İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev: Azərbaycan azad olunan ərazilərdə keyfiyyət və sürəti birləşdirməyi hədəfləyir

Azərbaycan işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərinə beynəlxalq qurumların, xüsusilə BMT və onun müxtəlif strukturlarının cəlb olunması üçün geniş fəaliyyətlər həyata keçirməkdədir. Bu baxımdan, BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Yaşayış Məskənləri Proqramı 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın (I HABITAT konfransı) nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. Təşkilatın baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşir. UN-HABITATIN icraçı direktoru malayziyalı xanım Maimuna Mohd Şərifdir. Xanım Maimuna Mohd Şərif 2022-ci ilin martında ölkəmizdə səfərdə olub, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində icraçı direktor işğaldan azad edilmiş Ağdam şəhərində olub.

prezident_bmt_qebul_050322_001.jpg (101 KB)

1996-cı ildə İstanbulda keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı”na dair II HABITAT konfransında “Məskunlaşma Gündəliyi” qəbul edilib. “Məskunlaşma Gündəliyi”nin əsas məqsədi hər kəs üçün adekvat sığınacaq və şəhərləşən dünyada dayanıqlı insan məskunlaşmasının inkişafından ibarət olub. 2016-cı ildə keçirilmiş III HABITAT konfransında “Yeni Şəhər Gündəliyi” adlı sənəd qəbul edilib. Gündəliyin əsas hədəfləri arasında gecəqondularda yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, təmiz içməli su və sanitar şəraitin təmin edilməsi mühüm yer tutur.

UN-HABITAT 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir.

magnaura-tours-the-other.jpg (39 KB)

UN-HABITAT donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir. 2009-cu ildə Şri-Lankadakı münaqişənin başa çatmasından sonra UN-HABITAT 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib.

Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. İlk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertinin cəlb olunması ilə bağlı danışıqlar aparılır.

Yeri gəlmişkən, Azərbaycan bu yaxınlarda təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı edib.

w_1716463964751711620484_1000x669.jpg (481 KB)

Beləliklə, aydın olur ki, Azərbaycanın bu qurumla əməkdaşlığı işğaldan azad olunan ərazilərin bərpasına müasir səviyyəli mütəxəssislərin cəlbi, ərazilərdə məskunlaşma zamanı müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əhəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatdakı çıxışında xüsusi qeyd edib. Bildirib ki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Azərbaycan hökuməti ölkədə urbanizasiya problemini həll etmək, böyük şəhərlərdə əhalinin rahat yaşam şərtlərini təmin etmək üçün mühüm işlər görüb. Xüsusilə ən böyük şəhər, həm də paytaxt olan Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub: “Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir”.

7e28664875c99ba76e4ab9813ec5755e (1).jpg (201 KB)

Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərində yaşayış məskənlərinin bərpası kimi çox böyük və əsaslı bir prosesi həyata keçirir. Bu zaman əsas diqqət azad olunan ərazilərdə şəhərlərin ən müasir texnologiyalar əsasında salınması, ərazinin tamamilə yaşıl enerji ilə təmin olunması kimi istiqamətlərə yönəldir: “Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir”.

agali1.jpg (464 KB)

Ərazilərin bərpası və yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir: “Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır”.

Prezident xüsusi vurğulayıb ki, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir: “Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib”.

ilham76557.jpg (96 KB)

Azad olunan ərazilərdəki dağıntıların miqyası isə bütün dünyada təəccüb doğurur: “Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər”.

agdam_city_21120_9jpg-1611348918.jpg (254 KB)

Azərbaycan bərpa prosesi ilə bərabər onların təkrarlanmaması üçün bölgədə dayanıqlı sülhün olmasına çalışır: “Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR