəyan etdi ki, başqa ailəmiz yoxdur. Bu, məhz yeni dövrün başlanğıcında Azərbaycanın gələcəyi ilə bağlı elan edilmiş konturlar, elan edilmiş istiqamət idi. Azərbaycan Prezidenti ilk səfərini də Türkiyəyə etdi və andiçmə mərasimində bəyan edilmiş istiqamətlə bağlı Ankaradan bütün dünyaya mesajlarını çatdırdı. Bu baxımdan da Prezident İlham Əliyevin Ankaraya sonuncu səfəri çox anlamlı və mənalı idi. Müstəqillikdən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində seçkilər keçirildi. Bu çox önəmli strateji məsələdir. Prezident Ərdoğan da bu məqama toxundu və vurğuladı ki, bütün məsələlərdə Azərbaycanla çiyin-çiyinə hərəkət ediləcək. Ərdoğan Türk birliyi məsələsində Azərbaycan lideri ilə həmrəylik nümayiş etdirdi. Eyni zamanda Türkiyə lideri AŞ PA-da Azərbaycana tam dəstək verdiyini, Bakıya qarşı addımların ədalətsiz olduğunu və məsələnin müsbət həlli üçün çalışacağını vurğuladı. İki ölkə arasında ticarət həcminin ilk dəfə 7.5 milyard dollara qədər yüksəldiyini söylədi və hədəfin 15 milyard dollar olduğunu dedi. Şuşa Bəyannaməsinin ortaya qoyduğu ruhla yola davam ediləcəyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndiriləcəyi söyləndi. Türkiyə və Azərbaycan prezidentlərinin Ankarada səsləndirdiyi bəyanatlar bir daha dünyaya və bütün türk xalqlarına belə bir mesaj oldu ki, qarşıya qoyduğumuz hədəflərə çatmaqda qərarlıyıq. Bu ilin yayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının zirvə toplantısının keçirilməsi qərarının verilməsi də beynəlxalq aləmə çox ciddi mesajdır. Artıq türk dövlətlərinin rəhbərləri gələcək fəaliyyətlə bağlı müzakirələri və qərarları məhz Şuşada həyata keçirmiş olacaqlar. Bu, çox böyük bir anlam daşıyır. Bu, həm də bir sıra dövlətlərə və qüvvələrə xəbərdarlıq xarakterli mesaj olacaq. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin Şuşada keçiriləcək zirvə toplantısına dəvət olunmasının bəyan edilməsi də bir mesajdır. Bəyan edilir ki, kimin necə mövqedə olmasından asılı olmayaraq Türk Dövlətləri Təşkilatı Şimali Kipri dövlət olaraq tanıyır”.
Politoloq qeyd etdi ki, Şuşa Bəyannaməsinin də Ankaradan xüsusi xatırladılması Azərbaycana qarşı olan güclərə bir xəbərdarlıq idi: “Bir sözlə, Ankara səfərində verilən bəyanatlar da göstərdi ki, Türkiyə və Azərbaycanın prioriteti məhz Türk Dövlətləri Təşkilatının güclənməsi və dünya siyasətində söz sahibinə çevrilməsidir. Bunun üçün bir çox mühüm istiqamətlər üzrə işlər həyata keçirilməkdədir. Təhlükəsizlik və hərbi əməkdaşlıq sahələrində yeni fəaliyyət həyata keçiriləcək. Bir hissəsi orta Asiya regionunda, bir hissəsi Cənubi Qafqazda bir hissəsi isə Avropada yerləşən böyük bir miqyası özündə əhatə edən bir güclü ittifaq-qurum formalaşması qarşıya hədəf qoyulub. Böyük bir hərbi-siyasi ittifaqın formalaşması üçün türk dövlətlərinin imkanları var. Ankarada çıxışında bütün imkanların, resursların olduğunu Prezident İlham Əliyev ayrı-ayrı istiqamətlər üzrə mükəmməl ifadə etdi. Böyük resursları olan bir təşkilatla-ittifaqla dünya hesablaşmalıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ