İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən İrəvana və erməni icmasına şifrəli mesajlar

 

Martın 9-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda iki günlük X Qlobal Bakı Forumu öz işinə başlayıb. Xəbər verildiyi kimi, tədbirin açılış mərasimində İlham Əliyev çıxış edib. Prezident çıxışında Ermənistanla sülh anlaşması və Qarabağdakı erməni icması ilə bağlı da danışıb. Bir daha sülhpərvər və multikultural dövlət kimi Azərbaycanın bölgədə ədalətli sülhdə və əməkdaşlıqda maraqlı olduğuna diqqət yönəldib.  

“İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. 5 məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər”, - deyə İlham Əliyev növbəti dəfə İrəvana çağırış edib.

“Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, - deyə Prezident qeyd edib.

Dövlət başçısı əslində bununla Ermənistan adlı saxta dövlətin xilasının, köləlikdən qurtulub suverenlik əldə edə bilməsinin tək yolunu göstərib: əsas qonşular olan Azərbaycan və Türkiyə ilə vaxt itirmədən təcili sülh anlaşmaları imzalamaq, əsassız ərazi iddialarından əl çəkmək, xarici güclərin əlində maşa olmaqdan imtina etmək.   

Prezident İlham Əliyev habelə Azərbaycanın çoxkonfessional, multietnik ölkə olduğunu, ölkəmizdə milli azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunduğunu xatırladıb, müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayıb. “Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”, - deyə vurğulayıb.

Beləcə, Azərbaycan lideri erməni icmasını da nə qədər gec deyil, düzgün seçim eləməyə, oyuncaq rejimin təbliğatına uymamağa, Bakının dialoq səylərini dəstəkləməyə səsləyib. Qısası, talelərinin öz əllərində olduğuna aydın şəkildə işarə vurub. Bunu xəbərdarlıq mesajı da adlandırmaq olar. 

Azərbaycan rəhbəri çıxışında həmçinin Ermənistanın israrla “diriltməyə” çalışdığı ATƏT-in üzdəniraq və uğursuz Minsk Qrupundan danışıb. Sitat: “1992-ci ildə, münaqişə başlayandan dərhal sonra ATƏT Minsk Qrupunu yaratdı. Amma təəssüflər olsun ki, 28 ildə heç bir nəticə əldə etmədi. Və danışıqlar prosesinin sonunda bizə elə gəldi ki, onlar sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Onlar bu münaqişənin əbədi olaraq dondurulmasını istəyirdilər. Amma biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT Nizamnaməsindən istifadə edərək lazım bildiyimizi etdik. Biz torpaqlarımızı güc yolu ilə azad etdik. Bu, bizim qanuni haqqımız idi”.

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Elçin Mirzəbəyli 

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, dünyanın gələcəyi mədəniyyətlərarası dialoqdadır. Azərbaycan hər zaman humanizm dəyələrini təbliğ, dünyada mövcud olan problemlərin həllini dialoq formasında təqdim edən bir ölkədir: “Qlobal Bakı Forumu Azərbaycanın dünyaya təqdimatı baxımından da böyük əhəmiyyət daşıyır. Biz dünyaya nümayiş etdiririk ki, dünyanın gələcəyini mədəniyyətlərin qarşıdurmasında yox, onların dialoqunda görürük. Bu mənada X Qlobal Bakı Forumuna ölkəmizin ev sahibliyi etməsinin xüsusi əhəmiyyəti var. Dövlətin beynəlxalq müstəvidə rolu onun ərazi və əhali göstəricisi ilə müəyyənləşmir. Azərbaycan ərazicə böyük və əhalinin sayına görə böyük dövlət olmasa da beynəlxalq aləmdə qlobal məsuliyyətini dərindən dərk edən dövlətdir. Qlobal Bakı Forumuna ev sahibliyi etməyimizlə də bunu bir daha dünyaya çatdırmış oluruq”.

Hikmət Babaoğlu: “Bu konfrans Azərbaycanın yaratdığı yeni reallığın qlobal  müstəvidə təqdimatı idi” | 1news.az | Xəbərlər

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu isə bakupost.az-a bildirib ki, iqtisadi təhlükəsizlik kontekstində Davos Forumu və hərbi-siyasi təhlükəsizlik kontekstində Təhlükəsizlik konfransı nə qədər əhəmiyyətlidirsə, sosial-siyasi təhlükəsizlik kontekstində Qlobal Bakı Forumu da böyük əhəmiyyətə malikdir: “X Global Bakı Forumu beynəlxalq gündəmdə olan ən aktual məsələlərin və problemlərin müzakirə olunduğu böyük beynəlxalq platformadır. Budəfəki X Global Bakı Forumu dünyada mövcud olan hazırkı çağırışlarla və ümidlərlə bağlı gündəmi özündə əks etdirən mühüm bir beynəlxalq tədbir kimi yadda qaldı. Hazırda dünya yeni nizama doğru irəlilədiyi tarixi bir yolda çox saylı problemlərlə, ziddiyyətlərlə üz-üzə qalıb. Dövlətlə bu ziddiyyətlərin aradan qaldırılması, yeni strategiyaların düşünülməsi istiqamətində ciddi addımlar atmalıdır. Bakı Forumunda 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Dünyaya yeni mesajlar verildi. Bunların bir qismi iqtisadi, bir qismi siyasi və ümumi təhlükəsizlik çağırışları idi. Dünyada mövcud olan aclıq və miqrasiya təhlükəsizliyi ilə bağlı müzakirələr də xüsusi diqqət çəkdi”.

Etibar Əliyev: Dəhlizlərdən üfunət iyi gəlir

Etibar Əliyev 

Deputat Etibar Əliyev isə bildirib ki, Qlobal Bakı Forumuna ev sahibliyi etməyimiz dünyanın diqqətini Bakıya yönəldir, dünyanın gözü Bakıdadır: “Dünyanın bu günü və gələcəyi barədə Bakıda fikir mübadiləsi aparılır.  Planetin bu günü və sabahı dövlət başçılarını, siyasətçiləri, Nobel mükafatı laureatlarını, iqtisadçıları ciddi şəkildə, daha qlobal düşündürməyə vadar edir.  Buna görə də onların bir araya gəlməsi həddindən artıq vacib məsələdir. Demoqrafiya, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, tibbin gələcəyi, gen mühəndisliyi, sülh çağrışları, kibertəhlükəsizlik, süni intellekt, kvant hesablamaları, ”ağıllı" materiallar, robototexnika, transhumanizm, yeni enerji resursları - bütün bunlar yaşadığımız əsrin əsas paradiqmalarıdır. Paradiqmaların sürətlə bir-birini əvəzləməsi yeni situasiyalar yaradır. Və mütləq şəkildə bu istiqamətlərdə fikir mübadiləsi aparılmalıdır.

Bakı Qlobal Forumu öz tutumu ilə də fərqlənir. Vaxtilə dünyanın gələcəyi barədə tədqiqatların aparılması üçün “Roma klubu” yaradılmışdı. Paradiqmalar dəyişdiyindən dünya səviyyəli bir Klubun yaradılmasına ehtiyac var. Düşünürəm ki, Forumdan irəli gələn əsas məsələlərdən biri bu olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin dünya çaplı mütərəqqi düşüncələri sayəsində dövlət başçıları, tanınmış alimlər, intellektuallar, Nobel mükafatı laureatları, məşhur iqtisadçılar yenidən bir araya gəldilər. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır. Qlobal Bakı Forumu göstərdi ki, Azərbaycan dünyada və bölgədə sülhün tərəfdarıdır və Dünyanın intellektuallarının Qlobal problemlərin həlli üçün səylərinin birləşdirilməsinə çalışır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR