İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən SENSASİON ANONS: tezliklə açılacaq... - FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Tədbirdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı da çıxış edib.

Millət vəkili öz təəssüratlarını Musavat.com-la bölüşüb.

tedbir.jpg (131 KB)

Məlahət İbrahimqızı bildirib ki, 24 dekabr Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar bir gündür:

"24 dekabr eyni zamanda dünya azərbaycanlıları üçün çox əziz gündür. Ali Baş Komandan İlham Əliyevin doğum günü həmişə ölkəmizdə bütün səviyyələrdə keçirilib, ancaq biz cənab Prezidentin doğum günü, yubiley keçirməsinin şahidi olmamışıq. O, istər ölkəmizin ən əziz bayramlarını, istərsə də öz doğum gününü əhalinin çox həssas qrupları ilə - əsgərlərlə, şəhid ailələri ilə, məcburi köçkünlərlə keçirir. Cənab Prezident bunu özü üçün ən qiymətli, ən gözəl doğum günü hesab etdiyini bildirib.

Azərbaycan ictimaiyyəti bilirdi ki, 24 dekabrda möhtərəm Prezidentimiz həmişəki ənənəsinə sadiq qalacaq. Dünən cənab Prezident yeni təsis olunmuş Qərbi Azərbaycan İcmasının binasının açılışında oldu və Qərbi Azərbaycanın bir qrup ziyalısı ilə, Azərbaycanın ictimai-siyasi həyatında tanınmış insanlarla, alimlərlə görüşdü. Bilirsiniz ki, möhtərəm Prezidentimiz özünə aid olan məsələlərə təvazökar yanaşır. Cənab Prezident hər bir əməli ilə bir örnəkdir. İnsanın doğum günü həyatında əziz və əlamətdar bir gündür. Prezident İlham Əliyev öz doğum gününü bu formada keçirməsi ilə cəmiyyətə, gənclərə, hər kəsə nümunə göstərir. Dünənki görüşdə möhtərəm Prezident parlaq bir nitq söylədi, çıxış etdi. Onun hər bir çıxışı bir-birindən gözəl, bir-birindən mükəmməldir. Hər bir çıxışı ilk cümlədən sona qədər bir mesajdır, hər bir cümləsinin arxasında böyük bir proqram dayanır, hər bir cümləsi bir ideyadır, bir tezisdir. Dünənki doğum günü cənab Prezidentin 44 günlük Vətən müharibəsindən sonra ikinci xüsusi günüdür. Hər kəs möhtərəm Prezidentin dilindən bu gün ölkəmizin ictimai-siyasi həyatında baş verən, eləcə də regionda, dünyada baş verən proseslər fonunda bölgədə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı proseslər haqqında müəyyən məlumatları, mesajları gözləyirdi. Eyni zamanda 2 həftəyə yaxın müddətdir ki, Xankəndi-Şuşa yolunda Azərbaycan ekofəallarının keçirdiyi aksiya dünyanın diqqətində olan bir məsələdir, eləcə də Azərbaycan xalqı üçün mühüm hadisədir. Biz vətəndaş cəmiyyəti qurucularının bu aksiyasını çox yüksək dəyərləndiririk. Bu mənada cəmiyyəti düşündürən bir məsələ varsa, o da Qarabağ məsələsinin tamamilə bitməsidir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan xalqının birliyi ilə torpaqlarımız işğaldan azad olunub. Amma bəzi məsələlər var ki, onlar sona yetməyib. Bura Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin demarkasiya və delimitasiyası, Azərbaycanın ayrılmaz parçası olan, beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazilərində baş verən vəhşiliyin, vandalizmin monitorinqinin aparılması aiddir. Sülh sazişi imzalanarsa, sərhədləri demarkasiya və delimitasiya etmək mümkün olarsa, Zəngəzur dəhlizi açılarsa bölgədə normallaşma prosesi başlaya bilər. Bundan sonra bölgədə dayanıqlı inkişaf və dayanıqlı sülhün bərpası başlayar. Möhtərəm Prezidentimiz də çıxışında vurğuladı ki, Azərbaycana təzyiq edən, bölgədəki vəziyyəti ağırlaşdıran, keçmiş münaqişəni yenidən alovlandırmağa çalışan ölkələr sırasında Ermənistan 8-9-cu yerdədir.

qara.jpg (253 KB)

Ölkə başçısı qeyd etdi ki, istər iqtidarda, istər müxalifətdə olanların, istərsə də Xankəndidə olan quldur Araikin, Ruben Vardanyanın revanşist əməlləri və düşüncələri heç də səngiməyib. Bu mənada Azərbaycan dövlətinin mövqeyi, bundan sonra baş verəcək proseslərdə, Ermənistan-Azərbaycan məsələlərinin normallaşması ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən gözləntilər, ictimaiyyəti, ölkə ziyalılarını narahat edən sualların hamısı cənab Prezidentin çıxışında öz əksini tapdı. Möhtərəm Prezidentimizin hər bir cümləsi bir tezis, qətiyyət, ədalət, barış idi, eyni zamanda hər bir cümləsi bir qalibiyyət idi, hər bir cümləsində Azərbaycan xalqının məğrurluğu öz əksini tapırdı. Müzəffər Ali Baş Komandanın hər bir fikrində əyilməzlik və öz mövqeyimizdən qətiyyətlə dönməyəcəyik ifadə olunurdu. Cənab Prezident dedi ki, bu məsələlərlə bağlı bir sıra ölkələrin liderləri, beynəlxalq təşkilatlar tərəfindən bizə təzyiqlər olsa da, sifarişlər gəlsə də biz onlara siyasi mədəniyyət naminə cavab veririk. Biz qətiyyən öz mövqeyimizdən dönməyəcəyik. Yəni möhtərəm Prezidentimiz o qədər açıq danışırdı".

eliyev.jpg (98 KB)

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədrinin sözlərinə görə, elə məsələlər var ki, onları topla, tüfənglə, dronla həll etmək olmur:

"Diplomatiya, danışıqlar masası tələb olunur. Biz döyüş meydanında ən yüksək, möhtəşəm zəfərimizi qazanmışıq. Artıq növbəti mərhələnin danışıqlar prosesi ilə olması ehtimalı daha çoxdur. Möhtərəm Prezident dünənki çıxışında açıq şəkildə dedi ki, biz sentyabrdakı antiterror əməliyyatını çox haqlı etmişik. Vurğuladı ki, Ermənistan cəmiyyətində revanşist qüvvələr hələ də çox yüksəkdir. Dedi ki, cəmiyyətin, gənclərin beyni o qədər zəhərlənib ki, onların təmizlənməsi üçün uzun illər lazımdır. Ölkə başçısı qeyd etdi ki, biz ölkəmizin təhlükəsizliyi, xalqımızın əmin-amanlığı və dövlətimizin gücü, nüfuzu üçün o əməliyyatları aparmalı idik. Rəşadətli ordumuz artıq bütün cəbhə bölgəsində çox yüksək səviyyədə, möhkəm oturub və demək olar ki, sərhəd boyunca ən önəmli, strateji mövqelər Azərbaycan ordusunun nəzarətindədir. Prezident bildirdi ki, artıq Bala Göyçə tamamilə bizdədir və biz Göyçə gölünü binoklsuz görürük. Zəngəzur dəhlizi tezliklə açılacaq. Möhtərəm Prezidentimizin hər bir cümləsində qətiyyət və əminlik var.

qetiyyet.jpg (198 KB)

Cənab Prezident öz fəaliyyətində yalnız Qarabağ üçün mübarizə aparmayıb. Ən mötəbər kürsülərdə, ən mürəkkəb situasiyalarda, NATO tədbirlərində belə dünyaya bəyan edib ki, İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpaqlarıdır. 100 il tarix üçün göz qırpımıdır. İşğalçı və işğalı dəstəkləyən qüvvə eynidir. Biz 91-93-cü illərdə işğal olunmuş torpaqlarımızı azad edə bilirik, 88-89-cu illərdə əlimizdən alınan dədə-baba yurdumuzu geri qaytara bilməyəcəyik? Mehri rayonunun Nüvədi kəndi 1991-ci ildə boşaldılıb. Nüvədi uzun müddət erməni işğalçıları tərəfindən blokadada qalıb. 1988-1991-ci illərdə erməni faşistləri azərbaycanlıları soyqırıma, etnik təmizləməyə, deportasiyaya məruz qoyaraq yaşadıqları 170 kənddən məhrum etdi. Azərbaycanlılarla ermənilərin birgə yaşadığı 70 kənddə isə erməniləşdirmə, xristianlaşdırma siyasəti aparıldı. "Dədə Qorqud" kitabəsində qeyd olunan bütün toponimlər Qərbi Azərbaycan ərazisində var. Möhtərəm Prezidentimiz bildirdi ki, mən dəfələrlə çıxışlarımda demişəm, biz oranı top-tüfənglə almaq fikrində deyilik. Biz oradan deportasiya olunmuş soydaşlarımızın (yalnız 88-ci ildən yox) hüquqlarının tam bərqərar, bərpa olunması üçün nə lazımdırsa, edəcəyik. Ölkə başçısı qeyd etdi ki, bilirəm bu çıxışdan sonra Ermənistanda, xaricdə nələr baş verəcək, amma mən tarixi gerçəkliyi deyirəm. Ermənilər Ermənistanda olan Azərbaycan tarixini, mədəni irsini darmadağın edib, amma kitablar, tarixi faktlar, xəritələr var. Cənab Prezidentin bu çıxışı hər bir azərbaycanlı üçün bir yol xəritəsi oldu. Hər kəs Qarabağın azad olunması üçün bir yumruq oldu. İndi də Qərbi Azərbaycandan zaman-zaman qaçqın düşmüş soydaşlarımızın hüquqlarının bərpası yolunda biz əlimizdən gələni edəcəyik".

Məlahət İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyevin İrəvan, Zəngəzur, Göyçə deməsi ilə Qərbi Azərbaycan İcmasının yol xəritəsi artıq müəyyən idi:

"Amma indi bizə daha detallı tapşırıqlarını verdi. Qərbi Azərbaycan İcmasına tapşırıqlar verdi ki, bu İcma həm ölkə daxilində, həm də xaricdə, beynəlxalq təşkilatlarda böyük səs çıxaran layihələr həyata keçirməlidir. Yəni biz bugünkü qondarma Ermənistan dövləti deyilən o ərazidə tarix boyu, əsrlər boyu azərbaycanlıların var olduğunu sübut edən layihələr həyata keçirməliyik və bunu beynəlxalq təşkilatlara tanımaq istəməsələr də, tanıtmalıyıq. Biz onların görməsinə, eşitməsinə çalışmalıyıq. Necə ki, uzun illər Qarabağın mədəniyyəti, maddi-mədəni irsi, dünya mirasına verdiyi töhfələri Birinci vitse-prezident Mehriban Əliyeva beynəlxalq təşkilatlarda, xüsusilə də UNESCO və ICESCO-da tanıtdı, onları təbliğ etdi. Mehriban xanım Qarabağın səsi oldu. Bu baxımdan bu gün bizim üçün artıq təcrübə, dövlətin qəti siyasi iradəsi, yol xəritəsi, dövlətimizin dəstəyi var. Azərbaycan xalqı öz dədə-baba torpaqlarına getməlidir, əcdadlarının məzarını ziyarət etməlidir. Türk tarix boyu öz torpağından keçməyib. Biz möhtərəm Prezidentimizi, onun sülhməramlı siyasətini alqışlayırıq. Qondarma dövlət olan Ermənistanda Azərbaycan xalqının varlığını göstərən bütün mədəniyyət abidələri, dini abidələr, məzarlıqlar, saraylar və s. haqqında xüsusi layihələr həyata keçiriləcək, beynəlxalq konfranslar təşkil olunacaq. Qərbi Azərbaycanda Azərbaycan xalqının hüquqlarının bərpasının açarı Qarabağın işğaldan azad olunması ilə yarandı. Əks halda bu, utopiya olardı. Şuşanın azad olunması Zəngəzurun açarıdır. Öz doğum gününü belə bir tədbirə həsr etdiyi üçün mən öz adımdan, seçicilərim, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası adından möhtərəm Prezidentimizə sonsuz təşəkkürümü bildirirəm.

ibrahim.jpg (219 KB)

Cənab Prezidentin dünənki çıxışı cəmiyyətin arzuladığı çıxış idi. Azərbaycan ictimaiyyətinin səbrsizliklə gözlədiyi çıxış idi. Ölkə başçısı öz çıxışı ilə Qərbi Azərbaycanda atalarını, əcdadlarını, yurdunu qoyub gəlmiş insanların vətən həsrətini mənəvi cəhətdən həll etdi. Əminik ki, bu, yaxın vaxtlarda reallaşacaq. Çünki Azərbaycan xalqı öz yenilməzliyini göstərib. İlham Əliyev Azərbaycan tarixində, eləcə də dünya tarixində 30 il işğal altında olan, yalnız düşmən Ermənistanla deyil, hegemon dövlətlərlə də mübarizə apararaq qələbəyə imza atan yeganə liderdir. Azərbaycan xalqı öz liderinə inanır.

alqis.jpg (197 KB)

Biz inanırıq ki, yaxın illərdə Qərbi Azərbaycanda da xalqımızın itirilmiş hüquqlarının bərpasına nail olacağıq".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR