Onlayn ictimai-siyasi qəzet
Vergi müfəttişləri kamuflyaj olub, müştəri kimi dükanlara yaxınlaşacaqlar
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Card to card” (Kartdan karta) üsulu ilə bağlı sahibkarlara müraciət edib. Müraciətdə bildirilib ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.
“Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanunazidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.
Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır", - deyə müraciətdə qeyd olunub.
Azərbaycanda, xüsusilə metro stansiyalarının ətrafında sıx yerləşmiş dükanların bəzilərində POS-terminal aparatlarının olmadığı, hətta olsa belə, bəzi hallarda müştərilərin tələbi ilə istifadə olunduğu heç kəsə sirr deyil. “İnternet yoxdur deyə aparat işləmir”, “ POS-terminal xarab olub, təmirdədir” kimi bəhanələri də az eşitməmişik. Bəzi dükanlarda isə ümumiyyətlə, POS-terminal yoxdur, müştəri kartla ödəniş etmək istəyirsə, satıcıdan “karta göndərə bilərsiniz?” sualını eşidir. Üstəlik, POS-terminal olsa belə, ödəniş edildikdən sonra qəbz ƏDV-siz şəkildə təqdim olunur. Bu barədə mətbuatda da çox sayda şikayət, məqalə dərc olunub.
Sözsüz ki, sahibkarlar vergidən yayınmaq üçün bu üsullara atırlar. Bəs görəsən, cərimə mexanizmi vergidən yayınma kimi ciddi qanun pozuntusunun qarşısını ala biləcəkmi?
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a şərhində bildirdi ki, kartdan-karta ödəniş edildikdə sahibkar vergidən yayınır, POS-terminalla əməliyyat aparıldıqda isə vergidən yayına bilmir: “POS-terminal sahibkarların VÖEN və bank hesabına bağlı olduğu üçün vergidən yayına bilmirlər. "Kartdan-karta" əməliyyat isə nağd ödənişin formasıdır. Hökumət də ödəniş qaydasının pozulmasına qarşı sanksiyalar tətbiq edir. Xüsusilə iaşə obyektləri, kiçik dükanlar üçün 6 min manat cərimə böyük məbləğdir. Əgər maliyyə sanksiyaları yetərli olmasa, dövlət səyyar vergi yoxlaması açır. Bu isə digər vergi öhdəliklərini ortaya çıxara bilər. Vergi Məcəlləsinin pozulmasına görə məsələ cinayət məsuliyyətinə cəlb edilmə və şəxsi əmlakın müsadirəsi ilə nəticələnə də bilər. 1-ci dəfə yol verildikdə 1000 manat, 2-ci dəfə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyaları inzibati xarakterlidir. Əgər vergidən yayınma mütəmadi hal alırsa, səyyar vergi yoxlaması ilə əvvəlki dövrdə yol verilmiş vergidən yayınma hallarını üzə çıxarmaq mümkündür. Vergidən yayınma ilə mübarizədə ən effektiv yol cərimədir. Yəqin ki, vergi müfəttişləri kamuflyaj olub, müştəri kimi dükanlara yaxınlaşacaqlar. Bir sözlə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq məqsədi ilə müraciət yayımlayıb. İstənilən halda, sahibkarların vergi ödəməsi daha məqsədəuyğun olar. “Kartdan-karta” ödəniş çox yayıldığı üçün hökumət artıq ciddi xəbərdarlıq edir. Vətəndaşlar da buna razılıq verməməli, əksinə, bu üsulla ödəniş etməklə hüquqlarının pozulduğunu aydın başa düşməlidir. Vətəndaşların öz hüquqlarını qoruması üçün mexanizmlər çoxdur. Qanun pozuntusunu görən vətəndaş Vergi Xidmətinə şikayət edə bilər".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ