İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən Gədəbəy hadisələri ilə bağlı sərt mövqe - tənqid olunan nazir cəzalandırıla bilərmi?

Azər Badamov: “Öz işinə məsuliyyətlə yanaşmayan məmurlar haqqında ölçü götürüləcək”

Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən məlum olayla bağlı da danışıb. O, məsələyə dair tam obyektiv bir mövqe sərgiləyib:

“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir.

Təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir.

Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq".

“Ancaq eyni zamanda bu hadisənin təbii səbəbi var idi. O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır”, - deyə prezident vurğulayıb: “Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qurulsun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram. İndi yenə də deyirəm, polisə daş atan utanmalıdır - öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb. Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur”.

Göründüyü kimi, Prezident Gədəbəydəki olaylarla bağlı ən incə detallara qədər məsələni öyrənib. Bu məsələdə günahı olan hər kəsin də cəzalanacağının anonsunu vermiş olub.

Təbii ki, nazirlik də istisna olmayacaq. Nazir tutduğu vəzifədən azad oluna bilərmi?

Azər Badamov: “İranla Azərbaycan arasında müharibə ehtimalının olmadığını  düşünürəm” Pravda.az

Azər Badamov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı Azər Badamov dedi ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən olaylarla  bağlı ciddi tapşırıq verdi: “Bu, bir daha dövlət başçısının ölkə vətəndaşlarını narahat edən hər bir məsələyə həssas yanaşdığının göstəricisidir. Cənab Prezident qeyd etdi ki, bu hadisənin təbii səbəbi var. Bu, orada fəaliyyət göstərən xarici şirkət tərəfindən ekologiyanın qorunmasına biganə yanaşaraq ikinci süni gölün yaradılması və müvafiq dövlət qurumunun işinə məsuliyyətlə yanaşmamasından sui-istifadə edən təxribatçı qüvvələrin söyüdlülüləri təxribata cəlb etməsi nəticəsində baş verib. Təbii ki, dövlətin hər bir qurumu öz vəzifəsinə məsuliyyətlə yanaşmalı və ictimaiyyəti narazılığa aparan belə hadisələrin baş verməsinə yol verməməlidir. Ölkə başçısı ekologiyanın qorunmasına çox həssaslıqla yanaşdığı halda müəyyən qurumların öz işinə düzgün yanaşmaması digər bir bölgədə ekoloji problemlər yaradır. Təbii ki, dövlət başçısının tapşırığına əsasən beynəlxalq ekspertlər cəlb edilməklə Söyüdlüdə ekoloji vəziyyətin təhlükəsizliyi araşdırılaraq ictimaiyyəti məlumatlandıracaqdır. Lazım gələrsə, hətta şirkətin fəaliyyəti də dayandırıla bilər. Bununla yanaşı, hesab edirəm ki, həm də öz işinə məsuliyyətlə yanaşmayan məmurlar haqqında, o cümlədən Söyüdlüdə insanları narazılığa çağıraraq ölkədəki sabitliyi pozmaq istəyən təxribatçılar haqqında da ölçü götürüləcəkdir. Amma burada bir məsələni də yaddan çıxartmalı deyilik ki, polisə daş atmaqla iğtişaşlar törətmək məsələnin həlli yolu deyil. Polis gecə-gündüz demədən ictimai asayişin keşiyində dayanır. Unutmamalıyıq ki, xaos və özbaşınalıqlara 1993-cü ildə son qoyulub. Bu gün kiminsə müəyyən məsələlərdən narazılığı varsa bunu ifadə etməyin yolları var. Bütün məsələlər hüquqi müstəvidə həll olunmalıdır”.

“Bu gün cənab Prezident İlham Əliyevin Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr ilə bağlı çıxışı sadəcə, möhtəşəmdir və Prezidentin ölkədə baş verən hadisələrə necə obyektiv, vətəndaş mövqeyindən, "hər şey Azərbaycan vətəndaşı üçündür" yanaşmasını bir daha sübut edir!"  Bunu isə millət vəkili Nurlan Həsənov özünün öz facebook hesabında yazıb.

Sevinc Hüseynova: Xalqımız Zəfər Gününü böyük qürur hissi ilə qeyd edir -  "İki sahil"

Sevinc Hüseynova

Prezidentin müşavirədəki çıxışı və Söyüdlüdəki son durum barədə Modern.az-a danışan Gədəbəyin deputatı Sevinc Hüseynova da bir çox məqamlara aydınlıq gətirib. O bildirib ki, Söyüdlü kəndində insanları narazı salan hadisə ilə bağlı müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönəldilmişdi: “Prezident İlham Əliyev dünən çıxışında çox mühüm məqamlara toxundu. Dövlət başçısı vətəndaşlarımızın sağlamlığının qorunmasının əhəmiyyətli olduğunu diqqətə çatdırdı, eyni zamanda ekologiyaya zərər vurulmaması barədə aidiyyəti qurumlara tapşırıqlar verdi”. Deputat Söyüdlüdə baş verən hadisələrdən bir neçə gün öncə kənd sakinləri ilə görüşdüyünü vurğulayıb. S.Hüseynovanın sözlərinə görə, sakinlər aksiyadan bir neçə gün əvvəl ikinci süni gölün yaradılması ilə bağlı şikayətlərini ona çatdırıblar: "Söyüdlü yatağı ilə bağlı sakinlərin mənə müraciətləri olmuşdu. Biz də həmin müraciəti aidiyyəti qurumlara yönəltmişdik. Sakinlər aksiyadan 2-3 gün öncə bizə müraciət etmişdilər. Mən Söyüdlü yatağındakı vəziyyət və sakinlərin narazılığı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdim".

Gədəbəyin deputatı hesab edir ki, Söyüdlüdə xoşagəlməz olayların yaşanmasında maraqlı qüvvələr olub: “Bəzi qüvvələr vətəndaşlarımızın ətraf mühitlə bağlı həssaslığından istifadə edərək, təxribat törətməyə cəhd edib. Eyni zamanda bu hadisələr bir daha göstərdi ki, Azərbaycan vətəndaşı ekoloji problemlərə çox həssas yanaşır. Təbii ki, bütün bunlar ölkəmizdə aparılan siyasətin nəticəsidir. Azərbaycan enerji sahəsində "Yaşıl enerji"yə çox böyük üstünlük verir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR