İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevin Fələstin mesajı - rəylər

Politoloq: “Bu, təkcə Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərgilənməsi yox, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır”

Azərbaycan Prezidenti İlham Əliyevin şənbə günü Misirə səfəri çərçivəsində Fələstinə yönəlik verdiyi açıqlamalar günlərdir ki, gündəmdən düşmür. Ölkə başçısı açıq şəkildə Fələstinlə bağlı öz dövlətinin mövqeyini bir daha ifadə etdi. 

Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib.

“Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır”, - deyə cənab prezident bildirib. 

HƏMAS-İsrail müharibəsinin davam etdiyi bir zamanda verilən bu açıqlamalar daha çox diqqətləri çəkdi və böyük rəğbətlə qarşlandı. Gündə yüzlərlə körpənin Qəzzada qətlə yetirildiyi bir vaxtda belə bir mövqenin sərgilənməsi alqışlanır. 

Kamaləddin Qafarov: “Yaşıl enerji ölkəmiz üçün prioritet istiqamətlərdən  biridir” | 1news.az | Xəbərlər

Kamaləddin Qafarov

Milli Məclisin deputatı Kamaləddin Qafarov məsələ ilə bağlı bunları deyib: “Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində daim Misirin ölkəmizə dəstək verdiyini xüsusi qeyd etdi. Azərbaycanın sədrliyi nəticəsində Qoşulmama Hərəkatı daha böyük imkanlara malik olub. Azərbaycanın hərəkata sədrliyi dövründə daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması ilə bağlı olub. Cənab Prezident bu xüsusda dövlətimizin prinsipial mövqeyini bir daha vurğulayaraq bildirdi ki, müstəqil Fələstin dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan hər zaman bütün dünyada sülhün tərəfdarı və təbliğatçısı kimi çıxış edib. Dövlət başçımız Misirdə verdiyi bəyanatında da bir daha bildirdi ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalı, müharibəyə son qoyulmalı və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır” .

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli: “Fələstinlə bağlı Azərbaycanın rəsmi mövqeyini Prezident Əliyev bir daha açıqladı - Fələstin müstəqil dövlətdir, paytaxtı da Şərqi Qüdsdür. Azərbaycanın illərdir ki, Fələstinlə bağlı mövqeyi dəyişməzdir, birmənalıdır. Ötən ilin oktyabrında növbəti Fələstin-İsrail müharibəsi başlayandan biz də birmənalı şəkildə hər kəsə Azərbaycanın Fələstinlə bağlı yuxarıda qeyd edilən mövqeyini xatırladırdıq. Ələxsüs da o kəslərə xatırladırıq, hansı ki Prezident Əliyevin siyasətini dəstəklədiklərini bildirirlər. Biz də müxalifət olaraq elələrinə çatdırmağa çalışırdıq. Prezident Əliyevin Fələstinlə bağlı mövqeyi də bəllidir. Üstəlik, xatırladırıq ki, təbii müttəfiqimiz Türkiyənin də bu məsələdə dispozisiyası məlumdur. Güman edirik ki, dövlət başçısı bir daha Fələstinə dəstək mövqeyi sərgiləyəndən sonra televiziya və internet kanallarımız da rəsmi kursa uyğun hərəkət edəcəklər. Fələstində bütün dünyanın gözü qarşısında bir insanlığın, xalqın faciəsi baş verir”.

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlunun sözlərinə görə, Prezident İlham Əliyevin Qahirədə Fələstinlə bağlı açıqlaması bir neçə aspektdən maraqlı idi: “Azərbaycan Prezidenti Fələstin münaqişəsi ilə bağlı yeni bir söz demədi, dedikləri Azərbaycan dövlətinin rəsmi mövqeyidir və bu, illərdir dəyişmir. Ancaq iyunun 8-də Qahirədə verilən bəyanat o idi ki, bu, həm də müsəlman ölkələrinə yönəlmişdi. Bilindiyi kimi, son zamanlar Azərbaycanın İsraillə əlaqələri daha tez-tez gündəmə gətirilir, hətta keçənlərdə Türkiyədə SOCAR-ın binası qarşısında aksiya təşkil olunmuşdu. Prezident İlham Əliyevin bəyanatı həm də bu dairələrə cavab idi. Digər tərəfdən, Azərbaycanın dövlət başçısı Qahirədə Misirin sülh səylərini dəstəklədiyini vurğuladı və münaqişənin həllində Misirlə ortaq baxışa malik olduğunu qeyd etdi. Bilindiyi kimi, Misir də Azərbaycan kimi İsraillə siyasi-diplomatik əlaqələrə malik dövlətdir və hazırda Qəzza müharibəsi ilə bağlı sülh prosesini Misir aparır. Yəni biz bu məsələdə beynəlxalq hüquq və BMT qərarlarını və Misirin apardığı sülh prosesini dəstəkləyirik”.

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Azərbaycanın dövlət siyasətində Fələstin məsələsinə daim diqqət etdiyini qeyd etdi: “Çıxışında Qəzzada baş verənləri faciə adlandıran Prezident müharibənin dayandırılması, danışıqların başlanması çağırışı etdi. Azərbaycan müstəqillik və Qüds məsələsində Fələstinə daim dəstək verib, həmçinin bu ölkəyə iqtisadi yardımlar da edib. İsraillə münasibətlərdə də Fələstin amilini nəzərə alıb. Misal üçün, İsraildə səfirliyimizin açılış mərasimində iştirak edən xarici işlər naziri ardınca Fələstinə səfər etdi. Buna rəğmən, Fələstin məsələsinə görə rəsmi Bakını zaman-zaman ittiham altına salmaq cəhdləri edilir, xüsusilə İran bu prosesdə aktivdir. Son olaraq, İstanbulda Fələstin bəhanəsi ilə SOCAR-a hücumda da İrana bağlı qruplar iştirak edirdi. Ümumiyyətlə, Fələstin məsələsi İran tərəfindən İsraillə qarşıdurmada alət olaraq istifadə edilir. Bu "aləti" mütəmadi olaraq Azərbaycana qarşı da yönəltməyə çalışırlar. Əliyevin bəyanatı isə təkcə Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərgilənməsi yox, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR