İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident “Vardanyan layihəsi”ni faş etdi - “Moskvanın adamı ilə danışmayacağıq!...”

Bakı erməni oliqarxın əli ilə Rusiyanın Qarabağda nə qaynatmaq istədiyini əla bilir; analitiklər deyirlər ki...

“Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın bir gündəliklə göndərilib”.

“Yeni Müsavat” xatırladır ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib.

“Bir sözlə, bir daha deyirəm ki, biz onların əməllərini sözlərlə deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab almışınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir. Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir”, - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər: “Fikrimcə, bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və ”Əl-Qaidə" kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox.

Lakin cənab Paşinyan bu sözləri istifadə edərkən bilməlidir ki, biz bunu eşidirik. O, bizim reaksiyamızın necə olacağı barədə düşünməlidir. Bir sözlə, məsələ asan deyil. Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır".

Prezident İlham Əliyev Rusiyanın çoxməqsədli “Vardanyan layihəsi” haqda ilk dəfədir ki, danışır. Bu həm də o anlama gəlir ki, rəsmi Bakı erməni oliqarxın əli ilə Rusiyanın Qarabağdakı anklavda nə qaynatmaq istədiyindən əla xəbərdardır. Eləcə də qondarma “Rus icması” projesindən. Prezidentin sözlərini bu xüsusda Bakının həmin projelərə cavab tədbirlərinin qaçılmaz olduğunun anonsu da saymaq mümkündür. Elə isə Moskva deyiləndən nəticə çıxaracaqmı?

Yada salaq ki, son vaxtlar Rus KİV-lərində, xüsusən də hökumətə yaxın KİV-də Vardanyanın gen-bol təbliği gedir. Verdiyi bütün müsahibələrdə isə o, Azərbaycan əleyhinə danışır, mifik “artsax”ı “ölkəm” adlandırır, qısası, suverenliyimizə və ərazi bütövlüyümüzə meydan oxuyur.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, cümlənin birinci hissəsində həm Vardanyana, həm də onu Qarabağa göndərən Moskvaya mesaj var ki, rəsmi Bakı onunla danışmayacaq: “Cümlənin ikinci hissəsindəki ”Qarabağda yaşamaq istəyənlərlə dialoq qurulacaq" isə o deməkdir ki, Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan qanunlarını qəbul etməlidir, əks halda bölgəni tərk etməli olacaqlar. İlham Əliyev Qarabağ erməniləriylə dialoqun başlandığını deyib. Bu, mürəkkəb proses olacaq. Çünki Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilərə silahlı separatçılar, Ruben Vardanyan və Qarabağdakı rusiyalı hərbçilər mane olmağa çalışacaqlar. Qarabağın tamamının Azərbaycan qanunlarına tabe olmaması məsələsində bu qüvvələrin marağı eynidir. Bunun həll yolu Rusiya hərbçilərinin bölgədən çıxarılmasından və separatçıların tərksilah edilməsindən keçir".

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Prezident İlham Əliyev Rusiyaya mesaj verdi ki, “Vardanyan planı”na imkan verilməyəcək: “Qərbə izah etdi ki, Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma rusların planına uyğun deyil və ermənilərlə təmasa mane olan da Moskvadır. Əsas məqam Prezidentin Vardanyan məsələsini niyə indi və Avropa İttifaqı elçisini qəbul edərkən dilə gətirməsidir. Qərb Qarabağdakı ermənilərlə Bakının təmaslar yaratmasını dəstəkləyir və bununla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını istəyir. Bu təklifi Bakı da qəbul edir, lakin separatçı-terrorçu rejimlə yox, erməni əhalisi ilə və mövcud situasiyada beynəlxalq mexanizmin indi yaradılmasını istəmir”.

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı

Ekspert hesab edir ki, təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılması separatçı-terrorçu rejimin “erməni əhalisinin nümayəndəsi” kimi qəbul edilməsi deməkdir, Bakı bunu qəbul etmir: “Bakının bunu qəbul etməyəcəyini bildikləri üçün Vardanyanı Xankəndinə gətirdilər, qondarma ”dövlət naziri" etdilər və istisna deyil ki, təmaslar planlaşdırdıqları kimi baş tutarsa, Araik oyundan çıxarılacaq, Vardanyan “erməni əhalisinin təmsilçisi” kimi masaya əyləşdiriləcək. Xankəndidə təşkil edilən təxribat mitinqi də buna hesablanmışdı. Vardanyanın gətirilməsi həm də Azərbaycanın “cinayət işi açdığı separatçıların rəhbərləri ilə təmas qurmaq istəməməsi” arqumentinə qarşı hazırlanmış plandır. Planı quran və icra edən Rusiyadır, lakin Ermənistan və erməni diasporu, lobbisi də ortaqdır, Fransanın da bu prosesdə maraqlı tərəf olduğu bəllidir. Əliyevə Qərb məhz bunun mesajını verdi ki, Rusiya erməni əhalisi ilə təmaslar üzərindən oyun qurur, bunu qəbul etməyəcəyik".

Ermənistanı 500 min nəfər tərk edə bilər – Ruben Vardanyan

Ruben Vardanya

Deputat Zahid Orucun dediyinə görə, ölkə başçısının belə bir görüşdə Ruben Vardanyanın şəxs kimi özünə və üzərində qurulan planlara verdiyi qiymət çox mühümdür: “Vardanyanın ifasında əvvəlcə Xankəndidəki ermənilərin təşkilatlandırılması, birləşdirilməsi, ardınca onun Ermənistana transfer edilərək Paşinyanın yerinə gətirilməsi ssenarilərinin masa üstündə olması mümkündür. Hər bir halda təhlillər onu göstərir ki, Vardanyanın Paşinyanın gəldiyi kimi İrəvanın küçələrindən siyasi dövriyyəyə buraxılması mümkün olmadı. Çünki erməni cəmiyyəti onu, belə demək mümkündürsə, gül-çiçəklə qarşılamır. İlham Əliyevin qeyd etdiyi kimi, o, rus xalqının vergilərini oğurlamaq hesabına böyük vəsait yığıb və bir milyard dollardan artıq kapitalının olduğu deyilir. Şübhəsiz ki, bu vəsait yalnız onun ola bilməz, burada Rusiya elitasının payı var. Buradan belə bir nəticə çıxır ki, əgər hədəf həqiqətən Ermənistandırsa, bunu fərqli ssenarilər ilə gerçəkləşdirə bilərlər”.

Erməni əsilli tanınmış rusiyalı kinorejissor Karen Şahnazarov isə Axar.az-a bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bu ilin sonunadək bağlanacağına dair xəbərlər yayılanda çox sevinmişdi: “Amma hadisələrin hazırkı gedişatı onu göstərir ki, proses uzana bilər. Bunun üçün çox mühüm səbəblər var. Hazırda Cənubi Qafqaza maraq bir anda bir neçə dünya gücü tərəfindən izlənilir - Rusiya, Qərb (ABŞ başda olmaqla), İran, Türkiyə... Onların hamısının bu regionda öz marağı var və hərə öz marağını qorumağa, yeritməyə çalışır. Bu halda Bakı və İrəvan siyasi manevrlər etməyə məcbur qalır. Bu, çox qəliz proseslərdir. Amma mən həmişə Azərbaycan ilə Ermənistan arasında sülhün olacağına inanmışam. Açığını deyim, düşünürəm ki, bu siyasi oyunlar olmasaydı, sadə azərbaycanlılar və ermənilər öz aralarında çoxdan anlaşardı. Amma bu proseslər belə sadə yolla gedə bilməz. Bu artıq indiki dünyanın qayda-qanunudur”.

Rejissorun sözlərinə əsasən, bu ilin sonunda olmasa da, gələn il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq: “Başqa cür ola da bilməz. Çünki Azərbaycan və erməni xalqları yanaşı yaşamağa məhkumdurlar, gec-tez bu xalqlar öz aralarında dil tapacaq. Bu, asan olmayacaq, amma artıq Bakı və İrəvan bu yolda ilk addımlarını ata bilib”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR