İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentə hədiyyə olunan kitabın özəlliyi - "Dağlıq Qarabağda müharibə və sülh"də nədən bəhs olunur? 

Sarayevoya qısa səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevə Bosniya dilində Qarabağ barəsində yazılmış kitab hədiyyə edildi.

Musavat.com xəbər verir ki, kitabın müəllifi Bosniya və Herseqovina prezidentinin müşaviri, jurnalist Adis Delikoviçdir.

Topçubaşov Mərkəzinin rəhbəri, politoloq Rusif Hüseynov bildirib ki, Adis Delikoviç  2021-ci ilin avqustun sonunda Bosniya İctimai Televiziyasının jurnalisti kimi Azərbaycana səfər edib. O, Bakıya Topçubaşov mərkəzinin dəvəti ilə gəlmişdi: "Adis, operatoru Əmir və bəndəniz bir neçə gün ərzində təkcə Bakı daxilində deyil, digər bölgələrdə - Gəncədə, Füzulidə, Cəbrayılda, Ağdamda və ən əsası, Şuşada çəkilişlər apardıq və çox yaxından dostlaşdıq. Fevralda Adisi yenidən dəvət etdik və bu dəfə o, Xocalı qətliamının 30 illiyi ilə bağlı daha bir böyük reportaj hazırladı.

İkinci səfərdən bir qədər əvvəl isə Bosniya dilində Qarabağla bağlı kitabın hazırlanması barəsində razılaşmışdıq. Öz vəzifəsinin peşəkarı olmaqla yanaşı, Adisin Azərbaycana, xüsusilə Qarabağ məsələsinə şəxsi marağı yaranıb, bizim tərəfin ədalətli mövqeyinə, itki və qurbanlarına empatiya ilə yanaşması hiss olunub.

Bu marağın və əməkdaşlığımızın nəticəsində avqustun ortalarında Adis Delikoviçin müəllifliyi ilə "Dağlıq Qarabağda müharibə və sülh" (Rat i mir u Nagorno-Karabahu) adlı kitab çap olundu. Əsər 1990-cı illərin ortalarında Bosniya müharibəsinin ən qızğın çağında zirzəmidə başlayır. Məktəbli olan müəllif yaşadığı Visoko şəhərində binanın artilleriya atəşinə məruz qalmasına görə ailəsi və qonşuları ilə birlikdə zirzəmiyə enir, radionu dinləyərkən ilk dəfə Dağlıq Qarabağ barəsində eşidir. Zirzəmi sakinləri xəbərlərdə Qarabağda da oxşar savaşın getdiyini eşidir, Azərbaycanı tanıyan bəzi qonşular Adisə ölkəmiz, Qarabağ, Nizami Gəncəvi haqqında məlumat verir. Hadisələr 25 il sonraya keçir: 2020-ci ilin sentyabrında xəbərlər proqramı üçün məlumat hazırlayan Adis Qarabağda yeni bir müharibənin başladığını öyrənir, uşaqlıq xatirələrindən yaranan şəxsi marağa görə növbəti 44 gün ərzində hərbi əməliyyatların gedişini yaxından izləyir. Daha bir il sonra isə artıq Qarabağın kabus şəhərləri və minalanmış sahələri arasında gəzir, ermənilər tərəfindən viran qoyulmuş əraziləri öz gözləri ilə görür, Cıdır düzündən reportaj hazırlayır.

Müəllif işinin çoxluğuna və şəxsi problemlərə baxmayaraq kitabı cəmi bir neçə ay ərzində ərsəyə gətirdi. Kitabın (hələ əlyazma ikən) ilk oxucusu olduğumu da qürurla söyləyə bilərəm. Demək olar ki, hər ay bir yeni fəsil hazır olarkən Adis onu mənə göndərər və daha sonra onu video-zəng vasitəsilə müzakirə edərdik. İyulun sonunda əlyazma artıq çapa hazır idi. Kitab Qarabağ tarixi, Xocalı faciəsi, 2020-ci il müharibəsi, Azərbaycandakı ümumi proseslər, Azərbaycan-Bosniya əlaqələri kimi fərqli mövzuları əhatə edir".

R. Hüseynov qeyd etdi ki,  kitabın resenzentləri (rəyçiləri) 2000-2010-cu illərdə Xorvatiya prezidenti olmuş Stepan Mesiç, müxtəlif illərdə Bosniya və Herseqovinanın baş naziri və xarici işlər naziri kimi xidmət etmiş Zlatko Laqumciya, Nyu-Yorkda BMT-də çalışan bosniyalı jurnalist Erol Avdoviçdir. O hazırda Bosniyanın Belçikadakı səfiridir.

Təqdimat mərasimində 400-ə yaxın insan iştirak etdi, təxminən 2 saat ərzində Qarabağ münaqişəsinin tarixçəsi, Azərbaycanın haqlı mövqeyi və hazırki proseslərlə bağlı məlumatları diqqətlə dinlədi və ölkəmiz barədə əvvəlki reportajlardan kadrları izlədi. Təşkilatçılar bəndənizə də söz verdikdə, auditoriyaya hörmət əlaməti olaraq çıxışı Bosniya dilində etməyə çalışdım.

Əsas hissədən sonra qonaqların sözügedən kitabı pulla satın alması, həm Adisə, həm mənə yaxınlaşaraq Qarabağla bağlı əlavə suallar verməyi xoş təəccüb yaratdı. Müəllifin qarşısında isə uzun bir növbə yaranmışdı... Aldıqları kitab üçün avtoqraf istəyirdilər.

Beləliklə, bosniyalı jurnalist və yazıçı Adis Delikoviçin "Dağlıq Qarabağda müharibə və sülh" (Rat i mir u Nagorno-Karabahu) adlı kitabı Bosniya dilində işıq üzü görmüş və artıq ilk oxucuları ilə tanış olub. Dil yaxınlığını nəzərə alaraq onun bütün Balkan regionunda və diasporda da yayılması gözlənilir. Öyrəndiyimə görə, artıq Çernoqoriyadan, həmçinin bosniyalıların yaşadığı bəzi Avropa ölkələrindən və ABŞ-dan kitabla bağlı onlayn fərdi sifarişlər daxil olub.

Ümid edirəm ki, tez bir zamanda kitabın Azərbaycan və ingilis dillərinə tərcüməsini, həmçinin Bakıda da təqdimetmə mərasimini təşkil edə biləcəyik.


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR