Onlayn ictimai-siyasi qəzet
Azərbaycan daim üzvü olduğu beynəlxalq və regional təşkilatlar daxilində əməkdaşlığın, qarşılıqlı etimad və iqtisadi münasibətlərin bərabərhüquqlu əsaslar üzərində dərinləşdirilməsinə çalışır. Müstəqilliyimizi əldə etdiyimiz 31 ildə Bakı xarici siyasətini müstəqil qurmaqla, bu və ya digər ittifaq və təşkilatlarda təmsilçilik məsələsinə xüsusi həssaslıqla yanaşıb. Bu gün Azərbaycan müstəqil siyasətinə xələl gətirəcək, onu hər hansı formada məhdudlaşdıracaq birliklərdən uzaq dursa da, regional iqtisadi əməkdaşlığa töhfə verə biləcək təşkilatların işində ən fəal şəkildə iştirak edir. Belə təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır.
Bu gün Daşkənddə ECO-nun 16-cı zirvə toplantısı keçirilib. Toplantıda iştirak edən Prezident İlham Əliyev çıxış edərək, Azərbaycanın bütün Təşkilat üzvləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrə açıq olduğunu bildirib.
Qeyd edək ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub.
Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir;
Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
Azərbaycan ECO üzvü olan ölkələrlə ikitərəfli, həmçinin müxtəlif beynəlxalq və regional əhəmiyyətli layihələr çərçivəsində çoxtərəfli və geniş əməkdaşlıq əlaqələrinə malikdir. Belə ki, Bakı hər biri ilə ayrılıqda ən sıx münasibətlər qurduğu QCO üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə ilə həm də Dövlətləri Təşkilatı çərçivəsində çox səmərəli qardaşlıq, dostluq əlaqələrinə malikdir. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib. Qazaxıstan tərəfindən maliyyələşdirilən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.
Azətbaycanın Pakistanla münasibətləri siyasi, iqtisadi və hərbi müstəvidə ən yüksək səviyyəyə çatıb. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan xalqı qardaş Türkiyə ilə bərabər həm də Pakistan dövlətinin böyük dəstəyini gördü.
Özbəkistan, Qazaxıstan və Türkiyə ilə Azərbaycan həm də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin Transxəzər marşrutu üzrə sıx əməkdaşlıq edir. Ölkəmiz bu marşrutla getdikcə artan yükdaşımaların ən qısa müddətdə reallaşması üçün öz infrastrukturunun potensialını sürətlə artırır. Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Buna nail olmaq üçün dəmiryol xəttinin Gürcüstan hissəsində zəruri təkmilləşmələrin aparılması üçün 100 milyon dollar güzəştli kredit ayırıb. Bakı eyni zamanda Xəzər dənizi sahilindəki Ələt dəniz limanının ötürücülük gücünü 25 milyon tona çatdırmaq üçün zəruri vəsaitləri ayırıb, artıq bu istiqamətdə işlərin mühüm hissəsi həyata keçirilib. Yüklərin dəmiryolu ilə Gürcüstana mümkün qədər qısa müddətdə çatdırılması üçün Ələtdən Qərbə doğru dəmiryollarında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Həmçinin Ələtdə azad iqtisadi zonanın yaradılması prosesi uğurla davam etdirilir.
Rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Artıq hər iki yolun fiziki tikinti işləri həyata keçirilir. Bu, Xəzərin o tayından gələcək yüklərin bir qisminin İran, Naxçıvan və Türkiyə üzərindən Avropaya ötürülməsinin təmin olunmasına imkan verəcək.
Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Bu layihə çərçivəsində Bakının Tehranla çox səmərəli əməkdaşlığı qurulub. Azərbaycan öz dəmiryollarını İran dəmiryolları ilə əlaqələndirmək üçün Astara-Astara dəmiryol xəttinin çəkilməsi, Araz çayı üzərindən dəmiryol körpüsünün, İran Astarasında yük terminallarının tikintisini tam başa çatdırıb. Hazırda Araz çayı üzərində yeni və daha geniş avtomobil körpüsünün tikintisi davam etdirilir. Bundan əlavə, Rəşt-Astara dəmiryol xəttinin tikintisinə dəstək verilir. İran üzərindən axını artacaq yüklərin vaxtında daşınmasını təmin etmək üçün Bakıdan Astaraya, həmçinin Bakıdan Rusiya sərhədinə qədər olan dəmiryol xətləri tamamilə yenidən qurulur.
Prezident çıxışında Azərbaycanın ECO Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmən təsdiqlənməsini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. 2022-ci ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in reallaşması üçün sürətlə işlər görülür. Avropa Komissiyası sazişdə nəzərdə tutulan Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayır. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşən əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.
Bu ilin iyulunda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq. Bundan əlavə, layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib.
Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Artıq Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpa olunan enerji mənbələri üzrə 4 QVt gücündə “Meqa” layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış İcra müqavilələrinin birinci mərhələsini əhatə edir. “Masdar” şirkəti ilə reallaşdırılacaq bu layihələr 2030-cu ilədək Azərbaycanın elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 33 faizədək yüksəlməsi hədəfinə çatılmasında mühüm rol oynayacaq. Eyni zamanda Avropaya ötürüləcək enerji həcmlərinin təmin olunmasına əhəmiyyətli təsir göstərəcək.
Bundan əlavə, Azərbaycanın azad olunan əraziləri, həmçinin Naxçıvan yazıl enerji zonası elan edilib: enerji təminatı bütünlüklə bərpa olunan mənbələrdən təmin olunacaq: “Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək”.
Göründüyü kimi, Azərbaycan bütün müstəvilərdə üzərinə götürdüyü öhdəliklərə əməl edir. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın etibarlı tərəfdaş olduğunu həmişə etiraf edirlər. Rəsmi Bakı ECO-nu üzv dövlətlərlə tərəfdaşlığın inkişafı üçün əlverişli müstəvi olaraq görür və bu müstəvidə ən aktiv iştirakçılardan biridir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ