İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentə yazırlar: "Uzaqgörən siyasətinizin Azərbaycanı daim parlaq qələbələrə doğru aparacağına inanırıq"

Azərbaycandan xaricdə yaşayan soydaşlarımızdan, müxtəlif ölkələrdəki diasporumuzun nümayəndələrindən doğum günü münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir. Məktublarda soydaşlarımız doğum günü münasibətilə dövlətimizin başçısını təbrik edir, 2024-cü ilin fevralında keçiriləcək prezident seçkilərində onu dəstəkləyəcəyini bildirirlər.

Musavat.com Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

İsveçdə fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand dövlətimizin başçısını doğum günü münasibətilə ürəkdən təbrik edərək yazır: “Sizin müdrik rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlər qazanıb. Biz Sizin uzaqgörən siyasətinizin respublikamızı daim parlaq qələbələrə doğru aparacağına inanırıq. Hər zaman Sizin yanınızdayıq. Qarşıdan gələn növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyəcəyik”.

Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia məktubunda qeyd edir: “Biz ölkənizə və onun vətəndaşlarına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk və hər zaman Sizi dəstəkləyəcəyik. Sizə həm şəxsi həyatınızda, həm də ali dövləti fəaliyyətinizdə uğurlar və xoşbəxtlik dolu bir il diləyirik”.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev: “Sizə yaşadığım Almaniyada, eləcə də sıx əlaqədə olduğum digər Avropa ölkələrində hər zaman xalqının önündə qürurla dayanan və verdiyi hər bir sözü yerinə yetirən əvəzedilməz Lider kimi rəğbət bəslənilir. Bunu istər siyasi, istərsə də akademik arenada əcnəbi vətəndaşlardan eşitmək ürəyi daim Vətənlə döyünən bir azərbaycanlı kimi mənə böyük qürur hissi yaşadır.

Cənab Ali Baş Komandan, dövlətçilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərə göstərdiyiniz xüsusi diqqət və qayğı məndə və digər gənc dostlarımızda hər zaman böyük ruh yüksəkliyi yaradıb. Siz gənclərə hər addımda insanın öz kökünə və tarixinə sadiqliyi, xüsusən də ata və onun vəsiyyətinin müqəddəsliyi dərsini nümayiş etdirirsiniz. O sadiqlik və ata vəsiyyəti ki, məhz onunla biz doğma Vətənimizi bu gün bütövləşən görmüşük.

Sizi əmin etmək istəyirəm ki, gələn il keçiriləcək və tariximizə Zəfər seçkiləri kimi düşəcək növbədənkənar prezident seçkilərində hər zaman dövlətçilik ənənələrinə sadiq olan biz gənclər Sizi – müzəffər Sərkərdəmizi dəstəkləyəcəyik”.

İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Sevda Dadaşova isə dövlətimizin başçısına təbrikini və dəstəyini bu sözlərlə ifadə edir: “Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu illər ərzində Azərbaycan dövlətinin inkişaf etməsi, güclənməsi istiqamətində gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Vətəndən uzaq olsaq da, hər zaman Sizinləyik.

Daim Sizin diqqət və qayğınızı üzərində hiss edən Azərbaycan diasporu bundan sonra da əzmkarlığını artıracaqdır. Azərbaycanın milli maraqları bizim üçün ən vacib məsələdir. Sizinlə və uğurlu siyasətinizlə qürur duyuruq. Dünya azərbaycanlıları ətrafınızda tək yumruq kimi birləşmiş Azərbaycan xalqı ilə birlikdə həmişə Sizin arxanızdadır”.

Almaniyada yaşayan azərbaycanlılar adından doğum gününüz münasibətilə Prezident İlham Əliyevi ürəkdən təbrik edən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli müraciətində bildirir: “Biz Sizi Azərbaycanın inkişafına, xalqın rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və əsl vətənpərvər şəxsiyyət kimi tanıyırıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Sizin yorulmaz səyləriniz, xalqın etimadı, vətəndaşların həyatını daha da firavanlaşdırmaq üçün gördüyünüz işlər ali dövləti fəaliyyətinizdə uğurlarınızı daha da artıracaqdır. 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzulayırıq”.

Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırova: “…Sizə “İlhamla irəli” devizi ilə “Dəmir yumruq” kimi möhkəm cansağlığı arzulayırıq. Bizə həsrətində olduğumuz Qələbə, tarixdə tayı-bərabəri olmayan Zəfər sevinci yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Biz həmişə Sizinləyik”.

Dövlətimizin başçısına Çex Respublikasının tanınmış ziyalılarını, elm xadimlərini, təhsil işçilərini, iş adamlarını, soydaşlarımızı özündə birləşdirən Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi adından müraciət edən qurumun sədri Azər Kərimov yazır: “Biz Azərbaycan xalqının birliyi, həmrəyliyi, xoşbəxt gələcəyi naminə müəyyən etdiyiniz, həyata keçirdiyiniz səmərəli daxili və xarici siyasəti dəstəkləyirik.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycanın daha da inkişafı, xalqın rifahı naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

İtaliyanın Milan şəhərində diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev Assosiasiyanın üzvləri adından Prezident İlham Əliyevə ən səmimi təbriklərini və xoş arzularını çatdırır. O qeyd edir: “Sizin daxili və xarici siyasətinizin uğurlu nəticələrini böyük maraqla və iftixar hissi ilə izləyirik. Uzaqgörən siyasətiniz və müdrik liderliyiniz sayəsində Azərbaycanın regionda, eləcə də dünyada artan nüfuzunu görməkdən böyük məmnunluq duyuruq, hər bir addımınızı qürurla dəstəkləyirik. Ölkəmizin tarixində açdığınız şanlı səhifə üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin dediyiniz “Bizim gücümüz birliyimizdədir!” ifadəsi hamımızın həyat devizidir. Siz bizim fəxrimizsiniz. Biz Vətən sevdalısı olaraq hər zaman Sizi dəstəkləyirik və dəstəkləyəcəyik”.

Rusiyanın Ulyanovsk vilayəti qubernatorunun milli məsələlər üzrə müşaviri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri İslam Hüseynov: “Azərbaycan Respublikası Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə inamla inkişaf edir. Yüksək peşəkarlıq, qətiyyət və məqsədyönlülük sayəsində ölkədə iqtisadi, sosial, mədəni tərəqqi, sabitlik təmin edilib. Azərbaycan Respublikası ilə Ulyanovsk vilayəti arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına verdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk. …Əminik ki, Sizin peşəkarlığınız və həyat təcrübəniz qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə kömək edəcəkdir”.

“Alicənablıq, insanpərvərlik, mərdlik kimi ali insani dəyərləri özündə birləşdirən şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Sizin uzaqgörənliyiniz və humanizminiz, milli və bəşəri dəyərlərə söykənən müdrikliyiniz, yüksək təşkilatçılıq və idarəetmə bacarığınız dünya liderləri üçün örnəkdir”. Bu fikirlər isə QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun müraciətində yer alıb.

Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov məktubunda təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın böyük inkişaf yolunun, qüdrətlənməsinin, eyni zamanda dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırır. O, həmçinin vurğulayır: Gürcüstan ilə Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri biz Gürcüstan azərbaycanlılarını, eləcə də gürcü ictimaiyyətini çox sevindirir. Bu gün dünyada və Gürcüstanda yaşayan azərbaycanlılar Sizin yürütdüyünüz müdrik siyasət nəticəsində əldə edilən uğurların qürur və sevinc hissi ilə yaşayır və fəaliyyət göstərirlər. Otuz illik həsrətdən sonra Siz Müzəffər Lider olaraq Azərbaycanın əzəli torpaqlarını düşməndən azad etdiniz və ölkənin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Biz azərbaycanlılar harada yaşamağımızdan asılı olmayaraq, hər zaman Sizin siyasətinizi dəstəkləyirik. Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlı gələn ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyir və qələbənizlə bağlı sevinci səbirsizliklə gözləyir”.

Niderlandda fəaliyyət göstərən Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Kəmalə Cəlilova: “Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası böyük inkişaf yolu keçmiş, ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizə müvəffəqiyyətlər diləyirik. Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qadınlar Sizin siyasətinizi dəstəkləyirik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR