Onlayn ictimai-siyasi qəzet
Dünən prezident Yun Sok Yol tərəfindən həyata keçirilən xunta bərqərar etmək cəhdinə məruz qalan Cənubi Koreya 1948-ci ildə yaradılıb.
İkindi dünya müharibəsindən sonra dünyanın iki hegemon dövlətinə çevrilən ABŞ və SSRİ Koreya yarımadası bölüblər – şimal hissə sovet dövlətinin payına düşüb, cənub – ABŞ-nin.
Bu bölünmə sakitliklə, qardaşcasına olmayıb, eyni xalqın oğulları qırğına çıxıblar. Kommunist koreyalılar, hazırkı lider Kim Çen Inın babası Kim İr Senin rəhbərliyi ilə bütün yarımadaya sahib çıxmaq istərkən sovetləşdirməyə qarşı olan koreyalılar ABŞ-nin köməyi ilə yarımadanın cənub hissəsinin 100 kvadrat kilometrdən bir az çox hissəsini Moskva-Pxenyan kommunistlərinin işğalından qoruyub, öz dövlətlərini qurublar.
Yarımadanın ərazisinin təxminən 60 faizdən çoxu (122, 762 kvadrat kilometr) Şimali Koreyaya qalıb. Bununla belə, Cənubi Koreyanın əhalisi Şimali Koreyanınkından iki dəfə çoxdur. Yarımadanın şimalında 26 milyo+ insan yaşadığı halda, cənubunda 52 milyon+ insan yaşayır.
Bu “bir millət-iki dövlət”in ÜDM göstəriciləri isə belədir: Şimali Koreyada 40 milyard dollar (adambaşına 1800 dollar), Cənubi Koreyada – 2.924 trilyon dollar (adambaşına 56, 206 dollar). Başqa sözlə, Cənubi Koreya öz 52 milyonluq əhalisi ilə Şimali Koreyadan 73.1 dəfə (!) varlıdır.
Bu, həm də iqtisadi inkişafa SSRİ və ABŞ-nin yanaşmasının göstəricisidir. Moskva yarımadanın şimalında özünə oxşayan planlı sosialist təsərrüfatları yaradanda, ABŞ də cənubda bazar iqtisadiyyatı prinsip və rıçaqlarını işə salıb. Nəticə göz önündədir.
Əslində Moskva və Pxenyan kommunistlərinin rəhbərliyi ilə vahid Koreya dövləti yaradılsaydı, həmin dövlət bu gün təxminən indiki kimi olardı, cənubda yaşayan və adambaşına ildə 56 min dollar qazanan cənublular da şimallı qardaşları kimi 1800-2000 dollarla kifayətlənərdilər.
Vahid Koreya dövləti ruslarsız və yerli kommunistlərsiz, amma Amerikanın patronajlığı ilə qurulsaydı, o zaman həmin dövlət hazırda paytaxtı Seul olan dövlətdən daha güclü olardı. Ən azı, orduya, silaha xərclənən böyük pullar daha səmərəli istifadə olunar, ölkə iqtisadiyyatı daha da güclənərdi.
Ancaq vahid Koreya dövləti həm SSRİ-nin, həm də ABŞ-nin, eləcə də Çinin, Yaponiyanın müdaxiləsi olmadan təsis edilsəydi, heç cür bilmək olmaz ki, o ölkənin dünyadakı yeri, əhalisinin firavanlığı, dövlətin ÜDM-ü necə olardı. İqtisadi inkişafa görə, bəlkə də Çinə oxşayardılar, amma totalitarizmə meyllilikdə geri qalmazdılar.
Çünki hər ölkənin, xalqın demokratiyaya, azad seçkilərə, ədalətə hazırlığı və yanaşmaları fərqlidir. Şimali Koreya totalitarizmdə, avtoritarizmdə, hərbi diktaturada SSRİ-nin ən qəddar dövrlərinə şükür oxutduğu halda, Cənubi Koreyadakı demokratiyanın, azadlığın, ümumiyyətlə, dövlət düzəninin indiki durumu sırf ABŞ-nin nəzarətinin, iradəsinin məhsuludur. Vaşinqton Seulu özbaşına buraxsaydı, yəqin ki, Koryanın cənubundakı dövlət şimalındakından çox da fərqlənməzdi.
1960-cı illərdə Cənubi Koreya da regionun ən yoxsul ölkələrindən biri olub, ancaq o vaxtdan sonra cənublular hərtərəfli inkişaf yoluna qədəm qoyublar.
İki dövlətə ayrıldıqları bu 74 ildə Şimali Koreyada hakmiyyət dəyişikliyi olmayıb. 1945-ci ildən bəri Pxenyanda hakimiyyətdə hansı partiya idisə, indi də odur. Yeganə fərq hakimiyyətin liderinin ad-soyadındakı iki-üç hərfdir. Baba Kim İr Seni oğul Kim İr Çen əvəz edib, onu da - Kim Çen In.
Cənubi Koreyada isə 13 prezident, 34 baş nazir dəyişib, siyasi partiyalar hakimiyyətdə bir-birini əvəz edib.
Fəqət bu ölkənin siyasi həyatı təlatümlü olub – dağılan koalisiyalar, kütləvi istefalar, impiçmentlər, prezidentlərin, baş nazirlərin məsuliyyətə cəlb edilməsi, həbsə alınmsı, cürbəsür siyasi böhranlar...
Elə hazırkı prezident Yun Sok Yolun ölkədə tətbiq etdiyi fövqəladə vəziyyət də məhz özünün impiçment təhlükəsinə məruz qalması ilə bağlıdır. Prezident müxalifəti “Şimali Koreyaya işləmək”də şərləyərək öz siyasi karyerasını xilas etməyə, özünü parlamentarların mühakiməsindən qorumağa çalışır.
Şimali Koreyanın nə gündə olduğunu bilən hansı cənublu Pxenyana rəğbət bəsləyə, ona işləyə bilər? Məntiq sıfırdır. Cənubi Koreya firavanlğına görə dünyanın 10 ölkəsindən biridirsə, Şimali Koreya “ilk onluq”da olmaq göstəricisinə yoxsulluğa dair reytinq cədvəllərində yer alır.
Ancaq böyük ehtimalla 1991-ci ildə SSRİ-də “QKÇP” qiyamı təşkil edən sovet rəhbərliyi kimi davranan prezident Yun Sok Yol öz niyyətinə çata bilməyəcək. İndiyə qədər Cənubi Koreyanı qoruyan, inkişaf etdirən dünya gücləri onu yun kimi didəcək, düzgün yolu göstərəcəklər.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ