Onlayn ictimai-siyasi qəzet
Pakistanla əlaqələrdən danışan hərbi ekspertlərə görə, artıq bu yöndə addımlar atılıb
Xəbər verildiyi kimi, iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan səfəri zamanı onu aparan təyyarəni qardaş ölkənin səmasında bu dövlətin qırıcıları müşayiət edib, Azərbaycan liderinə məxsusi sayğının əlaməti olaraq.
Bu hansı nəsil qırıcılar idi? Onlardan Azərbaycanın hərbi arsenalında da varmı? Nəzərə alsaq ki, ölkəmizin silah tədarükçülərindən biri də Pakistandır. Qırıcıların texniki, üstün göstəriciləri nədir?
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Pakistanla əlaqələrin böyük önəm daşıdığını qeyd etdi: “Pakistan Türkiyədən sonra ikinci ölkədir ki, Azərbaycanla hərtərəfli əməkdaşlıq aparır, siyasi, iqtisadi, mədəni, humanitar və ən çox da hərbi sahədə. Pakistan nüvə silahına malik yeganə müsəlman ölkəsi kimi həm də bizə yaxın dövlətdir. Bu ölkənin çox böyük imkanları var. Əlindəki imkanlarla çox böyük şanslara sahibdir. Əhalisinin sayı, ordusunun gücü və dünyadakı nüfuzu çox şey deyir. 44 günlük Vətən müharibəmizdə Azərbaycanın yanında olması, ölkəmizi birmənalı şəkildə dəstəkləməsi, qardaş Türkiyə ilə münasibətlərini yüksək səviyyədə qurması bizlər üçün böyük üstünlükdür. Türkiyə ilə bərabər Azərbaycan Pakistanla ən yaxın əlaqələr quran müsəlman ölkəsidir.
Emin Həsənli
Bu əlaqələr get-gedə dərinləşir. Bunun da tarixi səbəbləri var. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dönəmində Pakistana səfəri, eləcə də, Pakistan prezidentinin və baş nazirinin Bakıya ard-arda səfərləri, Pakistanda Heydər Əliyev Fondunun məktəb tikməsi, Pakistana humanitar yardımların edilməsi dövlətlərarası əlaqələrin, sadəcə, nə qədər sıx və yaxın olduğunu göstərir.
Pakistanda türklər, azərbaycanlılar yaşayıb, müəyyən vaxtlarda idarəetmədə də olublar. Hər keçən gün hərbi əməkdaşlıq da dərinləşir. Pakistan hərbi məktəblərində gənclərimiz təhsil alırlar, birgə hərbi təlimlər keçirilir. Pakistanın hərbi potensialına və silahlarına ehtiyac var. Cənab Prezidenti müşayiət edən qırıcılar da yaxın zamanlarda Azərbaycanın hərbi arsenalında olacaq. Bu cür əməkdaşlıqlar dövlət maraqlarımıza tam uyğundur. Regionda və dünyada sülhün və təhlükəsizliyin qorunması üçün bu vacibdir".
Rövşən Məhərrəmov
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov yaxın gələcəkdə bu qırıcı təyyarələrin Azərbaycanın hərbi arsenalında olacağına inanır: “Cənab Prezident iyulun 11-də Pakistana səfər edən zaman bir nömrəli bortu aparan təyyarəni qardaş ölkənin səmasında bu dövlətin iki növ qırıcıları müşayiət edirdi. Sağ tərəfdə F16-lar, sol tərəfdə isə Pakistan istehsalı olan JF-17C təyyarələri idi. Bu təyyarələri özləri istehsal edir.
F16-lar isə bilirsiniz ki, Amerikada istehsal olunur və Pakistanın arsenalında var. JF-17C-lər Pakistanda 4+ nəsil gedir. O təyyarələr Azərbaycanda yoxdur. Amma o istiqamətdə danışıqlar gedir. Həmin təyyarələri Azərbaycan yəqin ki, gələcəkdə əldə edəcək. Onlar həm qırıcı, həm də bombardmançı təyyarələrdir. Bunun üstünlüyü Cənubi Qafqaz üçün əlverişlidir. JF-17C-lər də radardan yayınma xüsusiyyətlərinə malikdir. Ərazimiz çox böyük olmadığına görə normal sürət yığa bilir. Böyük həcmdə ərazisi olan yerlərdə bu tipli təyyarələrdən istifadə etmək çətindir. Amma bizdə bu təyyarələrin manevr imkanları böyükdür. Gələcəkdə bu təyyarələrin əldə olunması istiqamətində addımlar atılıb və bunun nəticələrini görəcəyik. Onu da biləsiniz ki, Azərbaycanla o təyyarələri əldə etmək üçün kontrakt var".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ